DİNİ CƏHALƏT, YOXSA DÜNYAVİ TOTALİTARİZM?
Bu gün, 09:34

Doğrudanmı, gənclərimiz, məktəbli qızlarımız bu iki ifrat yanaşma arasında seçim etməlidirlər?
Raif Mirqədirov
Gənimət Zahidə verdiyim müsahibədən və həmin müsahibə ilə bağlı paylaşdığım statusdan sonra cəmiyyətdə müəyyən müzakirələr başladı. Mübahisələrin əsas mövzusu məktəbli qızların hicabla məktəbə gəlməsi məsələsi idi.
Əslində, cəmiyyətdə bu məsələ ətrafında yaranmış qarşıdurmanın müəyyən qədər səngidiyi bir vaxtda diqqəti yenidən hicab mövzusuna yönəltmək, ilk baxışdan, o qədər də düzgün görünməyə bilər.
Lakin iki səbəbə görə bu mövzuya bir daha qayıtmağı zəruri hesab edirəm.
Birincisi, müzakirəyə qoşulan insanların, xüsusilə də mənə suallar ünvanlayan Solmaz Rüstəmovanın şəxsiyyətinə və fəaliyyətinə böyük hörmətim var. Məhz buna görə onun suallarını və irəli sürdüyü arqumentləri cavabsız qoymaq istəmədim.
İkincisi və daha mühümü isə odur ki, mübahisələrin səngiməsi heç də problemin həll edilməsi demək deyil. Problem olduğu kimi qalır. Üstəlik, onun mahiyyəti hicab məsələsindən qat-qat geniş və köklüdür.
Söhbət yalnız məktəbli qızların hicab taxmaq hüququndan deyil, dünyəvi dövlətin mahiyyətindən, dini etiqad azadlığından, fərdin seçim hüququndan və dövlətin bu azadlıqları hansı həddə qədər məhdudlaşdıra biləcəyindən gedir.
Məhz bu iki səbəbdən Solmaz xanımın mənə ünvanladığı geniş şərhə və həmin şərhə verdiyim cavaba diqqətinizi cəlb etmək istəyirəm.
FATMANİSƏLƏRSİZ, TÜKƏZBANLARSIZ GƏLƏCƏK
Rauf bəy, Cavabınıza gec münasibət bildirdiyimi üzürlü sayın. Mövqelərimiz ümumən bəlli idi, konkret bir məsələni aydınlaşdırmaq istəyirdim özüm üçün, amma siz çox geniş mövzulara toxunduz və hər arqumentinizi ayrıca cavablandırmağımı istədiniz. Olsun, mən diskussiyadan qaçan adam deyiləm. Cavabım çox uzun alınıb, görürəm, amma mümkün qədər yığcam yazmağa çalışdığımı nəzərə almağı xahiş edirəm.
Əvvəla, elə ilk iradınızı qəbul etmədim. İnanmazdım ki, sizin hicabla bağlı dövlət qərarında "məktəblərdə" sözünü bilərəkdən "unutduğunuzu" yazmaqdansa, fikrimi daha yumşaq - "sual" şəklində bildirməyimi "peşəkarlığınıza" şübhə kimi qəbul edərsiniz. Xətrinizə dəyibsə, üzr istəyirəm,
Etiraf edim ki, müsahibənizi hələ də dinləməmişəm, amma mövqeyiniz elə giriş yazınızdan məlumdur.
1. Mənim verdiyim tək bir suala - məhz MƏKTƏBLƏRDƏ hicaba qadağaya - yenə birmənalı cavabdan çəkindiniz. Əvvəla, gətirdiyiniz arqument yerinə düşmür: 18 yaşlı gənc oğlan yetkinlik yaşına çatmış vətəndaş hesab edilir, hərbi xidmətə çağırılır və ona silah verilə bilər. 18 yaşlı qız da, həmçinin yetkinlik yaşına çatdığı üçün hicab bağlamaq qərarında azaddır. Daha sonra, siz Məktəbli qızlar arasında hicab bağlamaq üçün yaş fərqinin nəzərə alınmasını təklif edirsiniz, yəni bir tərəfdən dünyəvi məktəbdə dövlətin şagirin dini inanc məsələsinə müdaxiləsini mümkün sayırsınız. Elə isə bu prosesi necə görürsünüz? Hansı yaş hüdudu əsas götürülməlidir? Dövlət, siz dediyiniz kimi, artıq yeniyetmə məktəbli qızın hicaba könüllü ya məcburi keçdiyini necə ayırd etməlidir? Dövlətin təmsilçisi kimi müəllim hər yeniyetmə qızla bu barədə ayrıca söhbət etməli, sonra qərarını müdiriyyətə, valideynə bildirməlidir, yaxud daha necə? Bu halda məktəbli qıza öz seçimi üçün daha bir müddət vaxtı verib, qərarını məktəbi bitirdikdən sonra qəbul etmək azadlığı yaratmaq daha münasib sayılmırmı?
Məktəbin vəzifəsi savadlı şagird və milli ruhlu vətəndaş yetişdirməkdir. Dini inancların ifadəsi üçün məscidlər və onların yanında mədrəsələr var ki, dövlət onların işinə müdaxilə etmur.
2. Sizin Azərbaycanı bir sıra Qərb ölkələrində hicablı qadınlara münasibət baxımından müqayisənizi də qüsurlu sayıram. Azərbaycan bir Şərq ölkəsi olmaqla Fransa, Almaniya, İngiltərə və İsveçdən tam fərqli tarixi inkişaf yolu keçib. Amma taleyimiz elə gətirib ki, bu yolun son əsrlərini biz özünəməxsusluğu ilə seçilən, lakin əsasən Qərb yönlü Rusiyanın müstəmləkəsi kimi yaşamışıq və istər-istəməz, yəqin ki, şans gətirərək, bu yolla Qərb mədəniyyəti və yaşam tərzini qavramışıq. Bizim ayıq düşüncəli xadimlərimiz artıq mütəriqqi dövrünü başa vurub tənəzzül keçirən İslam dünyası ilə yeni texnika və fəlsəfi-ideoloji fikirlər əsrinə qədəm qoyan Qərb mədəniyyəti arasında fərqi dərhal görüblər və milli-dini kimliklərini saxlamaqla bərabər öz dünyəvilik seçimlərini ediblər. Rusiya və Qərb universitetlərini bitirən azərbaycanlı gənclər artıq başı örtülü "Fatma-Tükəzbanlarla" deyil, əcnəbi, çox vaxt isə təhsil və maarifdə bizdən çox-çox qabaqda olan başıaçıq tatar qızları ilə evləniblər. Xeyli nümunələr var. Hacı Zeynalabdin Tağıyev müsəlman qızları üçün məktəbi elə-belə açmamışdı ki! Azərbaycanın bütün oxumuş, qabaqcıl qadınları başəaçıq olub. Cümhuriyyət dövlətimiz də ilk gündən dünyəvilik prinsipini seçib, Rəsulzadə Parlamentdə açılış nitqində Ölkə bayrağındakı yaşıl rəngi dinin deyil, İslam sivilizasiyanın təcəssümü kimi, Azərbaycanın uzun əsrlər İslam mədəniyyətinin daşıyıcısı olduğu kimi şərh edib.
