Kartof sandı, sərvət çıxdı: Torpağın altından 1,2 kiloqramlıq qızıl tapdı
Bu gün, 00:08

Avstraliyanın Yeni Cənubi Uels ştatında xəzinə axtaran şəxs metal detektorunun köməyi ilə təxminən 1,2 kiloqram ağırlığında qızıl külçə tapıb. İlk baxışdan kartofa bənzətdiyi qiymətli parçanın dəyərinin 150–160 min dollar arasında olduğu təxmin edilir.
Tribuna.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, hadisə Tibooburra yaxınlığındakı Mount Stuart Station ərazisində baş verib. İllərdir xəzinə axtaran şəxs metal detektorundan gələn siqnalın güclənməsindən sonra qazıntı aparmağa qərar verib və torpağın altında parlaq sarı rəngli parça aşkar edib.
Qızıl külçənin ümumi çəkisinin 1 218 qram olduğu, aparılan yoxlamalar nəticəsində onun təxminən 940 qramının saf qızıldan ibarət olduğu bildirilir. Tapıntının dəyərinin kolleksiyaçıya satılacağı təqdirdə 200 min dollara qədər yüksələ biləcəyi ehtimal olunur.
Xəzinə axtaran şəxs tapıntıya “Tibooburra Spud” adını verib. O, illərlə apardığı axtarışlar zamanı əsasən güllələr, köhnə mismarlar və nal kimi dəyərsiz əşyalar tapdığını bildirib.
Bölgədə təxminən 20 ildir xəzinə axtarışı avadanlıqları satan Qreq Spangler belə böyük qızıl külçələrinin olduqca nadir rast gəlindiyini vurğulayıb.

