Gömrük orqanları büdcə qarşısındakı öhdəliklərini yerinə yetirə bilməyiblər - TƏFƏRRÜAT

Bu gün, 17:26           
Gömrük orqanları büdcə qarşısındakı öhdəliklərini yerinə yetirə bilməyiblər - TƏFƏRRÜAT
Bu ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat açıqlayıb.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19 milyard 683,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 13 milyard 630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9 milyard 628 milyon manatı və ya 32,8 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 973,3 milyon manatı və ya 17 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5 milyon manat və ya 27,7 faiz az, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1 milyard 301,6 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 46,6 faizi və ya 1 milyard 539,8 milyon manatı Şahdəniz qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14 faizi və ya 461,1 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisi hesabına olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]