Mirsaleh Seyidov buna görə vəzifədə qala bilməzdi – Açıqlama

Bu gün, 15:08           
Mirsaleh Seyidov buna görə vəzifədə qala bilməzdi – Açıqlama
Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəhbər dəyişikliyi baş verib. Mirsaleh Seyidov ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, yerinə Sahib Rzayev gətirilib.

Bu dəyişiklik cəzaçəkmə müəssisələrində mövcud vəziyyətin, məhbusların saxlanma şəraitinin və penitensiar sistemdəki problemlərin yenidən diqqət mərkəzinə gəlməsinə səbəb olub.

Bəs rəhbərlik dəyişikliyindən sonra həbsxanalarda vəziyyət düzələcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz xatırladıb ki, Fərid Əhmədov ədliyyə naziri təyin olunandan sonra bir sıra orqanlarda kadr islahatları aparmışdı:

“Belə yerlərdən biri də Penitensiar Xidmət olub. 2025-ci ilin noyabr ayında nazirin sərəncamı ilə Penitensiar Xidmətin iki vəzifəli şəxsi ədliyyə orqanlarından xaric edilib. Onlardan biri Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov, digəri isə ədliyyə orqanlarının məsul işçisi Altay Abdullayev idi. Təbii ki, bu cür məsul vəzifələrdə çalışan Fəqan Yaqubovun kobud qanun pozuntuları ilə müşayiət olunan əməlləri Penitensiar Xidmət rəisinin gözündən yayına bilməzdi. Görünür, ya onun əməllərinə hansısa səbəblərdən göz yumulub, ya da onunla əlbirliyi edilib. Hər iki halda Mirsaleh Seyidov öz vəzifəsində saxlanıla bilməzdi. O, mütləq işindən uzaqlaşdırılmalı və cəzalandırılmalı idi”.

O ki qaldı Penitensiar Xidmətin yeni təyin olunan Sahib Rzayevə, Heydər Oğuz onun barəsində mənfi bir məlumata rast gəlmədiyini deyib:

“Tərcümeyi-halından aydın olur ki, Sahib Rzayev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Daha sonra Böyük Britaniyanın Esseks Universitetində “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisası üzrə təhsil alıb. 2017-ci ildə isə İngiltərənin Oksford Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Başqa sözlə desək, hüquq sahəsində özünü kifayət qədər yetişdirmiş kadrdır. Ümid edirəm ki, müxtəlif yerli və xarici universitetlərdə topladığı nəzəri bilgilərini yeni vəzifəsindəki təcrübəsi ilə birləşdirəcək, öz həmkarlarına əsl nümunə göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]