Xəritədə yeri yoxdur, amma prezidenti var: 124 hektarlıq torpaqda öz ölkəsini qurdu
11-11-2025, 11:24

Dünyada hələ də heç bir ölkəyə rəsmi şəkildə aid edilməmiş torpaq sahələri mövcuddur və bəzi gənclər bu "sahibsiz” ərazilərdə öz dövlətlərini qurmaq arzusu ilə yaşayırlar. Xorvatiya və Serbiya arasında yerləşən kiçik bir torpaq sahəsində elan edilən Verdis Azad Respublikası adlı təşəbbüs, bir gəncin azadlıq utopiyasını əks etdirir. Bəs bu mikro dövlətlər həqiqətən mövcud ola bilərmi, yoxsa sadəcə idealist bir xəyal olaraq qalır? Dünyanın dörd bir yanında yaranan qeyri-adi mikro dövlətlərin hekayələri bu suallara fərqli cavab verir.
"Terra nullius" anlayışı və sərhəd boşluqları
Qaynarinfo xəbər verir ki, Latın mənşəli "terra nullius” anlayışı beynəlxalq hüquqda heç bir dövlətin suveren iddiası altında olmayan torpaqları ifadə edir. Bu cür ərazilər tarixən xəritələrin yenilənməsi ilə azalsa da, tamamilə yox olmayıb. Xüsusilə Xorvatiya ilə Serbiya arasındakı sərhəd boyunca, mübahisəli sahələr hələ də "sahibsiz” hesab olunur.
II Dünya müharibəsindən sonra sərhədlərin fərqli cür təyin edilməsi bu bölgələri hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə qoyub. Xorvatiya qədim mülkiyyət xəritələrini əsas götürür, Serbiya isə Dunay çayının hazırkı axınını sərhəd kimi qəbul edir. Bu fərqli yanaşmalar nəticəsində dörd kiçik torpaq parçası "terra nullius” kimi qalır.
Durham Universitetindən professor Noam Leşem CNN-ə açıqlamasında bu cür əraziləri "hüquqi baxımdan qeyri-sabit zonalar” adlandıraraq deyib:
"Torpaq üzərində iddia hüququ ya qanundan, ya da gücdən – bəzən isə hər ikisinin birləşməsindən doğur. Bu bölgələr gücün sınaqdan keçdiyi yerlərdir".