Ümumiyyətlə azərnaycanlı qadınlar tarixən hicab, niqab və d. ərəb mühitinə hesablanmış baş örtüyü geyməyiblər, yalnız çadra örtüblər ki, onu da əsasən üst geyimi kimi istifadə ediblər, istədikləri yerdə və vaxtda da rahatca çıxara biliblər. İlin fəslindən asılı olaraq, bayramlarda da ağ, güllü çadralar örtüblər. Kəlağayi barədə susuram. Qacarlar dövrü saray qadınların rəsmlərinə baxın, ümumən başıaçıq təsvir edilirlər. Sovetlər dönəmində dövlətin "çadra doloy" kampaniyası əmr və təzyiq vasitəsilə həyata keçirilsə də, son məticədə yüz minlərlə qadının savadlanması, ictimai həyata cəlb edilməsində müsbət rol oynayıb. Cəfər Cabbarlının hər "Sevil" tamaşasında neçə-neçə qadın çadrasını elə teatrda açıb. Sovet dövrü başıaçıq Azərbaycan qadınlarının əldə etdiyi mövqe və nailiyyətləri sadalamağa ehtiyac varmı?
Rauf bəy, bu qədər Tarixə varmağımın səbəbi yalnız tarixçi olmağımla bağlı deyil. Məqsədim Ölkəmiz kimi, vaxrilə hüquqsuz Azərbaycan qadının da öz inkişafında sırf özünəməxsus yol keçdiyini və böyük uğurlar qazandığını vurğulamaqdır. Düzü məhz müstəqilliyimizin 35 ilində cəmiyyətdə bu sıradan proseslərin keçmişə doğru yönəlməsinin və dini inancların vizual şəkildə, bizə yad olan - hicabla ortaya çıxmasının səbəblərini qismən anlasam da, etiraf edim ki, böyük təəssüf hissi keçirirəm. Bunu dövlətimizin ideologiya, uşaq və gənclərimizin dünyəvilik, vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə təhsil sahələrində böyük uğursuzluğunun nəticəsi sayıram ki, bu artıq ayrı mövzudur.
3. Sizin arqumentlərə qayıdaq. Bu gün məktəblərin qarşısında azyaşlı qızlarının başını örtərək "hicab namusdur, qeyrətdir" qışqıran, bununla da yalnız İnanc deyil, artıq Əxlaq məsələsini ortaya atan hicablı xanımların və onları dəstəkləyənlərin bu məntiqindən nə nəticə almalıyıq?!
Dini inanc ilk növbədə insanın şəxsi məsələsidir, özü ilə Allahı arasında olan münasibətdir, baş örtüyü ilə heç ölçülməz. Balaca qızlara "namus", "qeyrət" kimi anlayışları hicab nümunəsində izah etmək rəzalətdir, onlara başıaçıq sinif yoldaşlarına, həmyaşıdlarına əxlaqsız, namussuz kimi baxmağa sövq edəcək bir düşüncə tərzidir. Məqbul sayıla bilərmi? Hicablı qızların valideynləri bu şüarlarla ilk növbədə öz övladlarının başıaçıq müəllimlərini təhqir etdiklərinin fərqinə varırlarmı?
Hicablı müəllimə dərs dediyi oğlan şagirdinə "naməhrəm" kimi baxırsa heç məktəbdə işləməsə yaxşıdır.
4. Daha bir arqumentinizlə da razı deyiləm. Xalqa aid bütün məsələləri xalqla müzakirə etmək və çoxluğun fikri ilə razılaşmaq. Əslində Dövlətin mahiyyəti son nəticə olaraq xalqa xidmətdir, Xalq da bu məqsədlə imtiyazlarının böyük hissəsini dövlətə, onun müxtəlif sahələrdə təxəssüslü institutlarına tapşırır. Bu zaman Xalq, yaxud onun çoxluq sayıla biləcək hissəsi özünə və dövlətçiliyinə aid bütün məsələlərdə həmişə haqlı olmaya da bilər. Öz dövlətçiliyimizin tarixindən: 1918-ci ilin mayında İstiqlalını elan etmiş Cümhuriyyət xadimləri heç bir ay keçməmiş ölkənin müvəqqəti paytaxtı Gəncəyə qayıdarkən İlhaqçılar adlı bir əhali qrupunun etirazları ilə qarşılaşmışlar. Əsasən Gəncə və Qarabağ camaatından ibarət və aralarında çox görkəmli şəxslər olan, sayı minlərlə ölçülə biləcək (imzalar toplanmış) bu əhali çoxluğu Cümhuriyyət xadimlərinə İstiqlal bəyan etmək, müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyini, Azərbaycanın gələcəyinin Osmanlı dövlətinə birləşmək olduğunu bildirərək Milli Şuranı və Hökuməti buraxmağı tələb etmişdilər. Bu zaman artıq Gəncədə olan Nuru paşanın silahlı dəstələri də İlhaqçıları dəsyəkləyirdi. Dövlətçiliyimiz üçün ilk real təhlükənin yarandığı bir zamanda həmin 10-15 nəfər Cümhuriyyət liderləri bu çoxluğa tabe olub geri çəkilsəydilər, inanın ki, cəmi 3-4 aydan sonra müharibədə məğlub olaraq tutduğu bütün əraziləri, o cümlədən ölkəmizi tərk etməyə məcbur olan və dağılan Osmanlı dövləti ilə bərabər Azərbaycan dövlətçiliyi də tarixə çevriləcəkdi.
