Vətəndaşları çaşdıran vəziyyət: Xaos içində qalan yollar - NƏ ETMƏLİ?
Bu gün, 00:02

Son vaxtlar paytaxt yollarında mövcud problemlər davamlı olaraq müzakirə olunsa da, hələlik bu istiqamətdə ciddi dəyişiklik müşahidə edilmir.
Belə ki, bu gün Bakı yollarında çoxsaylı avtomobillərlə yanaşı, avtomobillərin avtobus zolağına daxil ola bilməməsi, onsuzda dar olan yollarda velosiped üçün zolaqların ayrılması, eyni zamanda bu yollarda əlavə olaraq motosiklet və mopedlərin hərəkəti tıxacların həlli mümkün olmayan gündəlik probleminə çevrilib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda təkcə motosiklet və mopedlərin iştirakı ilə 37 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanlardan 1 nəfəri 10-14, 1 nəfəri 15-17, 4 nəfəri 18-20, 3 nəfəri 21-24, 9 nəfəri isə 25-64 yaş qrupuna aiddir.
Azərbaycanda bu ilin 9 ayında isə velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınıb, həmin hadisələrdə 9 nəfər həyatını itirib və 8 nəfər xəsarət alıb.
Bəzi vətəndaşlar sosial şəbəkələrdə artıq paytaxt küçələrində velosiped sürmənin də mümkün olmadığından şikayətlənirlər. Belə ki, memar Elçin Əliyev özünün "Facebook" səhifəsində Bakı yollarında velosipedlərin üzləşdiyi təhlükəni dilə gətirib.
O, artıq paytaxt küçələrində velosiped sürmənin artıq mümkün olmadığını iddia edib:
“Motosikletlər və mopedlər velosiped zolaqlarını, sözün əsl mənasında, zəbt edərək velosipedçilərin təhlükəsizliyinə ciddi təhdid yaradırlar. Bəs velosiped zolaqları nə üçün salınıb? Motorlu nəqliyyat vasitələri üçün əlavə hərəkət zolağına çevrilmək üçün yaradılıb? Nəhayət, yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət etmək və velosipedçilərin təhlükəsizliyini təmin etmək kimin vəzifəsidir?”
Qeyd edək ki, bu gün Bakıda maşın velosipedçini vuraraq öldürüb. Hadisə Sabunçu rayonunda baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Ədalət Bədəlov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən velosiped idarə edən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Velosipedçi hadisə yerinə ölüb.
Beləliklə, bu gün paytaxt yollarında bir xaos müşahidə edilir. Bəs əslində həmin zolaqlar yalnız velosiped üçünmü olmalıdır, yoxsa motosiklet və mopedlər də həmin zolaqlardan istifadə edə bilərmi? Xarici ölkələrdə bu necə tənzimlənir?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev "Cebheinfo.az"-a bildirib ki, paytaxt küçələrində velosiped sürən vətəndaşların motosiklet və mopedlərin velosiped zolaqlarına daxil olması ilə bağlı narazılıqları kifayət qədər ciddi yol hərəkəti təhlükəsizliyi məsələsidir və bu problemə sadəcə ayrı-ayrı sürücülərin qayda pozuntusu kimi yanaşmaq düzgün olmazdı:
"Burada söhbət şəhər nəqliyyatının düzgün təşkilindən, müxtəlif nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsiz şəkildə ayrılmasından və ən əsası, insan həyatının qorunmasından gedir.
İlk növbədə başa düşmək lazımdır ki, velosiped zolaqlarının yaradılmasında əsas məqsəd velosipedçiləri avtomobillərin və digər motorlu nəqliyyat vasitələrinin intensiv hərəkətindən mümkün qədər qorumaq, onların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.
Əgər velosipedçilər üçün xüsusi zolaq yaradılırsa, lakin həmin zolaqdan motosikletlər və mopedlər müntəzəm şəkildə istifadə edərək təhlükəli vəziyyət yaradırsa, deməli, bu infrastrukturun yaradılmasından gözlənilən təhlükəsizlik nəticəsi tam əldə olunmur.
Ancaq burada mühüm hüquqi məqamı da nəzərə almalıyıq. Azərbaycan qanunvericiliyinə əsasən, velosiped zolaqları yalnız adi velosipedlər üçün nəzərdə tutulmayıb.
Mövcud qanunvericilikdə velosiped yolları velosipedlərin və qanunla müəyyən edilmiş kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş infrastruktur kimi müəyyən edilir. Mopedlə motosikleti də bir-birindən fərqləndirmək lazımdır.
Çünki onların texniki xüsusiyyətləri, hərəkət sürəti və hüquqi statusu eyni deyil. Qanunvericilikdə velosiped yollarında velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və durması qadağan edilir.
