“Baş örtüyündən sizə nə?! Səfirliyin qarşısında 8 dəfə aksiya keçirdiniz” – Türkiyəli jurnalistdən SENSASİON AÇIQLAMALAR

Bu gün, 00:07           
“Baş örtüyündən sizə nə?! Səfirliyin qarşısında 8 dəfə aksiya keçirdiniz” –
Türkiyəli jurnalist və siyasi şərhçi Erdem Atay son günlər Ankara ilə Bakı arasında yaşanan gərginliyi təhlil edib.

Musavat.com xəbər verir ki, jurnalistin fikrincə, söhbət təkcə ayrı-ayrı şəxslərin və ya təşkilatların fəaliyyətindən deyil, həm də iki ölkənin münasibətlərinə təsir edən siyasi yanaşmalardan gedir.

Erdem Atay Azərbaycan-Türkiyə münasibətlərində İsrail amilinin də mühüm yer tutduğunu düşünür.

“Azərbaycanın mövqeyi belədir: bizim münasibətlərimiz çox yaxşıdır, amma Türkiyə İsraillə olan münasibətlərinin mahiyyətini bilmir? Halbuki Türkiyə ilə Azərbaycanın kəşfiyyat qurumları da eyni istiqamətdə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan kimi Türkiyənin də İsraillə münasibətləri var. Türkiyənin İsraillə dərin əlaqələri hələ də davam edir, ticarət məsələsi də mövcuddur”, – deyə Atay vurğulayıb.

Türkiyəli jurnalistin diqqət çəkdiyi digər məsələ Ankarada - Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında keçirilən aksiyalardır. Atay Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi ərazidə dəfələrlə etiraz aksiyalarının təşkil edilməsini qəbuledilməz hesab edir. O, belə aksiyaların keçirilməsinə icazə verilməsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini bildirir. Jurnalistin sözlərinə görə, Azərbaycan səfirliyinin qarşısında polis və hərbçilərin təhlükəsizliyi təmin etmək üçün xidmət aparmaq məcburiyyətində qalması da ayrıca suallar doğurur.

“Azərbaycan haqlı olaraq etiraz edir ki, niyə bu ölkənin səfirliyinin qarşısında polis və əsgərlər xidmət aparmaq məcburiyyətində qalır? Bura necə bir yerdir ki, belə aksiyalara icazə verilir? İlham Əliyevin Türkiyəyə gəlməkdən imtina etməsindən sonra həmin aksiyanın da ləğv edilməsi suallar yaradır. Sizin məqsədiniz nədir? Türk birliyinin qurulmasını, iki türk dövlətinin daha dərin münasibətlər yaratmasını istəmirsinizmi?” – deyə Atay sual edib.

O, xüsusilə Özgür Düşünce ve Eğitim Hakları Derneğinin (Özgür-Der) fəaliyyətini tənqid edərək, təşkilatın etiraz aksiyalarının hədəf seçiminə diqqət çəkib.

Atay hesab edir ki, əgər dərnək İsrailin siyasətinə etiraz etmək niyyətindədirsə, bu aksiyaların yalnız Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında keçirilməsi məntiqli deyil. Onun fikrincə, ABŞ və Fransa səfirlikləri qarşısında da etiraz aksiyalarının keçirilib-keçirilməməsi sual doğurur.

“Ərdoğanın ABŞ ilə münasibətləri kifayət qədər yaxşıdır. ABŞ İsrailin törətdiyi cinayətlərin ortaq məsuliyyətini daşıyır. Belə olan halda, niyə ABŞ və Fransa səfirliklərinin qarşısında aksiya keçirmirsiniz? Sizin məqsədiniz nədir? Ermənistanın qondarma soyqırımı iddialarının İsrail tərəfindən tanınması məsələsində də Azərbaycan araya girdi və bunun qarşısının alınmasına çalışdı”, – deyə jurnalist bildirib.

Atay Türkiyədəki ictimai-siyasi problemlərə münasibətdə susan bəzi dairələrin Azərbaycanın daxili məsələlərinə müdaxilə etməsini də tənqid edib:

“Azərbaycan səfirliyinin qarşısında səkkiz dəfə aksiya keçirmisiniz. Baş örtüyündən sizə nə? Türkiyənin öz problemlərinə gələndə susursunuz, Azərbaycanın daxili işlərinə isə müdaxilə edirsiniz. Siz türk dünyasını parçalamaq üçün çalışırsınız. Sizin etdiyiniz İsrailə xidmət etməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]