Mövzuya yaxın daha bir nümunə: 1978-79-cu il İran inqilabı heç də islam adı ilə başlamamışdı. Ruhanilər monarxiyaya qarşı bu nəhəng xalq hərəkatının yalnız bir qolunu təşkil edirdilər. O hərəkatda İranın bütün inqilabi, siyasi qüvvələri, tələbələr, ziyalılar ayağa qalxmışdı, məqsəd dünyəvi, demokratik respublika qurmaq idi. Son nəticədə hərəkatın taleyini məhz məscidlərdə yığılan və mollaların küçələrə çıxardığı kütlə - çoxluq həll elədi. Bütün digər inqilabi, siyasi təşkilatların rəhbər və üzvləri edam edildi, güllələndi, milyonlarla insan ölkəni tərk etməyə məcbur oldu. Sonu göz qabağında. Bütün bu dövrdə hərəkatda fəal iştirak edən hicablı İran qadınlarının başını örtmək istəməyən iranlı xanımlara, tələbələrə etdiyi zülm və qəddarlığı təsvir etmək üçün qələm yetməz. Bütün bu prosesləri, necə başladığını və hara gəlib çatdığını mərhələ-mərhələ tədqiq etmiş iranşünas alim kimi tam əminliklə bildirirəm Qarşımızda müqayisə və nəticə almaq üçün çox bariz nümunə var. Mümkündür ki, ölkəmizdə bu nümunəni özünə həqiqətən Nümunə bilən vətəndaşlarımız bu gün hələ "çoxluq" deyillər. Elə isə Dövlət də bu yerdə perspektivi görməlidir.
Lütfən, Raur bəy, Azərbaycan öz seçimini və inkişaf yolunu tarixən artıq müəyyən etmiş, lakin çox kiçik bir ölkədir, 3 imperiya tarixli qonşuları qarşısında özünün kimliyini və gələcəyini qorumağa çalışır. Problemlərimiz çoxdur. O cümlədən Sizin dediyiniz sosial məsələlər. Şəxsən sizin özünüzün vaxtilə hansı ədalətsizliklərlə üzləşdiyinizi, mühacirət məcburiyyətinizi də bilirəm, ağrınızı da anlayıram. Mövqeyiniz - istər liberal baxışlar, istər siyasi müxalifət baxımından - bəllidir, haqqınızdır. Amma, hörmətli Rauf bəy, siz Vətəndən ayrı yaşasanız da bütün bu yazılarınızda Vətənə nə qədər bağlı olduğunuz, onun təəssübünü çəkdiyiniz aydın görünür. Odur ki, dövlətimizin gələcəyi, xüsusilə onun sivil, inkişaf etmiş ölkələr və cəmiyyətlər arasında yer tutması üçün taleyüklü məsələlərdə, ilk növbədə məhz dövlətçilik maraqlarından çıxış edəcəyinizə inanıram.
Ehtiramla.
AZAD GƏLƏCƏK ZORLA GƏLƏCK?!!!
Hörmətli Solmaz xanım!
İlk növbədə, suallarınıza bir qədər gec cavab verdiyim üçün üzr istəyirəm. Açığı, əvvəlcə bu diskussiyanı davam etdirməyin mənası olmadığını düşünürdüm. Lakin sonra qərara gəldim ki, hər halda, davam etdirməyə dəyər. Ən azı ona görə ki, Sizə, şəxsiyyətinizə və fəaliyyətinizə böyük hörmətim var.
Elə bu səbəbdən də müzakirəmizdə məni təəssüfləndirən, hətta müəyyən mənada ağrıdan bir məqama toxunmaq istəyirəm.
Siz yenə də müsahibəmi izləmədiyinizi bildirirsiniz, amma eyni zamanda həmin müsahibədə ətraflı cavablandırdığım məsələlərlə bağlı mənə suallar ünvanlayırsınız. Halbuki ilk cavabımda da qeyd etmişdim ki, müsahibəni izləsəydiniz, suallarınızın əhəmiyyətli hissəsi, sadəcə, ortaya çıxmazdı.
Bilirsiniz, bu yanaşma mənə sovet dövründən yaxşı tanış olan bir ifadəni xatırladır: «Oxumamışam, amma qətiyyətlə etiraz edirəm!»
Əlbəttə, Sizin mövqeyinizi həmin dövrün ideoloji kampaniyaları ilə eyniləşdirmək niyyətində deyiləm. Ancaq müzakirə olunan fikirlərlə əvvəlcə tanış olmadan onlara etiraz etmək üsulunun özü istər-istəməz həmin xoşagəlməz ənənəni yada salır. Xüsusilə də Sizin kimi hörmət etdiyim bir insanın yanaşmasında bunu görmək mənim üçün təəssüf doğurur.
Məsələn, müsahibəni izləsəydiniz, məktəblərdə hicabın hansı yaşdan etibarən qəbul edilə biləcəyi barədə sualınızın cavabını eşidərdiniz.
Mən orada kifayət qədər aydın bildirmişəm ki, beş, altı, yeddi, səkkiz yaşlı uşaqların dini etiqadla bağlı şüurlu və müstəqil seçim etmək imkanları son dərəcə məhduddur. Onların nə dinlər və dünyagörüşləri haqqında yetərli bilikləri, nə həyat təcrübələri, nə də bu bilik və təcrübələri müqayisə edib müstəqil nəticəyə gəlmək üçün kifayət qədər formalaşmış düşüncə qabiliyyətləri var.
Belə yaşda uşağın özünü müsəlman, xristian, yəhudi və ya ateist kimi müəyyənləşdirməsi, bir qayda olaraq, onun şüurlu seçimindən daha çox ailə və sosial mühitin təsirini əks etdirir.
Lakin yeniyetməlik dövründə vəziyyət dəyişməyə başlayır. Təxminən 12–13 yaşlarından etibarən uşaqların dünyagörüşü formalaşır, onların məlumat toplamaq, müşahidə etmək, müqayisə aparmaq və müəyyən nəticələrə gəlmək imkanları genişlənir. Əlbəttə, bu proses hər kəsdə eyni sürətlə getmir. Amma mən hesab edirəm ki, yeniyetmənin öz etiqadı və onun zahiri ifadə formaları barədə fikrinə artıq ciddi yanaşmaq lazımdır.
