Azərbaycan daha dünyanın ən çox çörək yeyilən ölkələrindən biri deyil

Bu gün, 12:24           
Azərbaycan daha dünyanın ən çox çörək yeyilən ölkələrindən biri deyil
İndiyə qədər Azərbaycanda təkcə insanların həyat tərzi yox, elə statistik göstəricilər də çox çörək yeyilməsindən xəbər verirdi. Ölkə müstəqilliyini bərpa edəndə adambaşına düşən çörək və taxıl məhsullarının istehlakı 204 kiloqram olub. 2008-ci ildə göstərici ən yüksək həddə çatıb. Həmin il adambaşına düşən istehlak 251 kiloqrama yüksəlib. Azərbaycan bu xüsusiyyətə görə dünyada lider olub.
Bizimyol.info xəbər verir ki, Azərbaycan daha dünyanın ən çox çörək yeyilən ölkələrindən biri deyil. Adambaşına istehlak 141 kiloqrama düşüb. İllərdir müşahidə olunan azalma tendensiyası davam edib. 2024-cü ildə adambaşına düşən istehlak 146, 2020-ci ildə isə 193 kiloqram təşkil etmişdi.

Azərbaycan çörək və taxıl məhsullarının adambaşına düşən istehlakına görə dünyada liderlər qrupundan uzaqlaşıb. 2014-cü ildən başlayan tendensiya özünü cədvəldə göstərib. Səbəbi müəyyən qədər aydındır. Birincisi, insanların həyat tərzində dəyişiklik olub, sağlam yaşam seçimi edənlərin sayı artıb. İkincisi, miqrasiya məsələləri ilə bağlıdır. Əslində, ölkədən gedənlərin çoxluğu statistikada əksini tapir. Hələ də orta göstərici çıxarılanda əhalinin 10 milyon nəfərdən çox olması nəzərə alınır.

Başqa ölkələrə gəlincə, hələ də Orta Asiyada çörək çox yeyilir. Türkmənistan 211 kiloqram göstəricisi ilə liderdir. Özbəkistanda çörək və taxıl məhsullarının adambaşına düşən istehlakı 191, Tacikistanda 174 kiloqramdır. Rumıniya ilə Bosniya və Herseqovina da liderlərdən hesab olunur.

Avropanın şimalında çörəyə çox ehtiyac duyulmur. Ən aşağı göstərici İslandiyadadır. Bu ölkədə adambaşına düşən istehlak 80 kiloqramdır. Ümumiyyətlə, şimaldakı beş dövlətin hamısında eyni vəziyyətdir. Skandinaviyada və bura yaxın ölkələrdə çörək populyar deyil.

Qəribədir ki, Niderlandda son illər çox çörək yeməyə başlayıblar. Burada 1993-cü və 2000-ci illərdə adambaşına istehlak 66 kiloqrama düşmüşdü. Zamanla göstərici yüksəlib. Bunu da mütəxəssislər ölkədə miqrantların payının artması ilə əlaqələndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]