Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
Bu gün, 15:44

Braziliyada bir fermer tanıdığı iş adamı ilə mərc edərək yeni qırmızı rəngli "Porsche" avtomobili qazanıb. Bu, Luiz İnasio Lula da Silvanın prezident seçkisində qalib gəlməsi sayəsində fermerin qazandığı ikinci avtomobildir.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın UOL xəbər portalı məlumat yayıb.
Avtomobilin yeni sahibi ölkənin şimal-şərqində yerləşən Alaqoas ştatının sakini, 48 yaşlı fermer Antoniu Sintradır. O, avtomobili səsvermədən dərhal sonra, bazar ertəsi Arapiraka şəhərindəki yanacaqdoldurma məntəqəsində təhvil alıb.
Fermer mərcin uduzan tərəfindən soruşub: "Avtomobilin hər hansı qüsuru varmı?" İş adamı isə "Xeyr, maşın tamamilə yenidir", - deyə cavab verib. Sintra bu anları mobil telefonunun kamerası ilə lentə alıb. Görüntülərdə Lula da Silvanın qələbəsini qeyd edən, "Ole, ola, Lula" şüarları səsləndirən coşqulu izdihamın səsi də eşidilir.
Sintranın sözlərinə görə, mərc sentyabrın sonlarında onların ortaq dostunun ofisində bağlanıb. Fermer senator Flaviu Bolsonaru prezident seçiləcəyi təqdirdə qarşı tərəfə 1/5 milyon Braziliya realı ödəməyi öhdəsinə götürüb. İş adamı isə Lula da Silva dördüncü dəfə prezident seçilərsə, fermerə "Porsche" bağışlayacağına söz verib.
Adını açıqlamadığı məğlub tərəf haqqında danışan Sintra deyib: "Mən həmişə Lulanı dəstəkləmişəm, mərc etdiyim şəxs isə ifrat bolsonaristdir".
Məlumata görə, mərcdə uduzan şəxs tütün sənayesində fəaliyyət göstərən iş adamıdır. Fermer bildirib ki, tərəflər mərcin şərtlərinin yerinə yetiriləcəyinə dair təminatları mərcin bağlandığı məkanın sahibi olan ortaq dostlarına həvalə ediblər.
Sintra xatırladıb ki, 2022-ci il prezident seçkisindən əvvəl də həmin bolsonarist tanışı ilə oxşar mərc edib. Həmin vaxt o, 500 min real dəyərində "Ford Ram" markalı pikap qazanıb.
Yeni "Porsche"nin buraxılış ilini və dəqiq modelini açıqlamayan Sintra avtomobilə Lula da Silvanın rəhbərlik etdiyi İşçi Partiyasının rəmzi olan ulduz yapışdırmağı planlaşdırır.
Qeyd edək ki, ötən bazar günü Braziliyada prezident seçkisinin ikinci turu keçirilib və ölkənin hazırkı prezidenti Luiz İnasio Lula da Silva qalib gəlib. Bununla da o, Braziliya tarixində dördüncü dəfə bu vəzifəyə seçilən ilk dövlət başçısı olub.