Burada əsas məsələ konkret yaş həddindən daha çox seçimin şüurlu, könüllü və məcburiyyətdən azad olmasıdır.
Siz məndən soruşursunuz ki, yeniyetmənin bu və ya digər dini etiqadı qəbul etməsinin, yaxud hicab taxmasının həqiqətən könüllü seçim olduğunu necə müəyyənləşdirmək olar? Haradan bilək ki, bu, onun öz qərarıdır, valideynlərinin, qohumlarının və ya mənsub olduğu dini icmanın təzyiqinin nəticəsi deyil?
Bu, tamamilə haqlı və ciddi sualdır. Ancaq onun cavabını axtararkən bir mühüm məqamı nəzərdən qaçırmamalıyıq.
Siz də valideynsiniz, mən də. Hər ikimiz çox yaxşı bilirik ki, uşaqların dünyagörüşünün formalaşmasında ailənin, ilk növbədə isə valideynlərin şəxsi nümunəsinin böyük rolu var. Uşaq valideynlərinin həyat tərzini, davranışlarını, dəyərlərini müşahidə edir, istər-istəməz onlardan təsirlənir. Bu təsiri tamamilə neytrallaşdırmaq nə mümkündür, nə də, məncə, buna ehtiyac var.
Üstəlik, uşağın formalaşmasına yalnız ailə təsir göstərmir. Məktəb, dostlar, sosial mühit, internet, müxtəlif ictimai və mədəni təsirlər də mövcuddur. Bəzən bu kənar təsirlər valideynlərin şəxsi nümunəsindən daha güclü olur.
Amma burada şəxsi nümunə ilə məcburiyyəti, tərbiyə ilə təzyiqi, təsirlə zorakılığı bir-birindən fərqləndirmək lazımdır.
Valideynin dindar olması və uşağın onun həyat tərzindən təsirlənməsi hələ uşağın dini etiqadı zorla qəbul etməsi demək deyil. Eyni məntiqlə, ateist valideynlərin övladının ateist olması da avtomatik olaraq onun seçim azadlığının pozulduğunu göstərmir.
Əgər hər bir ailə təsirini məcburiyyət hesab etsək, onda ümumiyyətlə, uşağın dünyagörüşünün formalaşmasında ailənin rolunu şübhə altına almalı olacağıq. Bu isə bizi kifayət qədər absurd nəticələrə gətirib çıxarar.
Əsas məsələ uşağın seçim azadlığını real təzyiqlərdən qorumaqdır.
Yenə də müsahibəmə qayıtmalı oluram. Çünki onu izləsəydiniz, İsveçrədə mövcud olan müəyyən təcrübələr barədə danışdığımı da bilərdiniz.
İsveçrədə məktəblər, sosial xidmətlər və uşaqların müdafiəsi ilə məşğul olan müvafiq qurumlar vasitəsilə onların hüquqlarının qorunmasına yönəlmiş mexanizmlər mövcuddur. Bu mexanizmlər, digər məsələlərlə yanaşı, uşağın valideynləri, qohumları və ya mənsub olduğu icma tərəfindən təzyiqə məruz qalıb-qalmadığını müəyyənləşdirməyə və zərurət yarandıqda müdaxilə etməyə imkan verir.
Əlbəttə, mən bu sistemin qüsursuz olduğunu iddia etmirəm. Onun nə dərəcədə səmərəli işləməsi, hansı hallarda müdaxilənin əsaslı sayılması, ailənin hüquqları ilə uşağın fərdi azadlığı arasındakı sərhədin haradan keçməsi barədə İsveçrənin özündə də müzakirələr var.
Amma əsas məsələ odur ki, belə mexanizmlər mövcuddur və problemin həlli üçün alternativ yanaşma təklif edir.
Yəni dövlətin qarşısında yalnız iki seçim dayanmır: ya uşaqları tamamilə valideynlərin və dini icmaların ixtiyarına buraxmaq, ya da hamıya şamil edilən qadağalar tətbiq etmək.
Üçüncü yol da var: uşağın hüquqlarını qoruyan, mümkün təzyiqləri müəyyənləşdirən, konkret hallarda müdaxilə edən, eyni zamanda onun fərdi seçim azadlığına hörmət göstərən sistem yaratmaq.
Mənim müdafiə etdiyim yanaşma məhz budur.
Azadlığı qorumağın yolu onu qabaqcadan qadağan etmək deyil.
İkinci sualınıza cavabımda isə nə sarkazmdan, nə də ironiyadan istifadə etmişdim. Təəssüf ki, Siz mənim arqumentlərimi bir qədər sadələşdirərək, hətta karikaturalaşdıraraq təqdim edirsiniz.
Məsələn, 18 yaş məsələsini götürək.
Sizin mövqeyinizdən belə çıxır ki, insan yalnız yetkinlik yaşına çatdıqdan sonra öz dini etiqadı və hicab taxıb-taxmaması barədə müstəqil qərar verə bilər.
Azərbaycanda insan 18 yaşında yetkin hesab edilir, seçki hüququ qazanır, hərbi xidmətə çağırılır. Dövlət ona silah etibar edir, Vətənin müdafiəsini tapşırır, lazım gəldikdə həyatını riskə atmasını tələb edir.
Amma Sizin məntiqinizə əsasən, həmin yaşa çatmasına cəmi bir neçə ay qalmış 17 yaşlı yeniyetmə öz başına hicab taxıb-taxmamaq barədə qərar verə bilməz!
Bağışlayın, burada müəyyən məntiqi ziddiyyət görürəm.
Üstəlik, Azərbaycan qanunvericiliyində bəzi ağır cinayətlərə görə cinayət məsuliyyəti 14 yaşından başlayır. Yəni qanunverici müəyyən hallarda 14 yaşlı yeniyetmənin öz hərəkətlərinin mahiyyətini və nəticələrini dərk etmək qabiliyyətini qəbul edir.
Əlbəttə, cinayət məsuliyyəti ilə dini seçim eyni hüquqi kateqoriyalar deyil. Mən də onları eyniləşdirmirəm. Sadəcə, yeniyetmənin düşünmək, anlamaq və müəyyən qərarlar qəbul etmək qabiliyyətini prinsip etibarilə inkar etməyin nə qədər mübahisəli olduğunu göstərirəm.
