Yağış yağsa, bu evlər çökəcək! - Masazırda biabırçı inşaatın pərdəarxası VİDEO

Bu gün, 00:10           
Yağış yağsa, bu evlər çökəcək! -
Abşeron rayonunun Masazır qəsəbəsində şəhərsalma normativlərinə və təhlükəsizlik qaydalarına əməl olunmadan fərdi yaşayış evlərinin inşa edildiyi iddia olunur.

Bu barədə məlumat ərazidə yaşayan sakinlər tərəfindən Patrul.az-ın qaynar xəttinə daxil olub.

Bildirilib ki, qəsəbənin Aşıq Alı küçəsində yerləşən 8 sotluq boş torpaq sahəsində eyni anda 8 fərdi yaşayış evinin inşasına başlanılıb.

Lakin sakinlər iddia edirlər ki, tikinti işləri mövcud şəhərsalma normalarına, təhlükəsizlik qaydalarına və inşaat standartlarına uyğun aparılmır.

Şikayətdə qeyd olunur ki, inşa edilən fərdi evlərin müvafiq təməl və bünövrə sistemi yoxdur.

Eyni zamanda, evlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozularaq, aralarında zəruri ara məsafəsi saxlanılmadan və qonşu həyətlərin hasarlarına bitişik şəkildə ucaldılır.

Bundan başqa, müraciətdə ərazidə suaxıdıcı şəbəkənin və texniki infrastrukturun qurulmamasının yaradacağı təhlükələr də xüsusi vurğulanıb:

“Evlərin dam örtüyündən axacaq yağış və qar sularının yönləndirilməsi üçün heç bir drenaj və ya texniki şərait nəzərdə tutulmayıb. Nəticədə, bu sular birbaşa bizim evlərin və hasarların dibinə axaraq zamanla bünövrələri yuyacaq, nəmişlik yaradacaq və hər an uçqun təhlükəsi – real fövqəladə hal – yaradacaqdır”, – deyə sakinlərdən biri bildirib.

Vətəndaşlar sözügedən tikintilərin kommersiya (satış) məqsədilə aparıldığını və bu səbəbdən keyfiyyət standartlarının nəzərə alınmadığını vurğulayırlar.

Aşıq Alı küçəsinin sakinləri aidiyyəti dövlət qurumlarını məsələyə dərhal müdaxilə etməyə və qanunsuz olduğu iddia edilən tikinti işlərinin dayandırılmasını təmin etməyə çağırırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]