Kremlin gizli laboratoriyaları - sovet alimləri insanlığın sərhədlərini aşıb.
Bu gün, 09:54

Ən yeni tarix. Maraqlı faktlar.
Sovet İttifaqında elmi tərəqqi ilə yanaşı, sirr pərdəsi arxasında qalan və qaranlıq səhifələr olub.
Elə hadisələr var ki, onların gerçəkliyi uydurmalardan daha qorxulu görünür.
Bir laboratoriyada alimlər insan beyninin imkanlarını öyrənməyə çalışıb, başqa bir məkanda ölümcül xəstəliklərin törədicilərini araşdırıb, üçüncü yerdə isə insan orqanizminin həyatı nə qədər davam etdirə biləcəyinə dair təcrübələr aparıblar.
Bütün bunların üzərində görünməz bir pərdə dayanıb: dövlət sirri. Sovet İttifaqı üçün elm yalnız yeni kəşflər, sənaye və tibbin inkişafı demək olmayıb.
O, həm də ideoloji nüfuzun, hərbi qüdrətin və supergüclər arasındakı rəqabətin mühüm alətinə çevrilib.
ABŞ-la qarşıdurmanın dərinləşdiyi Soyuq müharibə illərində elmi üstünlük uğrunda mübarizə o həddə çatıb ki, bəzən ən qeyri-adi fərziyyələr belə dövlət səviyyəsində araşdırılmağa layiq görülüb.
Beş məhbusun sirri
Ən məşhur qorxulu hekayələrdən biri “Rus yuxu eksperimenti”dir. Sovet alimləri beş məhbusu xüsusi kameraya yerləşdirərək qaz vasitəsilə uzun müddət yuxusuz saxlayıblar.
Təcrübənin ilk mərhələlərində hər şey nəzarət altında görünsə də, sonradan iştirakçıların davranışları dəyişib, onlar psixoloji tarazlıqlarını itirərək özlərinə xəsarət yetirməyə başlayıblar. Daha sonra təcrübə iştirakçıları kameradan çıxmaqdan imtina edib və hadisələr faciəli sonluqla nəticələnib.
Soyuq müharibə dövründə SSRİ-nin maraq göstərdiyi qeyri-adi sahələrdən biri də parapsixologiya olub.
Telepatiya, düşüncə vasitəsilə uzaq məsafədən təsir göstərmək və insan beyninin naməlum imkanları barədə fərziyyələr müxtəlif ölkələrdə tədqiqatçıların diqqətini çəkib.
Sovet İttifaqında da bu istiqamətdə araşdırmalar aparılıb. Bəzi tədqiqatlar insanın başqa şəxsin düşüncəsini qəbul edə bilməsi, məsafədən ötürülən məlumatları müəyyənləşdirməsi və psixoloji təsir mexanizmləri kimi məsələlərə həsr olunub.
Bu sahəyə hərbi və kəşfiyyat baxımından mümkün fayda prizmasından yanaşanlar da olub.
Düşüncə ilə idarəetmə və “döyüş ekstrasensləri” barədə əhvalatlar belə bir mühitdə populyarlıq qazanıb.
Bununla belə, bu araşdırmalar dövrün ruhunu anlamağa kömək edib. İki supergücün bir-birindən geri qalmamaq uğrunda mübarizə apardığı şəraitdə hətta sübut olunmamış ideyalar belə mümkün üstünlük mənbəyi kimi nəzərdən keçirilib.
Bioloji silahlar: elmin ən təhlükəli üzü
Sovet elminin qaranlıq səhifələri arasında ən ciddi sənədləşdirilmiş mövzulardan biri bioloji silah proqramı olub.
SSRİ onilliklər ərzində təhlükəli xəstəliklərin törədicilərinin hərbi məqsədlərlə araşdırılması üçün geniş infrastruktur yaradıb. Bu proqram çərçivəsində taun, qarayara və digər ağır infeksiyaların törədiciləri ilə bağlı tədqiqatlar aparılıb.
Qapalı elmi-tədqiqat institutları, xüsusi laboratoriyalar və sınaq poliqonları sistemin tərkib hissəsinə çevrilib.
Aral dənizində yerləşən Vozrojdeniye adası da belə məkanlardan biri olub. Burada bioloji silah proqramı çərçivəsində heyvanlar üzərində sınaqlar keçirilib.