Digər bir məqam da var.
Mən İslamda qadınlar üçün məhrəm və naməhrəm anlayışlarının mövcudluğunu xatırladanda Siz cavab verirsiniz ki, əgər müəllimlər uşaqları naməhrəm hesab edirlərsə, ümumiyyətlə, məktəbdə dərs deməsinlər.
Bağışlayın, amma bu, mənə ciddi arqumentdən daha çox emosional reaksiya təsiri bağışlayır.
Axı qadın müəllimlər məktəbdə yalnız uşaqlarla ünsiyyətdə olmurlar. Onların kişi həmkarları, valideynlər və digər şəxslərlə də gündəlik təmasları var.
Mənim üçün əsas sual başqadır: müəllimin peşəkarlığını, pedaqoji qabiliyyətini və uşaqlara münasibətini onun başındakı örtüklə müəyyənləşdirmək nə dərəcədə doğrudur?
Əgər müəllim öz dini baxışlarını şagirdlərə zorla qəbul etdirmirsə, onların hüquqlarını pozmursa və peşə vəzifələrini layiqincə yerinə yetirirsə, onun şəxsi etiqadına münasibət niyə peşə fəaliyyətinə qiymət verməyin əsas meyarına çevrilməlidir?
İstəməzdim ki, diskussiyamız bu cür populist müstəviyə keçsin. Məncə, bu, nə Sizə, nə də mənə yaraşar.
İndi isə məsələnin daha fundamental tərəfinə keçmək istəyirəm.
Mən həm müsahibəmdə, həm də ona yazdığım qısa girişdə bildirmişəm ki, dünyəvi dövlətlərdə din və dövlət, eləcə də dini etiqad azadlığı ilə ictimai institutların dünyəvi xarakteri arasında münasibətlər müxtəlif şəkildə tənzimlənir.
Avropanın özündə belə vahid model yoxdur. Tam qadağalardan qismən məhdudiyyətlərə, oradan da daha liberal yanaşmalara qədər müxtəlif təcrübələr mövcuddur.
Mən hətta xüsusi vurğulamışam ki, irəli sürdüyüm model mütləq həqiqət deyil.
Nə Allaham, nə də peyğəmbər. Mütləq həqiqətə sahib olduğumu iddia etmək kimi bir niyyətim də yoxdur.
Mən sadəcə, insan hüquqları və azadlıqları haqqında təsəvvürlərimə əsaslanan şəxsi mövqeyimi ifadə edirəm.
Təəssüf ki, Sizin ikinci şərhinizdə isə müəyyən doqmatik yanaşma görürəm.
Dini doqmatizmə qarşı başqa bir doqmatizmlə mübarizə aparmaq nə liberalizmdir, nə də demokratiya. Bu, sadəcə, bir mütləq həqiqət iddiasını başqası ilə əvəz etməkdir.
Bunu kommunistlər də etmişdilər. Nəticələrini isə tarixdən kifayət qədər yaxşı bilirik.
Ümumiyyətlə, müzakirəmizdə məni düşündürən başqa bir məqam da var. Bəzən məndə belə təəssürat yaranır ki, Siz müasir İslam dünyasında mövcud olan dini cərəyanlara və ictimai proseslərə hələ də XIX əsrin ortaları, XX əsrin əvvəllərinin təsəvvürləri prizmasından yanaşırsınız. "Fatmanisələri, tükəzbanları" yada salırsınız...
Məncə, bu, yalnız yanlış deyil, həm də təhlükəli yanaşmadır. Çünki müasir dini cərəyanların hamısını savadsızlıq, cəhalət və geriliklə eyniləşdirmək onların real mahiyyətini, təsir imkanlarını və cəmiyyətə nüfuz mexanizmlərini düzgün qiymətləndirməyə mane olur.
Ən azı ona görə ki, yəqin, hər ikimiz Fətullah Gülən hərəkatının fəaliyyəti haqqında kifayət qədər məlumatlıyıq.
Bu hərəkat uzun illər Türkiyədə ciddi ictimai və siyasi təsirə malik olub. Üstəlik, onun nüfuzu Türkiyənin sərhədləri ilə məhdudlaşmayıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən liseylər, universitetlər, digər təhsil müəssisələri, media və biznes strukturları həmin hərəkatın geniş təsir şəbəkəsinin mühüm elementlərini təşkil edib.
Yəni söhbət müasir təhsildən, elmdən, texnologiyadan və qlobal iqtisadi münasibətlərdən təcrid olunmuş, savadsız insanların yaratdığı hansısa ibtidai dini cərəyandan getmirdi. Əksinə, müasir dünyanın imkanlarından kifayət qədər bacarıqla istifadə edən, yüksək təhsilli insanları da öz sıralarına cəlb edə bilən bir hərəkatdan gedirdi.
Onun siyasi məqsədlərinə, fəaliyyət üsullarına və Türkiyədə oynadığı rola münasibətimiz tamamilə fərqli məsələdir. Mən bu nümunəni həmin hərəkatı müdafiə etmək üçün gətirmirəm. Sadəcə, göstərmək istəyirəm ki, dini ideologiya ilə müasir təhsil, yüksək intellektual potensial və texnoloji imkanlar heç də həmişə bir-birini istisna etmir.
Eyni mənada İran nümunəsi də düşündürücüdür.
Yəqin, Siz də mətbuatdan İranın yüksək vəzifəli dövlət məmurlarının, siyasi və dini elitasının bəzi nümayəndələrinin övladlarının, o cümlədən qızlarının ABŞ-də və digər Qərb ölkələrində təhsil almaları, nüfuzlu universitetlərdə elmi fəaliyyət göstərmələri barədə məlumatlarla tanışsınız.
Burada ayrıca bir paradoks da var: Qərb dəyərlərinə qarşı sərt ideoloji mübarizə aparan siyasi sistemin təmsilçiləri öz övladları üçün məhz həmin Qərbin təhsil və elmi imkanlarından yararlanmağa çalışırlar.
Lakin mənim vurğulamaq istədiyim əsas məqam bu ikiüzlülük deyil. Məsələ ondadır ki, dini mühafizəkarlığı avtomatik olaraq intellektual geriliklə eyniləşdirmək reallığı həddindən artıq sadələşdirmək deməkdir.
