Sürücü tapılmasa, avtomobilə dəyən zərəri kim ödəyəcək? – Ekspert
Bu gün, 17:34

“Radio Enerji 101 FM”ə danışan avtobloqer bildirib ki, avtomobilini gecə saatlarında vurub qaçdıqları hallarda hadisədən xəbərsiz qalır. Onun sözlərinə görə, bu, bir çox sürücünün başına gəlir. Bəzi məhəllələrdə müşahidə kameraları olsa da, kamerasız ərazilər də var.
Bizimyol.info xəbər verir ki, avtobloqer bildirib ki, bu hadisə onun da başına ikinci dəfədir gəlir. Avtomobilini vurub qaçsalar da, polisə müraciət etməyib: “Polisə zəng etməyi də özümə borc bilmədim. Çünki gəlib görəcəklər ki, ərazidə kamera yoxdur”.
Onun sözlərinə görə, kamera görüntüləri əsasında məlumat sığorta şirkətinə ötürülür və müvafiq sənədləşmə aparılır. Bundan sonra sığorta şirkəti ilə məsələləri həll etmək və hadisəni törədən şəxsi tapmaq mümkün olur. Lakin bu imkan icbari sığortada deyil, KASKO sığortasında var.
“Hər il avtomobil üçün sığorta haqqı ödəyirəm. Əgər zərər çəkən vətəndaşa heç kim kompensasiya ödəməyəcəksə və o, avtomobilini öz hesabına təmir etdirməli olacaqsa, onda sual yaranır: burada hansı sığortadan söhbət gedir?”, – deyə avtobloqer bildirib.
Avtomobili vurub qaçan sürücü tapılmadıqda, icbari sığorta zərəri qarşılayırmı?
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Bizimyol.info xəbər portalına bildirib ki, avtomobillərin dayanacaq və yaşayış məntəqələrinin həyətlərində saxlanıldığı zaman başqa nəqliyyat vasitələri tərəfindən vurulması və hadisəni törədən sürücünün ərazidən uzaqlaşması kifayət qədər ciddi problemdir. Xüsusilə gecə saatlarında baş verən belə hadisələrdə avtomobil sahibi çox vaxt səhər nəqliyyat vasitəsinə yaxınlaşdıqda zədələnməni aşkar edir.
Nəqliyyat eksperti deyir: “Təəssüf ki, bəzi hallarda hadisənin şahidi olmur, ərazidə müşahidə kameraları yerləşmir və nəticədə zərəri kimin vurduğunu müəyyənləşdirmək çətinləşir. Burada əsas müzakirə edilməli məsələ təkcə hadisəni törədən sürücünün tapılması deyil, həm də zərərçəkmiş vətəndaşın hüquqlarının hansı səviyyədə qorunmasıdır.
İlk növbədə, icbari avtomobil sığortası ilə KASKO sığortasının mahiyyətini bir-birindən fərqləndirmək lazımdır. Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əsasən, sığortalı nəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə vurulan zərərin qanunla müəyyən edilmiş şərtlər və limitlər daxilində ödənilməsinə xidmət edir. Başqa sözlə, vətəndaşın öz avtomobili üçün ödədiyi icbari sığorta haqqı həmin avtomobilin bütün hallarda zədələnməsinə görə kompensasiya alacağı anlamına gəlmir. Məsələn, bir sürücü başqa bir avtomobili vuraraq ona maddi zərər yetirirsə, qanunla nəzərdə tutulmuş şərtlər daxilində zərərçəkənin avtomobilinə dəymiş ziyan hadisəyə görə məsuliyyət daşıyan nəqliyyat vasitəsinin icbari sığortası hesabına qarşılanır. Lakin hadisəni törədən avtomobil və onun məsuliyyətini sığortalamış şirkət müəyyən edilmədikdə vəziyyət daha mürəkkəb xarakter alır”.
Adil Nəbiyevin sözlərinə görə, icbari sığorta mexanizmində naməlum nəqliyyat vasitəsinin vurduğu avtomobilə dəymiş maddi zərərin avtomatik şəkildə kompensasiya edilməsi nəzərdə tutulmur: “Qanunvericilikdə müəyyən hallarda naməlum və ya sığortasız nəqliyyat vasitələrinin törətdiyi hadisələr üzrə kompensasiya mexanizmləri varolsa da, burada insanların həyatına və sağlamlığına vurulan zərərlə avtomobilə dəymiş əmlak zərəri arasında mühüm hüquqi fərqlər var.
Buna görə də avtomobili gecə saatlarında vurulmuş, lakin hadisəni törədən şəxs müəyyən edilməmiş vətəndaşın yalnız icbari sığorta polisinin mövcudluğuna əsaslanaraq avtomobilinin təmir xərcinin ödənilməsini tələb etməsi hər zaman hüquqi nəticə vermir”.
Adil Nəbiyev əlavə edib: “KASKO sığortasında isə vəziyyət fərqli ola bilər. Belə ki, könüllü sığorta müqaviləsində müvafiq risklər nəzərdə tutulubsa, avtomobilin naməlum şəxs tərəfindən zədələnməsi halında da sığorta ödənişi almaq mümkündür. Ancaq burada da müqavilənin şərtləri, istisnalar, azadolma məbləği və hadisənin sənədləşdirilməsi tələbləri nəzərə alınmalıdır”.
Günel Həsənova,

