Yox əgər boş danışıb, ortaya fakt qoya bilmirsinizsə, bu fikirləriniz sifarişli yazıya, mətnə, müsahibəyə oxşayır.
Bu gün, 00:02

"Kəramət özü də yaxşı başa düşür ki, yazıçı deyil. Ancaq həmin layihəni həyata keçirənlərə Kəramət kimi biri lazımdır. Ağıllı, savadlı, zövqü və istedadı olan həqiqi yazıçını oyuncağa çevirmək o qədər də asan deyil. Çünki onun öz mövqeyi var. Kəramət isə mövqeyi olmayan, ona verilənlərin qarşılığında hər şeyə getməyə hazır olan biridir. Biri var, insanın ədəbiyyata beş faiz aidiyyəti olsun, bir də var ki, heç bir aidiyyəti olmasın. Kəramətin ədəbiyyata ümumiyyətlə dəxli yoxdur. Onu yazıçı hesab etmək utancdır, lider elan etmək isə ədəbiyyatı təhqir etmək deməkdir. Əgər bu nəticələr saxtalaşdırma yolu ilə əldə edilibsə, bu, ədəbiyyata və həqiqi ədəbiyyat adamlarına qarşı hörmətsizlikdir."
Bu yazı tənqidçi Əsəd Cahangirin dilindəndir və hələ bir hissəsidir. Təhsili ədəbiyyat yönümlü olan, filologiyanı bitirən adamlar ədəbi tənqid sahəsində ixtisasından asılı olaraq bu və ya digər şəkildə dərs alıb (bir semestr də olsa). Ədəbi tənqidin nə olmasını, necə aparılmasını, tanınmış simalarını bizlər çox yaxşı bilirik. Yəni işimiz budur. Azərbaycan dili və ədəbiyyatı müəllimi olsam da, bakalavr və magistr təhsilim zamanı ədəbi tənqid haqqında professorlardan, akademiklərdən dərs almışam. Bu yazını görəndə Əsəd Cahangirin ədəbi tənqidçi olmasına şübhə etdim. Ədəbi tənqidçi ağzını açanda ikrah, xainlik, paxıllıq məsələlərini özündən uzaq saxlamalı, obyektiv qiymətləndirmə aparmalıdır. Belə çıxır, Əsəd Cahangir hər nə qədər bu sahədə işlər görsə də, öyrənməli olduğu məsələlər çoxdur. Hörmətli Əsəd bəy, siz ədəbi tənqidçisiniz, hələ digər işlərinizi demirəm, ədəbi tənqidçi yalan danışmaz, faktlar göstərər. Sifarişlə yazı yazmaz. Yazı-pozu adamları sifarişlə yazılan yazını sezmir demək olmaz, yazı özü qışqırır öz məqsədini.
Məqsədiniz Kəramət Böyükçölü gözdən salmaq, nə bilim, qazandığı nominasiyanın ona layiq olmadığını dilə gətirmək, oxucusunu azaltmaqdırsa, əksinə, sizi tanıyan, oxuyan 3-5 insanın da Kəramət Böyükçölü tanımasına, oxumasına vəsilə oldunuz. Axı siz də uşaq deyilsiniz, yaxşı bilirsiniz ki, anti-reklam özü də bir reklamdır. Düzdür, Kəramət Böyükçölün sizin hər hansısa reklamınıza ehtiyacı yoxdur. Sizi qıcıqlandıran məsələlərdən bir də sizin dəvət olunmadığınız XII Beynəlxalq Kitab Sərgisində 50 müəllifdən ibarət yarışın keçirilməsi və bu nominasiyada sevmədiyiniz, ikrah hissi bəslədiyiniz birinin lider olmasıdır. Mən nə Kəramət Böyükçölü dəstəkləmirəm, nə Əsəd Cahangiri. Məqsədim ədəbi tənqidçinin düşdüyü gülməli vəziyyətin ədəbi tənqidə belə gülünc yansımasının səbəblərini axtarmaqdır. Peşəkar ədəbi tənqidçi faktsız ortaya iddia, hələ belə böyük iddia qoymaz ki, "kitablarını da özü yazmır, başqalarına yazdırır". Ədəbi tənqidimizə geri çevrilib baxdığımızda bu fikirlər gülməli deyil, ağlamalı gəlir. Deməyə fikir, yazmağa nəsə yoxdursa, şələ-şüləni yığışdırıb çəkilmək ən doğrusu olmazmı?!
Elxan Elatlıya olan qısqanclıq, paxıllıq hissi Kəramət Böyükçölə də qarşı var. Bu danılmazdır. Necə ki Elxan Elatlı öz oxucusunu tapıb, kitabları böyük tirajla çıxır və satılır, eynilə Kəramətdə də vəziyyət belədir (nə yazdıqlarını qoyaq bir kənara). Azərbaycan ədəbi mühitində məhz bu uğurdur. Həqiqətən belədir. Bu iki müəllif oxucu problemi ilə üzləşmir, gileylənmir. Müəllifə nə lazımdır: qonorar, çap, satış, zaman-zaman təqdimat və oxucu. Bunların hamısı onlarda var. İndi dünyaya çıxmaq, Qafqaz dağlarının ardından Avropaya boylanmaq və hətta aşmaq sonrakı məsələlərdir, bacararlarmı, ya yox, bilmirik. Əsəd Cahangir kimi bu camiədə oxucu problemini aradan qaldıran müəllifə paxıllıq edən çoxdur. Kəramət Böyükçöl ədəbi mühitdə bəlkəsiz tək müəllifdir ki, evinə çörəyi kitablarından qazandığı ilə aparır. Amma, ay Əsəd Cahangir, Kəramət Böyükçöl hələ də dünya səviyyəli nəsə yazmayıb, orta-bab nəsə yazır, çıxır ortaya. Bu orta-bab kitabları görüb sizi paxıllıq tutubsa, bu kitabları onun-bunun yazdığını faktsız iddia edirsinizsə, gör onda dünya ədəbiyyatına bir parça mətni gedib çıxsa, nələr deyərsiniz. Ayıbdır, ədəbi tənqidimizə ayıbdır. Əgər ədəbi tənqidi bu yaşınızdan sonra belə davam etdirəcəksinizsə, elə işin tərcümə hissəsində qalın, ağzınıza gələni kiməsə yedirməyə çalışmayın.
Hərgah ki, əlinizdə sübut, fakt varsa ki, həqiqətən də Kəramət Böyükçölün komandası var və kitablarını onlara yazdırır və bunu bir tənqidçi kimi gizləyirsinizsə, ədəbiyyata xəyanəti o yox, elə siz edirsiniz. Yox əgər boş danışıb, ortaya fakt qoya bilmirsinizsə, bu fikirləriniz sifarişli yazıya, mətnə, müsahibəyə oxşayır.
Mustafa Çələbi