Təhsilli insan da dini fundamentalist ola bilər. Müasir texnologiyalardan istifadə edən, dünyanın aparıcı universitetlərində təhsil almış insan da avtoritar və doqmatik düşüncənin daşıyıcısına çevrilə bilər.
Elə buna görə də dini fundamentalizmin təhlükəsini yalnız savadsızlıqla izah etmək, yaxud onun qarşısını sadəcə inzibati qadağalarla almağın mümkünlüyünə inanmaq mənə kifayət qədər sadəlövh yanaşma təsiri bağışlayır.
Digər tərəfdən, müsəlman və türk dünyasının tarixi geriliyinin yeganə, yaxud başlıca səbəbini dini inanclarda axtarmaq da, məncə, ciddi elmi və tarixi təhlildən daha çox köhnəlmiş ideoloji qəliblərə əsaslanır.
Bu geriliyin siyasi, iqtisadi, institusional, tarixi və mədəni səbəbləri var. Dinin müəyyən dövrlərdə və konkret şəraitdə oynadığı mənfi rolu inkar etmirəm. Ancaq mürəkkəb tarixi prosesləri bir səbəbə bağlamaqla onları nə izah etmək, nə də doğurduqları problemləri həll etmək mümkündür.
Bütün bunları ona görə xatırladıram ki, dini fundamentalizmə qarşı mübarizədə onun mahiyyətini düzgün anlamaq son dərəcə vacibdir. Təhlükəni düzgün müəyyənləşdirmədən ona qarşı səmərəli mübarizə aparmaq da mümkün deyil.
Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm. Bəzən diskussiyamızın dili və istifadə olunan arqumentlər siyasi mübarizənin qızğın çağlarında səslənən ritorikanı xatırladır.
Halbuki biz Sizinlə siyasi rəqiblər kimi mübarizə aparmırıq. Konkret siyasi qüvvələrin maraqlarını müdafiə etmək üçün polemikaya girməmişik. Biz cəmiyyətimiz üçün mühüm olan, insan hüquqları, dünyəvilik, dini etiqad azadlığı və dövlətin səlahiyyətlərinin sərhədləri ilə bağlı məsələləri müzakirə edirik.
Belə bir müzakirədə siyasi mübarizəyə xas şüarlardan, sadələşdirilmiş ittihamlardan və emosional ritorikadan istifadə etməyi nə özümə, nə də Sizə yaraşdırıram.
Məncə, bizim borcumuz bir-birimizi hansısa hazır ideoloji qəlibə yerləşdirmək deyil, fərqli mövqelərimizin arxasında dayanan arqumentləri anlamağa çalışmaqdır.
Bu, xüsusilə ona görə vacibdir ki, müzakirə etdiyimiz məsələlərin heç birinin sadə və hamı üçün eyni dərəcədə məqbul cavabı yoxdur.
Məsələn, Siz məktəblərin dünyəvilik və vətənpərvərlik ruhunda tərbiyə verməli olduğunu vurğulayırsınız.
Əlbəttə, məktəb vətəndaşlıq məsuliyyəti, cəmiyyətə hörmət və demokratik dəyərlər aşılamalıdır. Ancaq burada bir sual meydana çıxır.
Azərbaycanın bugünkü təhsil sistemində mövcud olan problemləri Siz məndən də yaxşı bilirsiniz. Qorxu, təzyiq, riyakarlıq, müəllim və şagirdlərin hüquqlarının pozulması barədə şikayətlərin səsləndiyi bir sistemdə biz hansı vətənpərvərlik tərbiyəsindən danışırıq?
Vətənpərvərlik inzibati göstərişlə yaradılmır. Vətəni sevməyi öyrətmək üçün əvvəlcə insana, onun şəxsiyyətinə, ləyaqətinə və hüquqlarına hörmət etməyi bacarmaq lazımdır.
Qorxu üzərində qurulan sistem azad vətəndaş yox, itaətkar təbəə yetişdirə bilər.
Məni narahat edən digər məqam isə Sizin bəzi məsələlərdə hakimiyyətin cəmiyyətlə məsləhətləşmədən qərar qəbul etməsini məqbul saymağınızdır.
Mən hər xırda məsələ ilə bağlı referendum keçirilməsinin tərəfdarı deyiləm.
Yaşadığım İsveçrədə birbaşa demokratiyanın necə işlədiyini yaxından görürəm. Bəzən elə məsələlər səsverməyə çıxarılır ki, adam düşünür: doğrudanmı, bunun üçün bu qədər vaxt, enerji və maliyyə vəsaiti sərf etmək lazımdır?
Bunun müəyyən mənada ifrat təcrübə olduğunu da qəbul edirəm.
Amma bizim müzakirə etdiyimiz məsələ hansısa kənd yolunun çəkilməsi deyil.
Söhbət dünyəvi dövlətlə dini etiqad azadlığı arasındakı sərhədin haradan keçməsindən, milyonlarla insanın fundamental hüquqlarına toxunan qərarlardan gedir.
Azərbaycan Konstitusiyasında dövlətin dünyəvi xarakteri təsbit olunub. Lakin dünyəvilik anlayışının özü dövlətə istənilən məhdudiyyəti tətbiq etmək üçün boş çek vermir.
Dünyəvi dövlət dini dövlət deyil. Amma dünyəvi dövlətin dinə düşmən dövlət olması da tələb olunmur.
Əsas məsələ dövlətin dini etiqadlar qarşısında neytrallığını, insanların vicdan azadlığını və başqalarının hüquqlarını necə təmin etməsidir.
Mən nə hakim partiyanın seçkiqabağı proqramlarında, nə də prezidentin seçki platformasında məktəblərdə hicabla bağlı belə bir fundamental qərarın qəbul ediləcəyinə dair konkret və aydın öhdəlik xatırlayıram.
Əgər bu məsələ seçki kampaniyasının əsas mövzularından biri olsaydı, seçicilər də həmin mövqeyə münasibətlərini səsvermə vasitəsilə ifadə edə bilərdilər.
Bu halda hakimiyyət ən azı həmin siyasəti həyata keçirmək üçün seçki mandatına istinad edə bilərdi.
Amma belə bir mandat yoxdursa, cəmiyyətin fundamental hüquqlarına toxunan məsələlər hansı əsasla yalnız icra hakimiyyətinin iradəsi ilə həll edilməlidir?
