Azərbaycanda hotellərdə hər 5 otaqdan 4-ü boş qalır: Gürcüstandan 3 dəfə geri qalırıq

Bu gün, 09:24           
Azərbaycanda hotellərdə hər 5 otaqdan 4-ü boş qalır:
Azərbaycanda hotellərin doluluq səviyyəsi bir az da aşağı düşüb. İndi təxminən hər 5 otaqdan 4-ü boş qalır. Doluluq səviyyəsi daha 2 faiz geriləyib, 23 faiz olub.
Bizimyol.info xəbər verir ki, Naftalanda 46,2, Neftçalada 42,8, Şabranda 40,7, Bakıda 33,2, Sabirabadda 29,6, Laçında 28,6, Qusarda 27,8 faiz göstəricisi qeydə alınıb. Əcnəbi turistlərin sevimli istiqamətlərindən olan Qəbələdə cəmi 21,8 faiz doluluq göstəricisi olub. Kurort zonalarından sayılan Lənkəran və Qubada da hotellər müştəri azlığından əziyyət çəkib.

Azərbaycanda hotellərin kütləvi şəkildə boş qalmasının əsas səbəblərindən biri turizm böhranı və keyfiyyətin aşağı olmasıdır. Quru sərhədlərin bağlı qalması bütün hallarda özünü göstərir. Regionda münaqişələrin səngiməməsini də bura əlavə etsək, çox turist gözləməyə dəyməz. Keyfiyyətin aşağı olması isə az əhəmiyyət daşımır. Qiymətlər yetərincə yüksəkdir. Bəs müştəri bunun əvəzində nə xidmət görür? Türkiyədə, Gürcüstanda daha geniş xidməti özündə əks etdirən “all inclusive” paketləri var. Buz bi istiqamətdə çox axsayırıq.

Daha bir problem ölkədə orta və aşağı büdcəli, məsələn, üçulduzlu hotellərin və ya kiçik butiklərin sayının azlığıdır. Əhali yüksək qiymətlərə görə hotellər əvəzinə günlük kirayə evlərə və ya mənzillərə üstünlük verir.

Azərbaycan bu sahədə çox ölkədən geri qalır. Təkcə Gürcüstanın adını çəkmək kifayətdir. Orada hotellərin doluluq səviyyəsi daha 3 faiz artıb. Qonşu ölkədə mehmanxana və mehmanxana tipli obyektlərdəki yerlərin 65 faizi dolur. İrlandiyada göstərici 77, Maltada 75, Kiprdə 71 faizdir. Ümumiyyətlə, Avropa İttifaqında orta göstərici heç vaxt 50 faizdən aşağı olmur.

Bu sahədə ciddi islahatlara ehtiyac olması haqda çox danışılıb. Hotelləri təkcə turistlər doldurmur. Ölkədə minimum əməkhaqqının 400 manat olması unudulmamalıdır. Qəbələ hotellərin doluluq səviyyəsi heç 22 faizə çatmır, amma qiymətlər əl yandırır. Belə iaşə obyektləri hər şeydən əvvəl yerli əhali üçün əlçatan olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]