Jurnalisti döydürən, məktəbi bazara döndərən məktəb direktorunun arxasında duran kimdir?

Bu gün, 00:12           
Jurnalisti döydürən, məktəbi bazara döndərən məktəb direktorunun arxasında duran kimdir?
225 saylı məktəbdə baş verənlərdən sonra “Müəllim qəzeti” jurnalistləri qınayır. Mən həmin qəzetin redaktoruna bir şey demək istəyirəm: jurnalist öz işini görür. Ölüm hadisəsi olubsa, onu ictimaiyyətə çatdırmaq jurnalistin peşə borcudur.
Siz yazırsınız ki, ölüm hadisəsinə görə şagirdlərdə psixoloji gərginlik var, jurnalistin sualına cavab vermək onlara pis təsir edir. Yaxşı, bəs bu məktəbin psixoloqu yoxdurmu?
Varsa, o psixoloqla birlikdə şagirdlər fikir bildirə bilməzdilərmi? Əlbəttə bilərdilər. Bunlar bəhanədir. Təhsil sistemi çürüyəndə bəhanələr də çoxalır.
Təhsil Nazirliyi hər gün çağırış edir ki, şagirdlər məktəbə vahid geyim formasında gəlməlidir. Amma həmin videodakı 225 saylı məktəbdə uşaqların heç birində forma görmədik.
Niyə geyinmirlər?
Çünki direktorun özünün dili gödəkdir! O uşaqlardan pul alıb məktəbə gəlməməyə şərait yaradıbsa, artıq onlardan heç nə tələb edə bilməz.
Direktor dövlətin qərarını saymırsa, o uşaqlar niyə saysın?
Direktor sanki məsuliyyətli, həyata atılacaq gənclər deyil,reket yetisdirir,quldur yetişdirir.
Direktorların baha maşınları və gizli bazarlar
Ortada çox sadə, amma hər kəsi düşündürən haqlı suallar var:
Məktəb direktorlarının sürdüyü o baha maşınlar onların aldığı rəsmi maaşla necə üst-üstə düşə bilər? Bu qədər pul hardandır?
İddialara görə, 10-cu və 11-ci sinif şagirdləri ümumiyyətlə məktəbə gəlmirlər. Onlar evdə qalır, direktora 5 min, 10 min manat arası "haqq" ödəyib adlarını yazdırırlar, özləri isə gedirlər repetitor yanına.
Onların məktəbdən isə ümumiyyətlə xəbəri yoxdur, çünki direktorlar üçün maraqlı olan təhsil yox, cibdir!
İndi həmin o oxumayan, tərbiyə görməyən, "harınlamış" uşaqlar gəlib məktəbdə jurnalistə əl qaldırırlar.
Niyə? Çünki arxalarında o direktorlar dayanır.
Həmin o olay zamanı da məktəb direktoru nə edir? Jurnalist döyülə-döyülə qalır, direktor isə məktəb həyətində asta-asta, nazlana-nazlana gəlir. Nəyi ört-basdır etməyə çalışırsınız?
Kimlər məsuliyyətə cəlb olunmalıdır?
Burada günahkar tək bir nəfər deyil. Ciddi şəkildə cəzalandırılmalıdırlar:
Məktəb direktoru – həm səriştəsizliyinə, həm də bu özbaşınalığa şərait yaratdığına görə.
Təlim-tərbiyə işləri üzrə müavin (zavuç)
Məktəbin qarovulçusu və digər məsul şəxslər – jurnalistin göz görə-görə döyülməsinə laqeyd qalan hər kəs.
Valideynlər – övladına tərbiyə verə bilməyib küçə adamı kimi böyüdənlər.
Telefonla zəng edirik, məktəbdən cavab yoxdur. Jurnalistləri döyüblər, hamı əsəbidir. Bəs jurnalistin əsəbi olmağa haqqı yoxdurmu?
“Müəllim qəzeti”nin redaktoruna son sözüm: jurnalisti qınamaqla təhsil düzəlməyəcək. Düzəltmək istəyirsinizsə, çürüyən yeri göstərənləri yox, çürüməyə səbəb olanları qınayın.
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]