Azərbaycan hökuməti xalq tərəfindən birbaşa seçilmir, prezident tərəfindən formalaşdırılır. Bu isə onun istənilən məsələni öz mülahizəsinə əsasən tənzimləmək səlahiyyətinə malik olması demək deyil.
Belə qərarlar qanunvericilik çərçivəsində, ictimai müzakirələrlə, seçkili institutların iştirakı və zərurət yarandıqda birbaşa demokratiya mexanizmləri vasitəsilə qəbul edilməlidir.
Bəli, Milli Məclisin legitimliyi barədə mənim ciddi suallarım var. Ancaq mövcud konstitusion sistemdə qanunverici orqan məhz parlamentdir.
Heç olmasa, bu cür fundamental qərarlar ictimai müzakirədən və qanunvericilik prosedurlarından keçməlidir.
Əks halda belə çıxır ki, hakimiyyət səhər yuxudan durub dünyəviliklə dini etiqad arasındakı sərhədi öz zövqünə uyğun yenidən cızmaq hüququna malikdir.
Bu gün hicab, sabah başqa bir məsələ, birisi gün isə tamamilə fərqli bir azadlıq...
Belə yanaşma bizi demokratik idarəçilikdən uzaqlaşdırır.
Son dövrlərdə rusdilli təhsilə münasibətdə müşahidə etdiyimiz ziddiyyətlər də bu baxımdan düşündürücüdür.
Bir müddət əvvəl Azərbaycanda rusdilli təhsilin qorunub saxlanılması və genişləndirilməsi az qala ölkənin üstünlüyü kimi təqdim olunurdu. İndi isə həmin təhsilin məhdudlaşdırılması barədə müzakirələr aparılır.
Mən rusdilli təhsillə bağlı hansı modelin daha düzgün olduğunu burada müzakirə etmək istəmirəm.
Sadəcə, soruşuram: dövlətin bu sahədə uzunmüddətli, ictimaiyyətə aydın şəkildə təqdim edilmiş siyasəti haradadır?
Niyə bu cür mühüm məsələlərdə qərarlar cəmiyyətlə açıq dialoqun nəticəsi kimi deyil, hakimiyyətin dəyişən siyasi mövqeyinin ifadəsi kimi görünür?
Dövlət siyasəti matryoşka oyuncağı deyil ki, hər dəfə birini açanda içindən tamam başqa siyasət çıxsın.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm.
Mən Azərbaycanın teokratik dövlətə çevrilməsinin qəti əleyhdarıyam. Dini doqmalar əsasında idarə olunan dövlət modelini ölkəmiz üçün ciddi təhlükə hesab edirəm.
Əgər Azərbaycanda belə bir təhlükə real xarakter alsa, mən insanların ona qarşı bütün mümkün qanuni və demokratik vasitələrlə mübarizə aparmasına çağıranların ön sırasında olacağam.
Burada mövqeyim birmənalıdır.
Ancaq dini doqmatizmə qarşı mübarizə aparmaq adı altında insan hüquqlarını məhdudlaşdıran başqa bir doqmatik sistem yaratmaq da çıxış yolu deyil.
Məqsədimiz bir avtoritar düşüncə modelini digəri ilə əvəz etmək olmamalıdır.
İndi isə şəxsi həyatımdan bir nümunə gətirmək istəyirəm.
Mən Allahın mövcudluğuna inanıram, amma dindar deyiləm. Özümü nə müsəlman, nə xristian, nə də yəhudi dini ənənəsinin davamçısı kimi müəyyənləşdirirəm.
Mənim üçün bu dinlərdən birini seçmək zərurəti yoxdur. Dini ayinlərə riayət etmirəm və inancımı hansısa dini institutla əlaqələndirməyə ehtiyac duymuram.
Üç qızım var və onların hər biri fərqli dünyagörüşünə malikdir.
Böyük qızım dünyəvi həyat tərzi keçirir. Allahın mövcudluğuna inansa da, dini ayinlərə riayət etmir. Halbuki məktəb illərində özünü müsəlman kimi qəbul edir, müəyyən dini ayinləri yerinə yetirir, hətta namaz qılırdı. Sonralar öz düşüncələri və təcrübəsi əsasında bu ayinlərə ehtiyac duymadığı qənaətinə gəldi.
Ortancıl qızım dünyanın aparıcı universitetlərindən birində süni intellekt sahəsində magistr təhsili alır. Onun daha çox sol dünyagörüşünə yaxın baxışları var. Nə dini etiqadı qəbul edir, nə də Allahın mövcudluğuna inanır.
Kiçik qızım isə daha mühafizəkar baxışlara malikdir. Özünü müsəlman hesab edir, lakin dini ayinlərə və zahiri dini atributlara riayət etmir. Hazırda gimnaziyada oxuyur, fəlsəfə və psixologiya ilə maraqlanır.
Mən onların heç birinə dini və ya dünyəvi baxışlarımı qəbul etdirməyə çalışmamışam.
Əlbəttə, ata kimi onlarla söhbət etmişəm, fikirlərimi bölüşmüşəm, məsləhətlər vermişəm. Amma həmişə bir şeyi vurğulamışam: seçim sizin olmalıdır. Öz həyatınızı, öz dünyagörüşünüzü özünüz müəyyənləşdirməlisiniz.
Onların baxışları zamanla dəyişib və gələcəkdə də dəyişə bilər. Bunda qeyri-adi heç nə görmürəm.
İnsan düşünən, axtaran, şübhə edən və fikrini dəyişmək hüququna malik varlıqdır.
Mənim üçün azadlığın mahiyyəti də məhz budur.
Bu o demək deyil ki, dini radikalizm və fundamentalizmdən qaynaqlanan təhlükələri görmürəm.
Əksinə, həm daxili, həm də xarici təsirlərin mövcudluğunu və onların yarada biləcəyi riskləri qəbul edirəm.
Ancaq hesab edirəm ki, bu təhlükələrə qarşı yalnız qadağalarla mübarizə aparmaq nəinki səmərəsiz ola bilər, hətta uzunmüddətli perspektivdə əks nəticə verə bilər.
Bunun üçün uzağa getmək lazım deyil. Qonşu Türkiyənin tarixi kifayət qədər düşündürücü nümunədir.
