Gəncə Dövlət Universitetində nə baş verir? - Yoxlama nələri aşkar etdi?l II hissə İDDİA
Bu gün, 10:38

"Gəncə Dövlət Universitetində baş vermiş, universitetin normal fəaliyyətinə, tədrisin keyfiyyətinə, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə, əməkdaşların hüquqlarına və ali təhsil müəssisəsində qanunçuluğun təmin edilməsinə ciddi xələl gətirən çoxsaylı faktlarla bağlı Sizə müraciət edirik."
TEREF yazır ki, bu barədə sözügedən universitetin işçiləri adından Respublika Prokurorluğuna və ölkə rəhbərliyinə, bir nüsxəsidə poçtumuza ünvanlanmış müraciətdə deyilir. Müraciətin müəllifləri daha sonra yazırlar:
Əvvəli burda:
45 dəqiqəlik dərsin 25 dəqiqədən çox hissəsi bəzi hallarda müəllimlərin işlək kompüter və sistem tapmaq üçün dəhlizlərdə bir otaqdan digərinə qaçmasına sərf olunur. Müəllimlər dərsi aktivləşdirmək üçün hansı otaqda işlək kompüter və internet bağlantısı olduğunu axtarmaq məcburiyyətində qalırlar. Dərsin qalan vaxtı isə rektor Yusif Yusibovun yaratdığı müxtəlif komissiyaların yoxlamalarına sərf olunur. Universitetdə bir neçə komissiya fəaliyyət göstərir və həmin komissiyalar bir-birinin ardınca bir-birindən şübhələndiyi üçün yoxlamalar aparırlar. Nəticədə müəllimlərin birbaşa tədrisə ayırmalı olduqları vaxt əhəmiyyətli dərəcədə itirilir, tələbələrin dərs saatları səmərəsiz istifadə olunur və təhsilin keyfiyyəti aşağı düşür.
Belə bir şəraitdə Eduman sisteminin hansı zərurətdən tətbiq edildiyi, onun universitetə hansı faydanı verdiyi və bu sistemin işləməsi üçün tələb olunan texniki infrastrukturun niyə təmin edilmədiyi ciddi suallar doğurur. Əgər internet, kompüterlər və proyektorlar işləmirsə, elektron tədris sisteminin tətbiqi naminə dərs vaxtının itirilməsi nə dərəcədə məqsədəuyğundur? Təhsilin və tələbələrin gələcəyinin texniki problemlərə və idarəetmədəki nöqsanlara qurban verilməsi yolverilməzdir. Eduman sisteminin tətbiqi, satınalma və xidmət müqavilələri, ayrılmış vəsaitlər, sistemin texniki imkanları və onun fəaliyyətinə cavabdeh şəxslərin fəaliyyəti araşdırılmalıdır.
Bu sistemin tətbiqi və fəaliyyəti ilə bağlı məsuliyyət daşıyan erməni əsilli Vasif və Asif Həsənov qardaşları mövcud texniki problemlərin həllinə nail olmaq əvəzinə, günahı müəllimlərin üzərinə ataraq onların guya sistemi işlətmək bacarığının olmadığını bildirirlər. Halbuki universitetdə internetin, kompüterlərin və digər texniki vasitələrin işləməməsi müəllimlərin şəxsi bacarığı ilə deyil, texniki təminat və idarəetmə problemləri ilə bağlıdır. Bu şəxslərin sistemin tətbiqindəki rolu və mümkün maliyyə maraqları da digər faktlarla birlikdə araşdırılmalıdır.
Universitetdə aparılan yoxlamalar başa çatmış, lakin Komissiyanın yekun qərarı hələ açıqlanmamışdır. Buna baxmayaraq, universitet daxilində əməkdaşlara qarşı təzyiqlər davam edir. Rektor Yusif Yusibov Vasif və Asif Həsənov qardaşları ilə birlikdə kollektivə qarşı təhqiramiz münasibət göstərir, əməkdaşları müxtəlif məsələlər üzrə ittiham edir, onları ərizələrini yazaraq işdən çıxartmaqla hədələyir. Əməkdaşlar normal iş şəraitində fəaliyyət göstərmək əvəzinə, davamlı yoxlamalar, təhdidlər və işdən azad olunmaq qorxusu altında saxlanılırlar. Universitetdə əmək münasibətlərinin bu şəkildə qurulması yolverilməzdir. İşçilərin qanuni hüquqlarının pozulması, onlara psixoloji təzyiq göstərilməsi və ərizə yazmağa məcbur edilməsi hallarına hüquqi qiymət verilməlidir.
Vasif Həsənovun prorektor vəzifəsinə təyin olunmağa çalışdığı, bu məqsədlə universitet kollektivində müvəqqəti olaraq prorektor vəzifəsini icra edən İsfəndiyar Alverdiyevi tez-tez ələ saldığı və “gör universitet nə gündədir ki, bura İsfəndiyar prorektorluq edir” məzmununda ifadələr işlətdiyi məlumdur. Bu davranışlar universitetdə sağlam iş mühitinin pozulmasına və rəhbər vəzifələr ətrafında qeyri-sağlam münasibətlərin yaranmasına səbəb olur.
Vasif Həsənovun qayınanası Yeganə xanım İsfəndiyar Alverdiyevin dekan olduğu fakültədə dekan müavini vəzifəsində çalışır. Yeganə xanım İsfəndiyar müəllimin aylığa buraxdığı tələbələrin adlarını bildiyindən, həmin məlumatları gizli şəkildə Vasif Həsənov vasitəsilə Komissiyaya ötürmüş, İsfəndiyar müəllimin digər əməlləri barədə də öz mənafeyi üçün məlumat vermişdir. Bu məlumatların əldə edilməsi və Komissiyaya təqdim olunması, eləcə də həmin məlumatlardan universitetdaxili münasibətlərdə və vəzifə mübarizəsində istifadə edilməsi yolverilməzdir.
İsfəndiyar Alverdiyevin prorektor vəzifəsini icra etməsi ilə bağlı da ciddi hüquqi suallar mövcuddur. Prorektor vəzifəsinə təyinatın Təhsil Nazirinin əmri ilə rəsmiləşdirilməsi tələb olunduğu halda, rektor Yusif Yusibovun hər üç aydan bir daxili əmr verməklə İsfəndiyar Alverdiyevi prorektor vəzifəsini icra etməyə təyin etdiyi məlumdur. Bu təyinatların hansı hüquqi əsaslarla həyata keçirildiyi, rektorun belə əmrlər vermək səlahiyyətinin olub-olmadığı və həmin əmrlərin qanunvericiliyə uyğunluğu yoxlanılmalıdır.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən əvvəllər töhmət verilərək vəzifədən uzaqlaşdırıldığı və barəsində cinayət işi açıldığı məlum olan İlqar Kubışev hazırda Gəncə Dövlət Universitetində başqa vəzifəyə təyin edilmişdir. Belə ki, universitetdə Müasir Təlim Mərkəzi yaradılmış, həmin mərkəz üçün ayrıca otaq ayrılmış və İlqar Kubışev yüksək əməkhaqqı ilə mərkəzin müdiri vəzifəsinə təyin edilmişdir. İlqar Kubışev Texniki Universitetin Maşınqayırma texnologiyası ixtisasını bitirmişdir. Onun təhsil istiqaməti, peşə hazırlığı, təcrübəsi və tutduğu vəzifənin tələbləri arasındakı uyğunluq, eləcə də Müasir Təlim Mərkəzinin yaradılmasının zəruriliyi araşdırılmalıdır.
ardı var

