Ağ Evin ultimatum xarakterli və müəmmalı “sülh planı”: ABŞ Ukraynadan Rusiyaya təslim olmağı tələb edir
Bu gün, 08:48

Belə anlaşılır ki, yaxın perspektivdə əsas diqqət Rusiya-Ukrayna sülh danışıqlarına, ABŞ-ın vasitəçilik cəhdlərinə və Türkiyənin yeni təklifinə münaqişə tərəflərinin verəcəyi reaksiyaya yönələcək... Çünki bütün bu addımların hər birisi Rusiya və Ukrayna arasında qarşılıqlı etimadın yaranmasına, eləc
Ağ Evin ultimatum xarakterli və müəmmalı “SÜLH PLANI”: ABŞ Ukraynadan Rusiyaya təslim olmağı TƏLƏB EDİR
Belə anlaşılır ki, yaxın perspektivdə əsas diqqət Rusiya-Ukrayna sülh danışıqlarına, ABŞ-ın vasitəçilik cəhdlərinə və Türkiyənin yeni təklifinə münaqişə tərəflərinin verəcəyi reaksiyaya yönələcək... Çünki bütün bu addımların hər birisi Rusiya və Ukrayna arasında qarşılıqlı etimadın yaranmasına, eləcə də, regionda hərbi-siyasi gərginliyin azaldılmasına münbit şərait yarada bilər...
Ukrayna savaşının siyasi-diplomatik yolla nizamlanması istiqamətində yeni təşəbbüslər göstərilməyə başlayıb. Belə ki, yaxın vaxtlarda Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin Əbu-Dabidə üçtərəfli görüşü planlaşdırılır. Xüsusilə də, ABŞ-ın Ukrayna savaşının nizamlanması prosesində təşəbbüsü yenidən ələ aldığı müşahidə olunur. Bununla belə, qarşıduran tərəflərin mövqeləri arasındakı ciddi fərqlər və qarşılıqlı etimadsızlıq sülhə gedən yolun hələ də mürəkkəb olduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, Kreml təmsilçisi Dmitri Peskov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün planlaşdırıldığını təsdiqləyib. Həmin görüşdə əsas müzakirə mövzusunun Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasından sonrakı təhlükəsizlik məsələlərinin olacağı bildirilir. Və bu baxımdan, sülh danışıqlarının gündəliyində məhz təhlükəsizlik təminatlarının əsas mövzu kimi yer alması da qətiyyən təsadüfi deyil.
Məsələ ondadır ki, müharibənin dayandırılması ilə bağlı istənilən razılaşmanın uzunmüddətli nəticələr verməsi üçün qarşıduran tərəflərin gələcəkdə hərbi toqquşmaların təkrarlanmayacağına yönəlik müəyyən təminatlarına ehtiyac var. Xüsusilə də, Ukrayna üçün ilk növbədə bu ölkənin ərazi bütövlüyü və gələcək təhlükəsizlik mexanizmləri olduqca böyük önəm daşıyır. Rusiya üçün isə hərbi münaqişənin siyasi şərtləri və Kremlin regiondakı strateji maraqları əsas müzakirə mövzuları olaraq qalmaqdadır.
Digər tərəfdən, Rusiya Avropa Birliyinin xüsusi nümayəndəsinin sülh danışıqlarında yalnız müşahidəçi kimi iştirakının daha məqsədə uyğun oluğunu bildirir və Kreml bunu Brüsselin ziddiyyətli mövqeyi ilə əlaqələndirməyə çalışır. Bu yanaşma tərzi isə Avropa Birliyinin sülh prosesindəki rolunun hələ tam müəyyən olunmadığını göstərir. Belə ki, Avropa Birliyi həm Ukraynaya hərbi-siyasi və maliyyə-iqtisadi dəstək göstərən əsas aktorlardan biridir, həm də mümkün sülh razılaşmanın təhlükəsizlik, eləcə də, icra mexanizmlərində önəmli rol oynaya bilər.
Təbii ki, bu prosesdə “Müharibə güzəştlər olmadan bitməyəcək” tezisi ilə birbaşa iştirak edən ABŞ-ın mövqeyi böyük əhəmiyyət daşıyır. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Rusiya-Ukrayna müharibəsi hərbi yolla deyil, yalnız siyasi-diplomatik vasitələrlə başa çata bilər və bunun üçün hər iki tərəfin mütləq müəyyən güzəştlərə getməsi lazım gələcək. Onun fikrincə, ABŞ prezident Donald Tramp bu müharibənin başa çatdırılmasına xeyli zaman xərcləyib və hazırda Vaşinqtonda qarşıduran tərəflər arasındakı kəskin fikir ayrılıqlarını aradan qaldırmaq üçün intensiv çalışan şəxslər var. Və o, ABŞ-ın vasitəçilik cəhdlərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Ancaq ABŞ-ın dövlət katibi bu savaşın əsasən Donbas uğrunda mübarizə ilə bağlı olduğunu və mövcud problemin Ukrayna ərazilərinin təxminən 11 faizindən qaynaqlandığını da bildirib. Onun bu fikirləri isə Ukrayna müharibəsinin səbəblərini və savaşın əhatə dairəsini daha məhdud çərçivədə təqdim edir. Halbuki, Rusiya və Ukrayna arasındakı hərbi münaqişənin əsas səbəbləri yalnız ərazi məsələsindən ibarət deyil. Belə ki, bu səbəblərin sırasına Ukraynanın suverenliyi, sərhədlərin toxunulmazlığı, Rusiyanın “təhlükəsizlik iddiaları”, Avropa məkanının müdafiə arxitekturası və iki ölkənin gələcək geopolitik istiqaməti kimi önəmli məsələlər də daxildir.
