Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub.

Bu gün, 00:02           
Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub.
Avropa İttifaqı ölkələrinin uzun müddətdir Çindən gözləntiləri var idi ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə edəcək. Ancaq Pekin heç bir addım atmadı. Əksinə Pekin Rusiya-Ukrayna müharibəsindən faydalanıb. Birincisi, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Rusiya Avropadan ala bilmədiyi məhsulları, texnologiyaları Çindən əldə edir. İkincisi, müharibə ABŞ-ın Çinə qarşı siyasətini yumşaltmağa səbəb olub.
Belə vəziyyətdə Avropada anlayıblar ki, Pekin Kremlin siyasətinə təsir etməyəcək. Brüsselin yeni gözləntisi Yeni Dehlidəndir. Polşanın Baş naziri Donald Tusk Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsiylə bağlı geniş fikir mübadiləsi aparıb. Ukrayna ilə həmsərhəd olan Polşa müharibədə Kiyevə həm diplomatik, həm hərbi, həm də humanitar dəstək verir. Ancaq Ukraynanın müharibədə məğlub olmaması üçün yalnız Polşanın səyləri kifayət etmir. Modi Tuskla görüşdə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Tusk Hindistanın müharibə ilə bağlı konstruktiv rol oynaya biləcəyini ümidlidir. Hindistan Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması, həmçinin taxıl və yanacaq daşıyan gəmilərin qorunması ilə bağlı plan hazırlayıb.
Tuskun Hindistanla səfərinin birinci məqsədi iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, ikinci məqsədi Yeni Delinin Ukrayna müharibəsində Avropa İttifaqının mövqeyini nəzərə almağa inandırmaqdır. Hindistan gərginliyin azaldılmasına və danışıqlar üçün şəraitin yaradılmasına kömək edə bilər, ancaq sülhə zəmanət verə bilməyəcək. Digər tərəfdən Yeni Dehli müharibənin dayandırılmasına və sülhün əldə olunmasına çalışsa da, Rusiya ilə sıx əlaqələrdən imtina etməyəcək. Yeni Dehlinin Kremlə çıxışının olması, onun Rusiya Prezidenti Vladimir Putinə və onun qərarlarına təsir edə biləcəyi anlamına gəlmir. Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ona açıq söylədi ki, müharibə çıxış yolu deyil və danışıqlara üstünlük verilməlidir. Ancaq bu Putinin müharibəyə baxışını dəyişdirmədi.
Buna baxmayaraq, Brüssel Yeni Dehlinin Moskva dialoq imkanlarının faydalı olacağı qənaətindədir. Halbuki, Hindistanın Avropanın təkidilə öz maraqlarını qurban verməsi ehtimalı azdır. Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]