Bununla belə, dönmə zamanı qırıq-qırıq nişanlama xətti ilə ayrılmış velosiped zolağına müəyyən şərtlərlə daxilolma imkanı da nəzərdə tutulur. Yəni hər bir konkret vəziyyət yol nişanlarına, nişanlama xətlərinə və nəqliyyat vasitəsinin hüquqi kateqoriyasına uyğun qiymətləndirilməlidir".
Onun sözlərinə görə, burada əsas problem ondan ibarətdir ki, bəzi motosiklet və moped sürücüləri velosiped zolaqlarını tıxacdan yayınmaq, digər avtomobilləri ötmək və daha sürətlə hərəkət etmək üçün alternativ yol kimi qəbul edirlər:
“Halbuki velosiped zolağı motorlu nəqliyyat vasitələri üçün əlavə hərəkət zolağı deyil. Velosipedlə hərəkət edən şəxsin təhlükəsizlik imkanları motosiklet və avtomobil sürücüsünün imkanlarından xeyli məhduddur. Velosipedçinin nəqliyyat vasitəsi daha yüngüldür, onun ətrafında qoruyucu konstruksiya yoxdur və yüksək sürətlə hərəkət edən motorlu nəqliyyat vasitəsi ilə toqquşma zamanı ağır xəsarət alma riski böyükdür.
Xüsusilə dar velosiped zolaqlarında motosikletlərin yüksək sürətlə hərəkət etməsi, velosipedçiləri sıxışdırması, arxadan qəfil yaxınlaşması və təhlükəli ötmə manevrləri etməsi ciddi qəza şəraiti yaradır.
Nəzərə almalıyıq ki, velosipedçi hərəkət zamanı yol örtüyündəki çuxurdan, kanalizasiya qapağından və ya digər maneədən yayınmaq üçün istiqamətini müəyyən qədər dəyişə bilər. Belə vəziyyətdə onun yanından yüksək sürətlə keçən motosiklet sürücüsü təhlükəli toqquşmaya səbəb ola bilər".
Ekspert deyir ki, dünya təcrübəsinə nəzər salsaq, velosiped nəqliyyatının geniş yayıldığı ölkələrdə bu məsələyə xüsusi diqqət yetirildiyini görərik:
"Məsələn, Niderlandda velosiped yolları ilə velosiped və mopedlərin birgə hərəkəti üçün nəzərdə tutulmuş yollar arasında hüquqi fərq mövcuddur.
Müəyyən kateqoriyalı mopedlər üçün ayrıca qaydalar tətbiq edilir və yüksək sürətli elektrik velosipedləri də adi velosipedlərlə eyni qaydada qiymətləndirilmir. Böyük Britaniyada isə velosiped zolaqlarının nişanlanmasından asılı olaraq digər nəqliyyat vasitələrinin həmin zolaqlara daxil olmasına ciddi məhdudiyyətlər qoyulur.
Bu təcrübələrin əsas mahiyyəti ondan ibarətdir ki, müxtəlif sürət və təhlükə səviyyəsinə malik nəqliyyat vasitələrinin hərəkəti mümkün qədər düzgün tənzimlənsin.
Hesab edirəm ki, Azərbaycanda da velosiped infrastrukturunun inkişafı yalnız yeni zolaqların çəkilməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ həmin zolaqların real təhlükəsizliyinin təmin edilməsidir. Bu gün bəzi küçələrdə velosiped zolaqları adi boya və nişanlama xətləri vasitəsilə avtomobil yolundan ayrılır. Belə zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması fiziki baxımdan asandır.
Ona görə də yolun eni və texniki imkanları nəzərə alınmaqla, velosiped zolaqlarının avtomobil hərəkətindən xüsusi ayırıcı elementlər, təhlükəsizlik baryerləri və digər konstruktiv vasitələrlə ayrılması məqsədəuyğun olardı.
Lakin bu tədbirlər həyata keçirilərkən təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmətlərin hərəkət imkanları da nəzərə alınmalıdır. Digər mühüm məsələ velosiped zolaqlarının davamlılığıdır.
Bəzən müəyyən məsafədə velosiped zolağı yaradılır, lakin yolayrıcına çatdıqda həmin zolaq qəfil başa çatır və velosipedçi avtomobillərin intensiv hərəkət etdiyi hissəyə çıxmağa məcbur olur. Bu isə təhlükəsizlik baxımından ciddi çatışmazlıqdır.
Velosiped infrastrukturu ayrı-ayrı küçələrdə yaradılmış qısa zolaqlardan deyil, bir-biri ilə əlaqələndirilmiş vahid şəbəkədən ibarət olmalıdır".
