Hindistanda Türk Dövlətçiliyi - BABURLAR

23-12-2025, 17:24           
Hindistanda Türk Dövlətçiliyi - BABURLAR
Əvvəlki yazılarımda Hindistanda Dehli, Bəhməni və Deqqan sultanlıqları haqqında ətraflı bilgi vermişdim. Bu paylaşımda isə Hindistanda sonuncu türk xanədanlığı olan Baburlar haqqında danışacam.
Baburlar Hindistana hərbi səfərlərə başlayanda Şimali Hindistanda Dehli sultanlığı, yarımadanın mərkəzində beş xanədan dövlət (Deqqan sultanlıqları), cənubunda isə hindli xanədanların birləşməsindən yaranan Vicayanaqar dövləti hökm sürürdü.
Baburlu dövlətinin (Böyük Moğollar) qurucusu Zahirəddin Məhəmməd Babur Cığatay türki idi. Soyu ata tərəfdən beş nəsil geridə Əmir Teymura, ana tərəfdən Çingiz xana uzanan Babur şah Fərqanə hakimi Ömər Şeyx Mirzənin oğlu idi. Atası vəfat edəndən sonra 1494-cü ildə Babur şah 11 yaşında taxtda oturdu. O, Teymuri dövlətini Şeybanilərin təsirindən qorumaq üçün mübarizə aparsa da, məğlub olmuş, xilas yolu kimi üzünü şərqə çevirmişdir. Şeybanilərə qarşı Səfəvilərin dəstəyini alan Babur qısa zamanda Kabil və Qəndəharı ələ keçirmişdi. 1526-cı ildə Şimali Hindistana yürüş edən Babur şah Panipat döyüşündə lodilər sülaləsini məğlub edib Dehli sultanlığını süquta uğratmış və özünün yeni dövlətini yaratmışdı. Bununla da, Hindistanda yeni bir türk sülaləsinin hakimiyyəti başlamışdır.
Müasir tarixşünaslıqda bu dövlət Baburlar, və yaxud Böyük Moğollar adlandırılsa da, Babur şah türkcə yazdığı özünün tərcümeyi halı olan Baburnamədə bu dövləti Türk dövləti adlandırmışdı. Dövlətin paytaxtı əvvəlcə Aqra, daha sonra isə Dehli şəhəri oldu. Baburların Hindistanda hakimiyyəti üç əsr davam etdi. Bu müddət ərzində baburlar Deqqan sultanlıqlarını da ələ keçirməyə çalışmış, lakin səfəvilərin balanslı siyasətinə qarşı çıxa bilmədikləri üçün uzun müddət Şimali Hindistanla kifayətlənməli olmuşdular. XVII əsrin sonlarında baburlar Deqqan sultanlıqları daxil olmaqla yarımadanın tamamını ələ keçirdilər. Onların Hindistanda hakimiyyəti 1857-ci ildə Britaniya işğalına qədər davam etdi. Baburlar Hindistanın sonuncu türk xanədanlığı oldu.
Baburlar dövründə Hindistanda Cığatay türkcəsi xeyli inkişaf etdi. Mədəni, elmi, memarlıq sahəsində Hindistan özünün intibah dövrünü yaşadı. Bu dövrdə islami xarakter daşıyan sənət və ədəbiyyat da özünün ən məhsuldar dövrünü yaşayırdı. Babur şah xətti-babur adlanan yazı sistemi də icad etmişdi ki, özündən sonra sarayda uzun müddət istifadə olundu. Elm adamlarına, din xadimlərinə himayədarlıq edən baburlar Hindistanda çoxlu sayda ədəbi və dini ədəbiyyatın ərsəyə gəlməsinə səbəb oldular. Hindistanda islam dinin əsasən sufilər tərəfindən yayılması və Dehli sultanlığından başlayaraq sufilərin mövcud hakimiyyət tərəfindən dəstəklənməsi təsəvvüf cərəyanlarının inkişafına da mühüm töhfə verdi.
Əkbər N.Nəcəf. Türk Dövlətləri və Mədəniyyətləri Tarixi. səh 842 - 885
Елбрус Вахидов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]