ABB bu il əhalini əlavə 260 milyon manat borclandırıb
Bu gün, 00:08

Azərbaycan Beynəlxalq Bankının (ABB) istehlak krediti portfeli 2026-cı ilin ilk doqquz ayında 259,8 milyon manat və ya 13,1% artıb.
Tribuna.az xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, sentyabrın 30-na ABB-nin istehlak krediti portfeli 2 milyard 244,1 milyon manat təşkil edib.
2025-ci ilin sonunda isə bu göstərici 1 milyard 984,2 milyon manat olub.
Beləliklə, doqquz ay ərzində bankın əhaliyə verdiyi istehlak kreditlərinin qalığı 259,8 milyon manat artaraq 2,2 milyard manatı ötüb.
Hesabat dövründə ABB-nin ümumi kredit portfeli də 7 milyard 80 milyon manatdan 7 milyard 854,1 milyon manata yüksəlib. Artım 774,2 milyon manat və ya 10,9% təşkil edib.
Bankın biznes kreditləri 257 milyon manat və ya 7,2% artaraq 3 milyard 801,8 milyon manata çatıb.
Daşınmaz əmlak kreditlərinin həcmi isə 257,6 milyon manat və ya 16,6% artaraq 1 milyard 808,3 milyon manat təşkil edib.
Beləliklə, ABB-nin kredit portfelində ən böyük mütləq artım istehlak kreditləri üzrə qeydə alınıb.
Sentyabrın sonuna istehlak kreditlərinin bankın ümumi kredit portfelində payı 28,6% təşkil edib. İlin əvvəlində bu göstərici 28% olub.
Qeyd edək ki, ABB istehlak kreditlərinin həcminə görə ölkənin ikinci ən böyük bankıdır. Bank bu göstərici üzrə yalnız Kapital Bankdan geri qalır.

