Bakı Apellyasiya və Nəsimi məhkəmələrinin absurd qərardadı - MƏĞRUR BƏDƏLSOY YAZIR

5-02-2026, 09:34           
Bakı Apellyasiya və Nəsimi məhkəmələrinin absurd qərardadı -
Qərardaddan Nəsimi məhkəməsinə kassasiya verilməsi “düzəlişi” QANUNİ, həm də YOLVERİLMƏZ sayılıb

“Düzəliş”ə uyğun kassasiya şikayəti verən Qarabağ qazisi cərimə ilə hədələnir

20 aydır müalicəyə getdikləri Soçidən qayıdanda dələduzluqla, özbaşınalıqla uçuşa buraxılmayan Qarabağ qazisi ailəsi 28.05.1999-cu il Monreal “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın (Azərbaycan 30.09.2014-cü ildən qoşulub-M. B.) tələbinə uyğun olaraq daşıyıcı AZAL-a qarşı iddia qaldırıb. Nəsimi məhkəməsinin (h. Ramin Xəlilov) 1 illik süründürməçiliyi, cavabdehin vəkili rolunda özbaşınalığı, iddiaçı qazinin 6 şikayətinin heç birini apellyasiya instansiyasına göndərməməsi, bunu MPM-ə “düzəliş”lə birbaşa kassasiya instansiyasına iddiaçının özünün etməli olmasını aktlaşdırması yüksək qiymətləndirilib, Ramin Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinə “yüksəlib”.(?) “Düzəliş” özbaşınalığına baxın, məhkəmə 6 aydan sonra 6 qərardaddan şikayəti özünün yanlışlığı ilə “əsaslandırıb”. Heç demə, hakim “qərardaddan Nəsimi məhkəməsinə KASSASİYA ŞİKAYƏTİ verilə bilər” yerinə, YANLIŞLIQLA “qərardaddan Nəsimi məhkəməsinə ŞİKAYƏT verilə bilər” nəticəsinə gəlib(miş). Bu yanlışlıqdır, yoxsa cinayətkar saxtalıq?

Bakı Apellyasiya Məhkəməsinin (s/e Azad İmanov, Fuad Talışinski və b.) “düzəlişi” qüvvədə saxlaması bir yana, kassasiya şikayətini də yolverilməz sayması, hətta CƏRİMƏ ilə hədələməsi absurdun yuxarı instansiyasıdır. Absurdluğa baxın, məhkəmə kassasiya şikayəti verilməli olmasını qərara alır, həm də şikayət verilərsə, cərimə ilə ŞANTAJ edir!(?) Hətta hər 2 instansiya hüquqi yardımdan da imtina edib. Belə məhkəmə təminatı, hüquqi yardım hüququ olar? Məhkəmə Hüquq Şurası 1 ildir bu özbaşınalığa qiymət vermək istəmir.

Ramin Xəlilovun “apellyasiya yüksəlişi”ndən sonra iş qaziyə qarşı qərəzli, “Azərişıq” ASC-yə qarçı işdə MÜŞAVİRƏ OTAĞINDAN YENİ İCLAS (?) TƏYİN EDİB, 11 AYDIR QAYITMAYAN, ABB-yə qarşı işdə ərizə vermədiyi halda özbaşınalığına dövlət büdcəsindən 77 manat silməklə “məhkumun müdafiəsinə” vəkil (Ayaz Məmmədzadə) ayıran Vüsalə Musayevaya verilib. Anında bu hakimə etiraz edilsə də, nə MPM-ə , nə Ali Məhkəmə Plenumunun hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə formalaşdırdığı vahid məhkəmə təcrübəsinə baxılır. Halbuki məhkəməyə daxil olan etirazlara məhkəmə SƏDRİ DƏRHAL baxmalı və müvafiq qərardad qəbul etməlidir. Müşavirə otağında qərar çıxarmaq yerinə, yeni iclas (?) təyin edən, ərizə verəndə vəkildən başqa (?) hakimin (Nail Abbasov) qərardadı ilə imtina edən, ərizə verməyəndə “paykovoy” vəkil (Ayaz Məmmədzadə) ayırıb, büdcədən 77 manat “məhkumun müdafiəsi” adına pay alan Vüsalə Musayevadan hansı qərəzsizlik, obyektivlik, ədalət gözləmək olar? Onun işdən kənarlaşdırılması qanunvericiliyin tələbidir.

Konstitusiyanın 53-cü maddəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Azərbaycanın RF-dəki səfirliyi, AZAL-ın nümayəndəliyi isə Qarabağ qazisi ailəsinin hüquqlarını nəinki müdafiə edir, əksinə, hüquqa qadağa qoydurur. Təsəvvür edin, AZAL əlil ailəsinin RF prokurorluğuna Soçi aeroportundakı özbaşınalıqla bağlı şikayətinə cavabı prokurorluğun özünün saxtalaşdırıb dəyişdirməsinə nail olub. Prokurorluğa son qərarından şikayətə isə 1 ildən çoxdur cavab yoxdur. Axı cavab tapılmır! RF Baş prokurorluğunun idarə rəisi G. Tyulkov 21.01.2025 tarixli cavabında yazıb ki, ...uçuşa (yarım-bir dəqiqə) gecikdiyinizdən reysdən kənarlaşdırılmısınız. Sərnişin siyahısından çıxarılandan SONRA (!) yeriniz 1944-cü il Çikaqo Konvensiyasına əsasən, RF-dən DEPORT OLUNAN (ANONİM) şəxsə ƏVƏZSİZ (“BEZVOZMEZDNO”) verilib. Bu cavab reysdən dələduzluqla, “lotuluqla” məhrumetməni ortaya qoyur. Nə yazıq, dövlətin xaricdə hüquqi müdafiə təminatı, hamiliyi bir yana, heç yerli məhkəmədə də vətəndaşının müdafiəsinə imkan verilmir. Yoxsa AZAL da, onun məhkəmələrə sifarişi də Konstitusiyadan üstündür? Başımıza gələnlər başqa cür fikirləşməyə baş qoymur...

Məğrur Bədəlsoy

P.S. 1 ildir işin arbitrajın həllinə verilməsinə, cavabdeh AZAL-da olan kamera görüntülərinin və sərnişin siyahısının məhkəməyə təqdim edilməsinə MPM-in tələbinə uyğun ərizə verilib, məhkəmə baxmır, heç şikayətləri də M8M-ə uyğun həll etmir. Halbuki hakim özü bunu təklif etməli, sübutları toplamalıdır. Ön azı, bilinsin görək, Qarabağ qazisinin pulu ilə (ƏVƏZSİZ) deport olunan şəxs kim olub?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]