"Səfirliklərdə kimlərə qucaq açılır? – Türksevənlər kənarda, düşmənlər başda!"
Bu gün, 00:10

Hər il oktyabrın 29-u gələndə ürəyimiz bir başqa döyünür. Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü bizim üçün sadəcə rəsmi bir tarix deyil, öz bayramımızdır. "Bir millət, iki dövlət" dediyimiz bu müqəddəs bağın hər bir daşında, hər bir sevincində qardaş nəfəsi arar, bu ruhla yaşayarıq. Amma bəzən elə mənzərələr ortaya çıxır ki, adamın haqlı olaraq səbri daşır, dözə bilmir.
Necə yəni, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi 103-cü ildönüm tədbirində bu millətin qanından-canından olan, hər dar gündə Türkiyənin bayrağını öz sinəsində daşıyan gerçək qardaşlar kənarda qalsın, amma illərdir Türkiyəyə qarşı ağız dolusu şər atanlar, Türk millətinin haqq səsini boğmağa çalışanlar həmin məclisin baş köşəsində otursunlar?
İnsanın haqlı olaraq sual verməyə haqqı çatır: Bu dəvət siyahısını hazırlayanlar hansı dərnəyin, hansı məkrli dairənin adamlarıdır?
Qardaş evi yadlara niyə açılır?
Bir səfirlik sadəcə diplomatik bina deyil; o, Türkiyənin özüdür, Türk millətinin Azərbaycandakı ünvanıdır. O ünvanın qapısı ilk növbədə kimə açılmalıdır? Əlbəttə ki, Azərbaycanın hər qarışında "Türkiyə!" deyə döyünən, qanında Türk sevgisi, damarında Turan eşqi olan insanlara!
Amma görünən odur ki, bəzi məmurlar üçün səfirlik divarları içərisində səmimiyyət yox, sadəcə protokol oyunları önəmlidir. İllərdir Türk bayrağına kölgə salmağa çalışan, hər fürsətdə Türkiyə əleyhinə mövqe sərgiləyən, qardaşlığımıza həsədlə, nifrətlə baxan kəslər həmin məclisdə fəxri qonaq olubsa, burada böyük bir yanlış, ya da açıq-aşkar səhv siyasət var.
Türkçülüyə sadiq olanlar, bu qardaşlığın təməlini hər zaman çiynində daşıyanlar kənarda kədərlə baxarkən, Türkiyənin düşmənlərinə qırmızı xalça sərmək kimə və nəyə xidmət edir? Bu, sadəcə "unutqanlıq" və ya "təsadüf" adlandırıla bilməz. Bu, açıq-aşkar saxtakarlıqdır, səmimiyyətsizlikdir və Türk millətinin ruhuna hörmətsizlikdir!
Vicdana toxunan həqiqət
Biz heç kimdən şəxsi lütf gözləmirik. Türkiyə sevgisi bizim üçün bazarlıq mövzusu deyil. Biz Türkiyəni səfirliyin dəvətnaməsi üçün deyil, ürəyimizdəki o sönməz sevgi üçün sevirik. Amma məsələ prinsip məsələsidir!
O səfirlikdə oturan bəzi şəxslər bilməlidirlər ki, o binanın divarları üzərində dalğalanan ay-ulduzlu bayraq təsadüfi əski parçası deyil. O bayraq milyonlarla şəhidin qanı ilə ucalıb. Həmin bayrağın kölgəsində oturub, elə həmin bayrağa və onun qardaş xalqına daxildən quyu qazanları qonaq etmək Ankaraya, Mustafa Kamal Atatürkün miras qoyduğu cümhuriyyət ruhuna böyük xəyanətdir.
Türk millətini sevənləri qapıda qoyub, onun əleyhinə olanları başa çəkənlərin bu qardaşlığa xidmət etdiyini heç kim bizə inandıra bilməz.
Sima Babayeva
TEREF

