Həm gözəlliyi, həm də kədərli taleyi ilə tarixə düşən "Qəmgin gözlü şahzadə" — Sürəyya İsfəndiyari kim idi?

Bu gün, 07:54           
Həm gözəlliyi, həm də kədərli taleyi ilə tarixə düşən "Qəmgin gözlü şahzadə" —
Bu, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin böyük bir eşqlə evləndiyi, lakin taxt-tacın qəddar qanunları ucbatından ayrılmaq məcburiyyətində qaldığı ikinci xanımının filmlərə mövzu olacaq dramatik həyat hekayəsidir:
Sürəyyanın hekayəsi 22 iyun 1932-ci ildə İsfahanda, əsilzadə bəxtiyari elinin başçısı Xəlil İsfəndiyari ilə alman mənşəli Yeva Karlın ailəsində başladı. Hələ bir yaşında ikən ailəsi ilə birlikdə anasının vətəni Almaniyaya köçən balaca Sürəyyanın ilk uşaqlıq illəri Berlinin soyuq küçələrində keçdi. 1937-ci ildə İrandakı siyasi vəziyyət stabilləşəndə onlar yenidən İsfahana qayıtdılar. O, həm bəxtiyari köklərinin məğrurluğunu, həm də Avropa zadəganlığının zərifliyini eyni anda ruhunda daşıyırdı.
İlk təhsilini 1937-ci ildən 1947-ci ilə kimi İrandakı ingilis missiya məktəbində alan Sürəyya, İkinci Dünya müharibəsinin bitməsindən sonra, 1947-ci ildə ailəsi ilə birlikdə tamamilə Avropaya köçdü. 1947-1949-cu illərdə İsveçrənin Montre və Lozanna şəhərlərindəki elit internat məktəblərində orta təhsilini tamamlayaraq fransız dilini mükəmməlləşdirdi. 1950-ci ildə isə ingilis dilini öyrənmək üçün Londona yollandı. Artıq ingilis, fransız və alman dillərini ana dili kimi bilən bu gənc qız, füsunkar gözəlliyi ilə hər kəsin diqqətini çəkirdi. Elə həmin il onun fotoşəklini görən şahın bacısı Şəms Pəhləvi, Sürəyyanı Parisdə şahla tanış etdi. Bu, ilk baxışdan başlayan böyük bir eşqin başlanğıcı idi və Sürəyya elə həmin ilin oktyabrında Tehrana gələrək şahla nişanlandı.
12 fevral 1951-ci ildə Tehrandakı Gülüstan sarayında əsrə bərabər möhtəşəm bir toy baş tutdu. Kristian Diorun xüsusi olaraq hazırladığı 20 kiloluq, lüks daşlarla bəzədilmiş gəlinliklə Sürəyya İranın şahzadəsi (Məleykəsi) elan olundu. Lakin saray həyatı heç də asan olmayacaqdı. 1953-cü ilin avqustunda İranda baş verən siyasi böhran zamanı o, həyat yoldaşı ilə birlikdə Romaya qaçmaq məcburiyyətində qaldı, lakin bir neçə gün sonra monarxiya bərpa olunanda geri döndülər.
Cütlük bir-birini dəlicəsinə sevsə də, illər keçdikcə saray daxilində taxt-tacın gələcəyi ilə bağlı qara buludlar dolaşmağa başladı. 1954-cü ildə övlad sahibi ola bilməməsi səbəbindən həkim müayinələri üçün ABŞ-yə gedən Sürəyyaya acı bir diaqnoz qoyuldu: o, sonsuz idi. Elə həmin ilin noyabrında şahın yeganə varisi sayılan qardaşı şahzadə Əli Rzanın təyyarə qəzasında həlak olması vəziyyəti daha da pisləşdirdi. İran qanunlarına görə şahın mütləq bir oğlan varisi olmalı idi. Sürəyyaya şahın ikinci bir qadınla evlənməsi təklif edilsə də, o, bu təklifi təhqir kimi qəbul etdi. 13 fevral 1958-ci ildə saraydakı təzyiqlərə dözməyərək İranı həmişəlik tərk edib Almaniyaya getdi. Nəticədə, 6 aprel 1958-ci ildə bu böyük eşq göz yaşları içində rəsmən boşanma ilə sona çatdı.
Boşanandan sonra şah ona "İran şahzadəsi" titulunu saxladı və yüksək maddi təminat verdi. Məhəmməd Rza şah Pəhləvinin sevgisi heç vaxt bitmədi; uzun müddət Sürəyyanın dalınca adamlar göndərdi, geri dönməsi üçün xahişlər etdi, lakin Sürəyya qətiyyətli idi. Hətta üçüncü dəfə evlənəndən sonra belə şahın otağında Sürəyyanın portretinin asıldığı deyilirdi. Sürəyya isə yaralı qəlbini ovutmaq üçün Avropada yeni bir həyata başladı. 1963-cü ildə "Danışmaq istəyirəm" adlı ilk avtobioqrafiyasını yazdı. 1964-cü ildə isə kino karyerasına başlamaq üçün İtaliyaya köçdü. Burada 1965-ci ildə "Bir qadının üç siması" filmində baş rola çəkildi və italyan rejissor Franko Indovina ilə yeni bir sevgi yaşadı. Lakin tale ona qarşı yenə amansız oldu; 1972-ci ildə sevdiyi adamın təyyarə qəzasında həlak olması Sürəyyanın həyatını yenidən dərin kədərə boğdu və o, birdəfəlik Parisə köçdü.
1979-cu ildə İranda baş verən İslam İnqilabı ilə Pəhləvi sülaləsinin devrilməsi Sürəyyanın İrandakı gəlir mənbələrini kəsdi. Bir il sonra, 1980-ci ildə isə keçmiş həyat yoldaşı şahın mühacirətdə vəfatı onu dərindən sarsıtdı. Şahın ölümündən sonra o, bütün saray sirlərini və keçmiş eşqini vərəqlərə köçürərək 1991-ci ildə "Saraysız saray" (Le Palais des solitudes) adlı ikinci kitabını nəşr etdirdi. Həyatının son onilliyini Parisin lüks məhəllələrindən birində, mətbuatın "Avropanın ən bahalı tənhalığı" adlandırdığı dəbdəbəli mənzildə keçirdi. Tamamilə tənha yaşayan "Qəmgin gözlü şahzadə" 26 oktyabr 2001-ci ildə, 69 yaşında Parisdəki evində insultdan vəfat etdi. Onun ölümündən cəmi bir neçə gün sonra, 2 noyabrda yeganə doğma qardaşı Bijan da vəfat etdi və hər ikisi Münhendə ailə məzarlığında dəfn olundu.
Сима Джафарова
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]