Xoşqədəm Hidayətqızı Mehdiyevin üztünə getdi... Xoşqədəm Hidayətqızı keçmişlə bağlı nələri açıqladı...
Bu gün, 16:59

Xoşqədəm Hidayətqızı: "İlk savaşım 1999–2000-ci illərdə başladı. Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Həmin şəxsin Ümummilli liderimizə və ailəsinə qarşı dediyi sözləri dərc etmişdik. Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Bu dəfə güc strukturlarından birinin rəhbəri zəng etdi. Ona da “yox” dedim! Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz… Yenə “yox” dedim. Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu. Cavabım qəti idi: “Mümkün deyil! Bu, olmayacaq!” Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, Ümummilli liderimizin sayəsində məhkəmədə qalib gəldik, haqq-ədalət öz yerini tapdı.
Onu da deyim ki, bu məsələdə o vaxt MTN-in (indiki DTX-nin) rəhbəri Namiq Abbasovun da mənə köməyi dəydi. O, Ümummilli liderimizə mənimlə bağlı doğru məlumatlar çatdırmışdı. Mehdiyevin insanlara necə ləkə yaxdığını, böhtanlar uydurduğunu onu tanıyanlar yaxşı bilirdi. Mən də Namiq müəllimin köməyi sayəsində haqqımda deyilən yalanlardan qurtulmuşdum. Beləcə, ilk qələbəmi qazandım…
2005-ci il. Mətbuatın inkişafındakı xidmətlərimə görə mənə “Tərəqqi” medalı verilməsinə mane olmaq üçün Mehdiyev əlindən gələni etdi. Adımı siyahıdan çıxartdırdı. Tədbir Gülüstan sarayında keçirilirdi. Adımın siyahıda olmayacağını bildiyim üçün adlar oxunanda heç qulaq asmırdım. Birdən ətrafımdakıların mənə baxdığını, qolumdan tutduqlarını hiss etdim. Hamı mənə baxırdı. İnanmırdım… Prezidentimizə baxdım. Göz-gözə gəldik. Üzündəki təbəssümü heç vaxt unutmayacağam. Gözlərim dolmuşdu. Axı adım siyahıdan silinmişdi… Çox sonra öyrəndim ki, Prezidentimiz adımı həmin siyahıya şəxsən özü qeyd etdirib. Bu da növbəti qələbəm idi.
Elə həmin il 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. İnsanlarla birbaşa ünsiyyətə əsaslanan, səmimi təbliğat kampaniyasına başladım. Ağdamın kəndlərini qarış-qarış gəzdiyimi, hər evdə insanlarla görüşdüyümü o prosesdə iştirak edənlər yaxşı xatırlayırlar. Qadınları görüşlərə cəlb etmək, cəbhə bölgəsindəki kəndlərə gecə-gündüz getmək, insanların inamını qazanmaq asan deyildi. Amma bacardım. Və bir gün… O vaxt Ağdamın icra başçısı olan, Ramiz Mehdiyevin ən yaxın adamlarından sayılan Həsən Sarıyev məni yanına çağırdı. “Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin”, — dedi. Mən sakitcə cavab verdim: “Bu, demokratik seçkidir. Qoy seçici qərar versin. Mən də, Bəxtiyar da mübarizə aparaq. Kim layiqdirsə, o da qazansın.” Sarıyev məndən Aqil Abbasın dairəsinə keçməyimi istədi və Mehdiyevin məni oradan seçdirəcəyinə söz verdiyini bildirdi. Yenə “yox” dedim. Üstəlik, Aqil Abbasla namizədliyimizi irəli sürməzdən əvvəl görüşüb dairələrimizi razılaşdırmışdıq. Sarıyev gördü ki, fikrimdən dönən deyiləm. Beləcə, açıq mübarizə başladı. Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməyimə mane olurdu. Son görüşümüzdə həmin kəndlərə niyə getdiyimi soruşdu. O kəndlərdə yaşayanların da mənim seçicilərim olduğunu xatırladanda belə cavab verdi: “O kəndlərin adamları prezident seçkilərində qutuları yandırıblar, müxalifətdirlər.”
Qafqazinfo.az

