Türk seriallarına baxanda adamın kasıblığına şükür etməyi gəlir.

Bu gün, 08:17           
Türk seriallarına baxanda adamın kasıblığına şükür etməyi gəlir.
Kasıbın evində bir qazan yemək qaynayır, ailə süfrəyə yığışıb dərdini bölüşür. Varlının evində on iki otaq, üç hovuz, iki bağban, bir sürü xidmətçi var, amma ailənin bir üzvü o birinin doğma övladı deyil, digəri ərinin keçmiş sevgilisidir, üçüncüsü iyirmi il əvvəl ölmüş hesab edilən qardaşıdır, dördüncüsü isə əslində heç kimin qızı deyil.
Kasıbın problemi ayın axırını gətirməkdir, varlının problemi isə ailədə kimin kimdən olduğunu müəyyənləşdirmək. Kasıb borcunu ödəyə bilmir, varlı öz atasının kim olduğunu öyrənə bilmir. Kasıbın evinə icra məmuru gəlir, varlının evinə keçmiş sevgili, gizli varis, vəkil və DNT analizinin nəticəsi...
Bir də fikir vermisinizmi, bu varlıların heç biri rahat-rahat nə səhər, nə günorta, nə axşam yeməyi yeyə bilmir. Süfrədə on cür pendir, beş növ zeytun, təzə sıxılmış portağal şirəsi, portağallı ördək və s. var, amma kimsə mütləq əlindəki çəngəli hər dəfə yerə çırpıb deyir: "Sən bunu məndən necə gizlədə bildin?"
Ay qardaş, heç olmasa o pendirdən bir tikə ye, sonra ailə faciənə davam edərsən. Hərdən şübhələnirəm. Görəsən, bunları qəsdən çəkirlər ki, kasıblar özlərinə şükür etsinlər? Yəni adam ayın iyirmisində maaşı qurtaranda televizoru açıb görsün ki, milyarder ailəsi üçüncü dəfədir eyni qızın kimdən doğulduğunu müzakirə edir və şükür, etsin ki, heç olmasa bizim nəsil şəcərəmiz yerindədir.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]