Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI - TƏFƏRRÜAT
Bu gün, 00:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
Lent.az xəbər verir ki, dövlət ittihamçısının elan etdiyi ittiham aktına görə, Rusiya vətəndaşı Anton Zayatsa 191 min 500 manata yaxın ziyan dəyib. Sultan Qasımov Rusiya vətəndaşına Sankt-Peterburq şəhərində 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair vəd verib.
İstintaq sənədlərinə görə, Sultan Qasımov digər zərərçəkmiş Azərbaycan vətəndaşı Faiq Mikayılovdan 10 min 200 manat alıb. Bunun müqabilində zərərçəkmiş şəxsin Hindistandan gələrkən gətirdiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyini vəd verib. Amma vədinə əməl etməyib.
Təqsirləndirilən Sultan Qasımov özünü təqsirli bilmədiyini deyib.
Növbəti proses dekabrın 1-isaat 16:15- ə təyin olunub.
Qeyd edək ki, baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.
Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb.
Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Əlavə edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın ilk baş konsulu təyin olunub, 2016-cı ildə isə baş konsul vəzifəsindən geri çağırılıb.
O, 2016-cı il mayın 3-də Azərbaycanın Sankt-Peterburq şəhərində baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb. Həmin pulun bir qismi təqsirləndirilən şəxsin tanışı Bakıda Faiq Mikayılovun yaxınından alıb. Təqsirləndirilən şəxs həmin məbləği də şəxsi ehtiyaclarına xərcləyib.

