Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib - MARAQLI FAKTLAR

Bu gün, 17:27           
Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib -
Bu günlərdə mediada Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlili yayıldı.

Açıqlamada adları hallanan 14 yerli icra hakimiyyəti orqanından biri də Mingəçevir şəhər İcra Hakimiyyətidir. Sözügedən şəhərdə son illər yolların cari və əsaslı təmiri işlərini yalnız bir şirkət həyata keçirib. Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişləri əsasında “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyd edək ki, “ATF” MMC əsasən bölgələrdə yol tikintisini həyata keçirir. Şirkətin adı bir çox rayon icra hakimiyyətləri ilə bağlanmış şübhəli satınalmalarda hallanır. MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədova bağlı olması barədə son vaxtlar geniş məlumatlar yayılıb.

Lakin “ATF” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət hələ 2018-ci ildə Göyçay çayı üzərində yerləşən körpünün uçmasından sonra gündəmə gəlmişdi. Belə ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərində “ATF” MMC-nin də adı hallanmışdı.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATF” (VÖEN: 6000110131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2003-cü il tarixdə 9 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-yə VÖEN 03.02.2005-ci ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının GÖYÇAY RAYONU, ÇAYARXI,qanuni təmsilçisi kimi isə Muradov Azad Əzim oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Muradov Fəxrəddin Əzim oğlu olub.

Yuxarıda qeyd etdiyimiz kimi son illər Mingəçevir şəhər İcra Hakimiyyəti ancaq “ATF” MMC ilə işbirliyində olub. Bu işbirliyi nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətinə tabeli qurumlar tərəfindən 2020-2026-cı illərdə Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərinin satınalınması üzrə “ATF” MMC ilə ümimi dəyəri 14 409 616 manat olan 7 satınalma müqaviləsi bağlanılıb.

Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərinin satınalınması üzrə 1.502.721,81 manat dəyərində müqavilə “ATF” MMC ilə 12.09.2026-cı ildə bağlanılıb.

“Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.075.946,07 manat dəyərində müqavilə “ATF” MMC ilə 09.10.2025-ci ildə bağlanılıb.

2024-cü il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.161.011,36 manat dəyərində müqavilə “ATF” MMC ilə 28.12.2024-cü ildə bağlanılıb.

“2023-cü il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.184.640,13 manat dəyərində müqavilə “ATF” MMC ilə 24.11.2023-cü ildə bağlanılıb.

Mingəçevir şəhər küçələrində asfalt örtüyünün əsaslı təmirinin satınalınması üzrə 2.169.787,71 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu tətbiq edilməklə “ATF” MMC ilə 02.11.2022-ci ildə bağlanılıb.

Mingəçevir şəhərində yolların, səkilərin asfalt örtüyünün əsaslı təmiri işlərinin satınalınması üzrə 2.136.985,4 manat dəyərində müqavilə Mingəçevir şəhəri Əsaslı Tikinti,Təmir Və Abadlaşdırma Şöbəsi ilə “ATF” MMC arasında 25.08.2021-ci ildə bağlanılıb.

Mingəçevir şəhərində 2020-ci ildə “prospekt və küçələrdə asfalt örtüyünün təmiri işləri” üzrə 2.178.526,14 manat dəyərində müqavilə Mingəçevir şəhəri Əsaslı Tikinti,Təmir Və Abadlaşdırma Şöbəsi ilə “ATF” MMC arasında 17.07.2020-ci ildə bağlanılıb.

Göründüyü kimi Hesablama Palatasının 2024-2025-ci illərdə apardığı analitik təhlil adı hallanan Mingəçevir şəhərində yolların əsaslı təmiri işlərini “ATF” MMC aparıb. Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

“Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmamış, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırılıb.

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.”

Qeyd edək ki, Hesablama Palatasının açıqladığı təhlildə məlumatlar ümumi olduğundan Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərində nə kimi qanunsuzluqlara yol verilib, nə kimi nöqsanlar aşkarlarınıb tam bəlli olmur. Amma bağlanılmış müqavilələrin dəyərindən bu nöqsanların həcmini təxmin etmək olar. Son illər 15 milyon manat civarında dövlət vəsaiti ayrılmasına baxmayaraq Mingəçevir şəhərinin mərkəzi küçələrindən başqa bərbad məhəllə yolları da bunu sübut edər.

Hesablama Palatasının açıqlamasında şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, yol örtüyünün növü, konstruktiv elementləri, balans və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçotun aparılması, eləcə də bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılması qanunvericiliyin tələblərinə uyğun təmin olunmayıb.Eyni zamanda, şəhərdaxili yolların balansa götürülməməsi nəticəsində analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875.5 manat məbləğində yol aktivləri mühasibat uçotunda əks olunmayıb, əsaslı xərclər kapitallaşdırılmayıb. Bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunması ilə nəticələnib, ümumilikdə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərib”.

Maraqlıdır, Hesablama Palatasının açıqlamasında qeyd olunan əsaslı təmir edilmiş yol aktivlərinin mühasibat uçotunda əks olunmayan iyirmi dörd milyon manat dövlət vəsaitlərindən Mingəçevir şəhər İcra Hakimiyyətinin payı nə qədərdir, həmin vəsait qaytarılıb ya yox, hələlik bəlli deyil. Amma bu məlumatlar Mingəçevir şəhərində yolların təmirinə ayrılan vəsaitlərin icra başçısı “ATF” MMC işbirliyi nəticəsində talan olunduğunu deməyə kifayət edər.

Xatırladaq ki, Mingəçevir şəhər İcra Hakimiyyəti İlham İsmayılovdu. O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevdir. O, sözügedən vəzifədə 2026-cı ilin iyulundan çalışır. Düzdü, vəzifəyə şəhərin keçmiş icra başçısı Niyazi Bayramov təyin edib. Amma İlham İsmayılovun yaxın adamlarından hesab edilir.

Aktualinfo.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]