10 manatlıq şirkət 3 müsabiqənin qalibi oldu - "VNM İnşaat" kimindir?
Bu gün, 00:02

Füzuli Rayon İcra Hakimiyyəti üç satınalma müsabiqəsinə yekun vurub.
TEREF-in məlumatına görə, müsabiqələr mənzil fondunda əsaslı təmir işlərinin görülməsi və abad həyətlərin salınması, Horadiz şəhərinin küçələrində yolların əsaslı təmiri, eləcə də şəhərin 17 Oktyabr küçəsində abadlıq işlərinin aparılması ilə bağlı keçirilib.
Hər üç müsabiqənin qalibi “VNM İnşaat” MMC seçilib. Satınalmaların maliyyə dəyəri müvafiq olaraq 48 327,99 manat, 332 080,52 manat və 242 831,08 manatdır. Beləliklə, şirkətin qalib olduğu üç müsabiqənin ümumi dəyəri 623 239,59 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-dir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.
“VNM İnşaat” MMC haqqında açıq mənbələrdə geniş məlumat yoxdur.
Vüqar Nağıyev 2024-cü ilə qədər “VNM Servis” MMC-nin və “VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
Diqqətçəkən məqam odur ki, “VNM İnşaat” MMC ilə “VNM İnvest” MMC eyni tarixdə yaradılıb və eyni hüquqi ünvanda qeydiyyata alınıb. Hər iki şirkətin adındakı “VNM” abreviaturası Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərfləri ilə uyğunluq təşkil edir.
“VNM İnşaat” MMC ötən il Salyan Rayon İcra Hakimiyyətinin keçirdiyi satınalma müsabiqəsinin də qalibi olub. Həmin müsabiqənin maliyyə dəyəri 1 milyon 328 min 483,05 manat təşkil edib.
Beləliklə, nizamnamə kapitalı cəmi 10 manat olan “VNM İnşaat” MMC müxtəlif rayonların icra hakimiyyətlərindən milyonlarla manatlıq dövlət sifarişləri üzrə müsabiqələrdə qalib gəlir. Şirkətin bu həcmdə işləri yerinə yetirmək üçün hansı maddi-texniki imkanlara malik olması, eləcə də digər MMC-lərlə əlaqələrinin xarakteri suallar doğurur.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. 71 yaşlı Alı Alıyev 2011-ci ildən rayona rəhbərlik edir. /Qaynarinfo/

