Məktəb yoxsa quldurxana? 225 saylı məktəbdəki biabırçılıq sərhədi aşdı!
Bu gün, 10:08

Açıq deyək: bu gün bəzi məktəblərimizdə baş verənləri görəndə adamın dili tutulur. Təhsil ocağı adı daşıyan yerlər artıq tərbiyə yox, sanki mədəniyyətsizlik yuvasına çevrilib. Bakıdakı 225 saylı məktəbdə baş verənlər isə bütün hədləri aşıb.
İşinə görə məktəbə gələn jurnalisti, operatoru döymək, zərər vermək nə deməkdir? Hansı qanunla, hansı vicdanla bunu edirsiniz? Məktəb tatamidir, döyüş səhnəsidir, yoxsa "quldur dəstəsi"nin oylağıdır?
Gəlin açıq danışaq, çəkinməyə lüzum yoxdur. Əgər 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılırsa, bu artıq ilk SOS siqnalıdır. Bu, o deməkdir ki, məktəbdə uşağın təhlükəsizliyinə nəzarət edən heç kəs yoxdur.
Direktor da, təlim-tərbiyə işlərinə baxanlar da öz kreslolarında oturub sadəcə vaxt öldürürlər. Bəs o uşaq niyə yıxılmalıdır? Valideyn məktəbə övladını əmanət edir, cəsədini yox!
Daha dəhşəti odur ki, bu hadisəni işıqlandırmağa gələn çəkiliş qrupuna qarşı quldurluq edilir. Özü də kimin təkidilə? Məktəbin qarovulçusunun! Bir düşünün: məktəbi qorumalı olan qarovulçu əlinə səlahiyyət alıb bir qrup adamları yığıb jurnalistin üstünə cumdurur. Bu nə azğınlıqdır, bu nə qudurğanlıqdır? Direktor o qarovulçuya elə bir səlahiyyət verib ki, o, məktəbdə "qanunsuz qruplaşma" yaradıb? Direktor hara baxır? Niyə nəzarət etmir?
Sual yaranır: bunlar kimdir ki, gələn jurnalistə təzyiq göstərir, özbaşınalıq edir? O qədərmi başıboş buraxılıb? O qədərmi ailə tərbiyəsindən uzaq düşüb, ya da 225 saylı məktəbdə təhsil səviyyəsi o qədər yerlə-yeksan olub ki, uşaqlar tamamilə nəzarətsiz qalıb?
Açıq demək lazımdır: artıq bu məktəbin direktoru cəmiyyət üçün potensial təhlükə yetişdirir. Çünki baş verən bu cür səviyyəsiz, vəhşi hallara göz yuman, hətta bilavasitə şərait yaradan rəhbərlik sabah daha böyük bəlaların əsasını qoyur. Məktəb elm ocağıdır, kriminogen zona deyil!
Belə direktora, belə qarovulçuya və bu cür tərbiyəsizliyə yer olmamalıdır! Cəmiyyət olaraq biz susduqca, belələri daha da azğınlaşırlar. Təcili şəkildə bu məsələnin kökünü qazmaq, o direktoru da, o qudurmuşları da dərhal qovmaq lazımdır.
Yoxsa sabah başqa bir faciə ilə oyanacağıq. Məktəbi quldurxana eləyənlərin cəzası ən sərt şəkildə verilməlidiilər.
Sima Babayeva
TEREF

