Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder İsraillə əlaqələrini kəsir: səbəb Netanyahu hökumətinin siyasətidir!
Bu gün, 12:18

Dünya yəhudiliyinin ən nüfuzlu simalarından biri, 2007-ci ildən Ümumdünya Yəhudi Konqresinin (World Jewish Congress) prezidenti, amerikalı milyarder və tanınmış sionist Ronald Lauder İsrailə qayıtmaq niyyətində olmadığını bəyan edib.
Oktyabrın 23-də İsrailin Haaretz qəzetinə verdiyi müsahibədə Lauder Təl-Əvivdəki mənzilini satdığını, Beer-Şevadakı daşınmaz əmlakını isə Yəhudi Milli Fonduna bağışladığını bildirib.
“İsrailə qayıtmaq niyyətim yoxdur. Qətiyyən!” — deyə o vurğulayıb.
Onilliklər ərzində İsraili müdafiə edən, yəhudi təşkilatlarının fəaliyyətini maliyyələşdirən, Benjamin Netanyahunun yaxın dostu və siyasi dəstəkçisi olmuş bir şəxsin bu qərarı xüsusilə diqqətəlayiqdir.
Bəs Lauderin bu mövqeyinin səbəbləri nədir?
Birincisi, İsraildə demokratiyanın tənəzzülü. Lauderin sözlərinə görə, İsraili digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri həqiqi demokratiyanın mövcudluğu idi. İndi isə ölkədə baş verənlər daha çox “banan respublikasını” xatırladır. O, Netanyahunu demokratik qaydalarla hesablaşmamaqda və şəxsi hakimiyyətini dövlətin maraqlarından üstün tutmaqda ittiham edir.
İkincisi, Ben-Qvir və Smotriç kimi ifrat sağçı siyasətçilərin hökumətdə iştirakı. Lauder hesab edir ki, onların ekstremist siyasəti İsrailin beynəlxalq nüfuzuna ağır zərbə vurur. Netanyahu isə bunun qarşısını almaq əvəzinə, öz hakimiyyətini qorumaq naminə onların fəaliyyətinə şərait yaradır.
Üçüncüsü, İsrailin beynəlxalq təcridinin dərinləşməsi. Lauderin fikrincə, İsrail təkcə Avropa ölkələrində deyil, ABŞ-də və hətta dünya yəhudi diasporasında da əvvəlki dəstəyini itirir. Bir çox yəhudi icmaları artıq İsrail hökumətinin onları müdafiə etdiyinə inanmırlar.
Dördüncüsü, sülh imkanlarının şəxsi siyasi maraqlara qurban verilməsi. Lauder sensasion açıqlama verərək bildirib ki, 1990-cı illərin sonunda Netanyahunun razılığı ilə Suriya prezidenti Hafiz Əsədlə gizli sülh danışıqları aparıb. Onun iddiasına görə, razılaşma əldə olunmağa yaxın idi, lakin Netanyahu şəxsi siyasi gələcəyini üstün tutaraq prosesi dayandırıb.
Lauderin sözləri ilə desək, Netanyahu sülh əvəzinə siyasəti seçib.
Ronald Lauderin mövqeyi göstərir ki, Netanyahu hökumətinin, xüsusilə Ben-Qvir və Smotriçin təmsil etdiyi ifrat sağçı siyasətin doğurduğu narazılıq artıq İsrailin ən sadiq tərəfdarları arasında da ciddi parçalanmaya səbəb olub.
Lauderin İsraildən uzaqlaşması sadəcə şəxsi qərar deyil. Bu, İsrailin indiki siyasi kursuna qarşı onun öz ənənəvi dəstəkçiləri arasından gələn çox ciddi etirazdır.
Fuad Arif Oğlu Ağayev
TEREF