Türkiyədə uzun illər dünyəvilik prinsipi dövlət siyasətinin əsas sütunlarından biri olub. Müxtəlif dövrlərdə dini atributların dövlət institutlarında və təhsil müəssisələrində istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edilib.
Xatırlayırsınızsa, hicabla parlamentə gələn Merve Kavakçı 1999-cu ildə Türkiyə Böyük Millət Məclisində ciddi etirazlarla qarşılaşmış, deputat andını içə bilməmişdi.
Bu hadisə dünyəvilik naminə tətbiq edilən qadağaların nə qədər kəskin ictimai qarşıdurma yarada bildiyini göstərirdi.
Bəs nəticə nə oldu?
Sonrakı illərdə siyasi islamçılar hakimiyyətə gəldilər. Əvvəlki qadağaların əhəmiyyətli hissəsi aradan qaldırıldı. Lakin zaman keçdikcə bu dəfə də dünyəvi həyat tərzinin tərəfdarları üzərində siyasi və ictimai təzyiqlər gücləndi.
Yəni əvvəlcə bir tərəf digərinin azadlığını məhdudlaşdırırdı, sonra isə siyasi qüvvələr nisbəti dəyişəndə əvvəlki məhdudiyyətlərin məntiqi əks istiqamətdə işləməyə başladı.
Bir vaxtlar dünyəvilik adı ilə azadlıqları məhdudlaşdıran yanaşma sonradan din və ənənə adı ilə azadlıqların məhdudlaşdırılmasına zəmin yaratdı.
Mənim üçün əsas dərs budur: azadlığı yalnız öz tərəfdarların üçün tələb edəndə, əslində, azadlıq prinsipini müdafiə etmirsən.
Türkiyə ilə bağlı daha bir məqama toxunmaq istəyirəm.
Türkiyəli jurnalistlərin, politoloqların, ekspertlərin, qeyri-hökumət təşkilatlarının Azərbaycanda baş verən hadisələrə münasibət bildirməsinə qətiyyən etiraz etmirəm.
Onlar azad insanlardır və istənilən ölkədə, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə mövqelərini ifadə etmək hüququna malikdirlər.
Amma Türkiyə hökumətinin üzvlərinin və Ərdoğan administrasiyasının nümayəndələrinin Azərbaycandakı hicab məsələsinə dövlət səviyyəsində müdaxilə xarakterli münasibət bildirməsini məqbul hesab etmirəm.
Çünki burada artıq söhbət ayrı-ayrı vətəndaşların fikir azadlığından deyil, başqa dövlətin hakimiyyət nümayəndələrinin siyasi mövqeyindən gedir.
Belə davranış Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.
Mən bu cür xarici təsir risklərini də görürəm. Lakin onların qarşısını almağın ən doğru yolunun cəmiyyəti daha çox qadağalarla idarə etmək olduğuna inanmıram.
Əksinə, düşünürəm ki, azad cəmiyyət xarici ideoloji təsirlərə qarşı qadağalar üzərində qurulmuş cəmiyyətdən daha dayanıqlı ola bilər.
İnsanlara azadlıq, öz həyatlarını qurmaq, dünyagörüşlərini formalaşdırmaq və şəxsi seçimlərini etmək imkanları verilməlidir.
Əgər müəyyən məhdudiyyətlərin tətbiqi həqiqətən zəruridirsə, hakimiyyət onların hüquqi əsaslarını, məqsədini və mütənasibliyini cəmiyyətə izah etməli, insanları bu qərarların zəruriliyinə inandırmalıdır.
Qadağanın özü məqsədə çevrilməməlidir.
Ən əsası, dövlət cəmiyyətin bir hissəsini digər hissəsinə qarşı qoymamalıdır. Dindarla dünyəvi həyat tərzi keçirən insanın bir-birinə düşmən kimi baxdığı cəmiyyət nə azad, nə də sabit ola bilər.
Və nəhayət, bir fikrimi də bölüşmək istəyirəm.
Mən əminəm ki, azad, firavan, öz hüquqlarına güvənən, təhsil almaq, işləmək, səyahət etmək, əylənmək və öz gələcəyini qurmaq imkanlarına malik olan gənclərin böyük hissəsi həyatlarını müxtəlif dini və ideoloji qadağalar ətrafında qurmağa ehtiyac duymayacaq.
Onlar üçün dünyanın rəngarəngliyi, bilik, yaradıcılıq, sevgi, əyləncə və şəxsi inkişaf daha cəlbedici olacaq.
Bəli, bir qədər obrazlı desəm, belə gənclərin çoxu məscidə getməkdənsə diskotekaya getməyi üstün tutacaq. Əlbəttə, bu da onların öz seçimidir. Məscidə getmək istəyənin də eyni dərəcədə azad olması şərtilə.
Mənim üçün əsas məsələ kimin məscidə, kimin diskotekaya getməsi deyil.
Əsas məsələ odur ki, heç kim digərini nə məscidə getməyə, nə də məsciddən uzaq durmağa məcbur edə bilməsin.
Dünyəvi dövlətin gücü insanların dini etiqadını inzibati qaydada tənzimləməsində deyil, fərqli inanclara və dünyagörüşlərinə malik insanların eyni cəmiyyətdə azad və bərabər hüquqlarla yaşamasını təmin etməsindədir.
Hörmətli Sülh xanım, bütün bunları Sizə olan böyük hörmətimi qoruyaraq yazıram.
Bizim mövqelərimiz fərqli ola bilər. Bu, tamamilə təbiidir. Hətta düşünürəm ki, belə fikir ayrılıqları cəmiyyət üçün faydalıdır — bir şərtlə ki, tərəflər bir-birinin arqumentlərini dinləsin, onları təhrif etməsin və öz mövqelərini mütləq həqiqət kimi təqdim etməsinlər.
Mən Sizinlə razılaşmaya bilərəm, Siz də mənimlə. Amma hər ikimizin bu hüququnu qorumaq məhz müdafiə etməli olduğumuz azadlığın özüdür.
Çünki azadlıq yalnız bizimlə razılaşanların azadlığı deyil. Azadlıq, ilk növbədə, bizimlə razılaşmayanların da eyni hüquqlara malik olmasını qəbul etməkdir.
Ümid edirəm ki, mövqeyimi kifayət qədər aydın ifadə edə bildim.
Böyük hörmətlə
30 oktyabr 2026-cı il
Sürix