Onun fikrincə, eyni zamanda, motosiklet və moped sürücülərinin velosiped zolaqlarından qanunsuz istifadə etməsinin qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilməlidir:
"Xüsusilə motosikletlərin velosiped zolaqlarına daxil olaraq yüksək sürətlə hərəkət etməsi, təhlükəli ötmə manevrləri və velosipedçilərə maneə yaratması halları diqqətdə saxlanılmalıdır. Müasir videomüşahidə sistemlərindən istifadə etməklə bu cür qayda pozuntularının aşkarlanması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi mümkündür. Bununla yanaşı, motosiklet və moped sürücüləri arasında maarifləndirmə işlərinin aparılması da vacibdir.
Sürücülər bilməlidirlər ki, yol hərəkətində üstünlük yalnız daha sürətli hərəkət etmək imkanı ilə müəyyən edilmir. Əksinə, daha yüksək təhlükə yarada bilən nəqliyyat vasitəsini idarə edən şəxsin məsuliyyəti də böyükdür.
Burada çatdırılma xidməti göstərən motosiklet və moped sürücülərinin fəaliyyəti də ayrıca diqqət tələb edir. Sifarişləri daha tez çatdırmaq istəyi heç bir halda yol hərəkəti qaydalarının pozulmasına və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin riskə atılmasına əsas verə bilməz.
Bu sahədə fəaliyyət göstərən şirkətlər də öz əməkdaşlarının təhlükəsiz idarəetmə bacarıqlarının artırılmasına, yol hərəkəti qaydalarına riayət etməsinə və təhlükəli manevrlərdən çəkinməsinə xüsusi diqqət yetirməlidirlər.
Digər tərəfdən, velosipedçilərin özlərinin də müəyyən məsuliyyəti var. Onlar yol nişanlarına, işıqforların tələblərinə, hərəkət istiqamətinə və digər təhlükəsizlik qaydalarına əməl etməlidirlər.
Velosiped zolağının mövcudluğu həmin zolaqda hərəkət edən şəxsi ümumi yol hərəkəti qaydalarından azad etmir. Əsas məqsəd bütün hərəkət iştirakçıları arasında qarşılıqlı hörmət və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması olmalıdır".
O bildirib ki, gələcəkdə velosiped zolaqlarının layihələndirilməsi zamanı həmin küçədəki nəqliyyat axını, motosiklet və mopedlərin intensivliyi, piyadaların hərəkəti, ictimai nəqliyyat dayanacaqları və yolayrıclarının xüsusiyyətləri kompleks şəkildə araşdırılmalıdır:
"Xüsusilə məktəblərin, universitetlərin, parkların və yaşayış məhəllələrinin yaxınlığında velosipedçilərin təhlükəsizliyinə daha həssas yanaşılmalıdır. Çünki velosipeddən yalnız peşəkar və təcrübəli şəxslər deyil, uşaqlar, yeniyetmələr və yaşlı insanlar da istifadə edə bilərlər.
Əgər biz şəhərdə velosiped nəqliyyatını inkişaf etdirmək, avtomobillərdən asılılığı azaltmaq, tıxacların və ətraf mühitə atılan zərərli tullantıların azalmasına nail olmaq istəyiriksə, ilk növbədə insanlarda velosiped sürməyin təhlükəsiz olduğuna inam yaratmalıyıq.
Vətəndaş velosiped zolağına daxil olduqda arxadan motosikletin yüksək sürətlə yaxınlaşacağından, onu sıxışdıracağından və ya təhlükəli manevr edəcəyindən narahat olmamalıdır.
Velosiped infrastrukturu insanların sağlamlığına, şəhərin ekoloji vəziyyətinə və nəqliyyat sisteminin dayanıqlılığına xidmət edən mühüm vasitədir. Ona görə də velosiped zolaqlarının digər nəqliyyat vasitələri tərəfindən qanunsuz zəbt edilməsinə adi hal kimi baxmaq olmaz.
Fikrimcə, burada ən düzgün yanaşma qanunvericiliyin tələblərinin ardıcıl tətbiqi, zolaqların fiziki təhlükəsizliyinin artırılması, müasir nəzarət mexanizmlərinin qurulması və sürücülərin maarifləndirilməsidir.
Unutmamalıyıq ki, velosiped zolağı sadəcə asfalt üzərində çəkilmiş xətt deyil, insan həyatını qorumaq üçün yaradılmış təhlükəsizlik məkanıdır. Əgər həmin məkanda velosipedçi özünü təhlükəsiz hiss etmirsə, deməli, biz yalnız zolaq yaratmaqla kifayətlənməməli, onun təhlükəsiz fəaliyyətini də təmin etməliyik. Əsas məqsəd yollarda kimin daha sürətli hərəkət etməsi deyil, hər bir insanın mənzilbaşına sağ-salamat çatması olmalıdır".