Bütün bunları nəzərə aldıqda, mümkün ərazi kompromisləri Ukrayna müharibəsinin dayandırılması üçün vacib olsa da, davamlı sülhün təmin olunması baxımından, təkbaşına kifayət etməyə bilər. Ona görə də, Marko Rubionun açıqlaması daha çox Ağ Evin qarşıduran tərəfləri “danışıqlar masası”nda saxlamağa və qarşılıqlı güzəştlər üçün müəyyən imkanlar yaratmağa çalışdığını göstərir. Ancaq güzəştlərin məzmunu, onların hansı ardıcıllıqla həyata keçiriləcəyi və razılaşmanın pozulacağı təqdirdə, hansı mexanizmlərin işə düşəcəyi isə hələ də qeyri-müəyyən xarakter daşıyır.
Digər tərəfdən, Ukrayna savaşının dayandırılmasına yönəlik siyasi-diplomatik təşəbbüslərlə yanaşı, Türkiyə tərəfindən Qara dənizdə təhlükəsizliyin təmin edilməsi istiqamətində də ayrıca təkliflər irəli sürüb. Belə ki, rəsmi Ankara Rusiya və Ukraynanı mülki gəmilər üçün iki ayrı təhlükəsiz marşrutun yaradılmasına çağırıb. Həmin təklifə əsasən, Ukrayna gəmilərinin Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına doğru hərəkət etməsi nəzərdə tutulur. Rusiya gəmilərinin isə Gürcüstan və Türkiyə sahilləri boyunca marşrutdan istifadə etməsi mümkün hesab olunur. Və bu təşəbbüsün digər önəmi elementi isə məhz mülki gəmilərə qarşı hərbi zərbələrin dayandırılmasına dair moratoriumun tətbiqi ilə bağlıdır.
Təbii ki, Türkiyənin bu addımı Qara dənizdə kommersiya gəmiçiliyinə qarşı artan hərbi təhlükələrin beynəlxalq ticarətə və regional sabitliyə neqativ təsirini azaltmaq məqsədi daşıyır. Dəniz nəqliyyatı həm Ukrayna və Rusiya üçün iqtisadi əhəmiyyətə malikdir, həm də qlobal ərzaq və xammal təchizatının önəmli tərkib hissəsini təşkil edir. Ona görə də, mülki gəmilərin təhlükəsizliyinə təminatın verilməsi Ukrayna savaşının mənfi nəticələrinin regiondan kənara yayılmasının qarşısını almaq baxımından da əhəmiyyətlidir.
Bununla belə, Rusiya və Ukrayna Türkiyənin bu təklifinə pozitiv cavab verməyə hələlik həvəs göstərmir. Bu isə həmin təşəbbüsün perspektivlərinin qarşıduran tərəflərin siyasi iradəsindən və təhlükəsizlik təminatlarının nə dərəcədə etibarlı olacağından asılı ola biləcəyini göstərir. Bu baxımdan, Əbu-Dabidə planlaşdırılan üçtərəfli görüş, ABŞ-ın siyasi-diplomatik vasitəçilik cəhdləri və Türkiyənin Qara dənizdə təhlükəsiz gəmiçilik təşəbbüsü fərqli istiqamətləri əhatə etsə də, əslində, ortaq məqsədə xidmət edir. Çünki bu, Ukrayna savaşının miqyasını azaltmağa və siyasi razılaşma üçün münbit şəraitin yaradılmasına geniş imkanlar aça bilər.
Belə anlaşılır ki, yaxın perspektivdə əsas diqqət Əbu-Dabi sülh danışıqlarının baş tutmasına, ABŞ-ın vasitəçilik cəhdlərinin hansı nəticələri verəcəyinə və Türkiyənin təklifinə münaqişə tərəflərinin verəcəyi reaksiyaya yönələcək. Çünki bütün bu addımlar Rusiya və Ukrayna arasında qarşılıqlı etimadın yaranmasına, eləcə də, hərbi-siyasi gərginliyin azaldılmasına yol aça bilər. Ancaq bununla belə, Ukrayna müharibəsinin sona çatmasında əsas həlledici faktor qarşıduran tərəflərin real kompromis qabiliyyəti ilə bağlı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

