Maşın və avadanlıqların istehsalı 66 milyon manatdan çox azalıb
19-08-2025, 17:54
2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 355,1 milyon manatlıq məhsul istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,5 milyon manat və ya 15,8 faiz azalma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 421,6 milyon manatlıq məhsul istehsal olunmuşdu.
Maşın və avadanlıqların istehsalı 10,6 faiz artıb, lakin avtomobil, qoşqu və yarımqoşquların istehsalında 12,7 faiz azalma müşahidə olunub.
Hesabat dövründə 2292 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 232 ədəd azdır.
Ay ərzində istehsal olunan 309 ədəd traktorun sayı isə əvvəlki illə müqayisədə 12,2 faiz azalıb.
2025-ci ilin yanvar–iyul aylarında 190 ədəd yük avtomobili istehsal edilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 34,5 faiz azalma deməkdir.
Hesabat dövründə həmçinin 5611 ədəd nasos istehsal olunub ki, onların 3220 ədədi ştanqlı quyu nasoslarının payına düşüb.