Azərbaycan iqtisadiyyatı demək olar ki, son 12 gündə iflic vəziyyətinə düşüb.

Bu gün, 08:34           
Azərbaycan iqtisadiyyatı demək olar ki, son 12 gündə iflic vəziyyətinə düşüb.
Taksi sektorunda iş yoxdur, müştəri axını 30-40 faiz azalıb. Bərbərlər, gözəllik salonları ciddi narazılıq edir. Əvvəllər ayda iki dəfə salona gedən müştəri artıq bir aydan çoxdur görünmür. Geyim və ayaqqabı mağazalarının sahibləri deyirlər ki, 10 gündür bəzi məhsullardan birini belə sata bilmirlər.
Cəmi bir il əvvəl ay ərzində ən azı iki dəfə toy dəvətnaməsi alan insanlar indi bəzən iki, hətta beş ay gözləməli olurlar. Restoranlar müştəri qıtlığına görə fəaliyyətini dayandırır, sahibkarlar bizneslərini bağlamaq məcburiyyətində qalırlar.
Bunları öz fərziyyələrimdən çıxış edərək yazmıram. Sadalanan sahələrin hər birində yaxınlarım var və vəziyyəti birbaşa onlardan eşidirəm.
Cənablar, iqtisadiyyatı və siyasəti boğmaqla, sərhədləri bağlamaqla ölkə idarə etmək mümkün deyil!
Xalqın güzəranı, rifahı gündən-günə sürətlə pisləşir. Ölkənin real iqtisadi vəziyyətini Tarqovu küçəsindəki dolu restoranlarla ölçməyin. Bir neçə mərkəzi küçədəki izdiham bütün Azərbaycanın iqtisadi mənzərəsi demək deyil.
İqtisadiyyat yalnız cərimələrlə, qadağalarla, vergi və rüsumları artırmaqla inkişaf etmir. Hər gün yeni bir cərimə metodu düşünməkdənsə, sahibkarın nəfəs almasına imkan yaradın. Kənd təsərrüfatını dirçəldin, yerli istehsalı artırın, kiçik və orta sahibkarlığı dəstəkləyin. İnsanlara pul qazanmaq, işləmək və gələcəyinə ümidlə baxmaq imkanı yaradın.
Unutmayın ki, iqtisadiyyat yalnız rəqəmlərdən və hesabatlardan ibarət deyil. İqtisadiyyat işləyən insan, qazanc əldə edən sahibkar, dolanışığını təmin edən ailə, açıq mağaza və fəaliyyət göstərən müəssisə deməkdir.
Bir məsələni də unutmayın: Azərbaycan iqtisadiyyatı çiçəklənsə, bunun ən böyük bəhrəsini elə sizlər də görəcəksiniz, hörmətli məmurlar!
Çünki xalqın rifahı dövlətin gücüdür. Xalq kasıblaşdıqca ölkənin iqtisadi dayaqları da zəifləyir.
Rəhim Əhmədzadə
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]