Bu cür tədqiqatların təhlükəsi yalnız onların hərbi məqsədlərlə istifadə oluna bilməsində olmayıb.
Təhlükəli mikroorqanizmlərin saxlanılması, daşınması və sınaqdan keçirilməsi zamanı baş verə biləcək qəza bütöv yaşayış məntəqələrini risk altına sala bilərdi.
1979-cu ildə Sverdlovskda baş verən qarayara hadisəsi bunun ən məşhur nümunələrindən birinə çevrilib.
Şəhərdə xəstəliyin yayılması nəticəsində insanlar həyatını itirib. Sovet hakimiyyəti əvvəlcə hadisəni çirklənmiş ətlə əlaqələndirsə də, sonrakı araşdırmalar hərbi mikrobiologiya müəssisəsindən baş vermiş sızmanı əsas səbəb kimi üzə çıxarıb.
Uşaqlar üzərində təcrübələr
Sovet alimlərinin işi arasında sonradan reanimatologiya və ürək cərrahiyyəsinin inkişafına töhfə verən təcrübələr də olub. Onlardan biri fizioloq Sergey Bryuxonenkonun hazırladığı avtojektor adlı aparat olub.
1920–1930-cu illərdə yaradılan bu qurğu süni qan dövranını təmin etmək üçün nəzərdə tutulub.
Aparat qanın bədəndən kənarda dövr etdirilməsinə imkan verib və ürək-ağciyər funksiyalarının süni şəkildə dəstəklənməsi istiqamətində aparılan ilkin tədqiqatların bir hissəsinə çevrilib.
Bryuxonenkonun təcrübələri sonralar xüsusilə qeyri-adi görüntülərlə yadda qalıb.
İtlər üzərində aparılmış sınaqlardan qalan kinokadrlarda ayrılmış başın müəyyən stimullara reaksiya verdiyi iddia edilən səhnələr göstərilib.
Bu görüntülər illər ərzində müxtəlif filmlərdə və elmi müzakirələrdə istifadə olunaraq insanların həyat və ölüm barədə təsəvvürlərini sarsıdıb.
Sovet dövründə qapalı müəssisələrin və uşaq evlərinin sakinləri də alimlərin diqqətindən kənarda qalmayıb.
Bəzi məlumatlara əsasən müharibədən sonrakı illərdə yetimlər və xüsusi müəssisələrdə yaşayan uşaqlar üzərində dərmanların, şüalanmanın və müalicə üsullarının sınağı keçirilib.
Valeriya Muxinanın sınaqlarında həm adi uşaq bağçalarının uşaqları, həm də internat məktəblərinin yetirmələri iştirak ediblər.
1920–1930-cu illərdə, Vətəndaş müharibəsindən sonra uşaqlar arasında kütləvi evsizlik və nəzarətsiz qalma probleminin geniş yayıldığı dövrdə akademik İvan Pavlov və onun tələbələri, xüsusilə N. İ. Krasnoqorski, insanın ali sinir fəaliyyətini araşdırıblar.
Təcrübələr zamanı uşaqlara cərrahi əməliyyatlar aparılaraq tüpürcək axacağının xaricə çıxarılması üçün fistula yaradılıb.
Bu üsul müxtəlif qıcıqlandırıcıların - zəng səsinin, işığın və metronomun təsiri altında ifraz olunan tüpürcəyin həcmini dəqiq ölçməyə imkan verib.
Daha sonra uşaqlara əldə etmək mümkün olan müxtəlif şirniyyat və dadlı yeməklər verilib.
Tədqiqatçılar uşaqların yeməyi gördükdə, hətta yeməyin adı çəkildikdə belə, qida hələ onlara göstərilməmişdən əvvəl tüpürcəyin necə ifraz olunduğunu və damcıların intensivliyini müşahidə edib qeydə alıblar.
Müasir bioetika insan üzərində aparılan araşdırmalarda könüllü razılığın, təhlükəsizliyin və iştirakçıların hüquqlarının qorunmasını əsas şərtlərdən sayıb.
Sovet dövrünün bütün müəssisələrində bu prinsiplərin necə tətbiq olunduğunu göstərən tam və şəffaf məlumat bazası mövcud deyil. Elə bu boşluqlar da tarixi araşdırmaların vacibliyini artırıb.
İlkin Nəcəf.



