Kəlbəcərin sabiq deputatı Aqil Abbası dəstəklədi
Bu gün, 12:28

Dünən deputat Aqil Abbasın Milli Məclisin plenar iclasında çıxışı zamanı dediyi fikirlər müzakirələrə səbəb olun.
“Mənim atamın Ağdamda şəhərin mərkəzində 8 sot torpaqda 6 otaqlı evi var idi. Amma indi mənə Ağdamdan ev düşmür. Mən 1970-ci ildən Bakıda yaşayıram, məcburi köçkün statusu daşımıram. Niyə atamın mülkündə mənə ev düşməsin? Mənə çox sayda müraciətlər var. Qaçqın, məcburi köçkün statusuna yenidən baxılmasını təklif edirəm. Demək, mən öz cibimin pulu ilə ev almalıyam. Niyə? Çünki mənim Ağdam qeydiyyatım yoxdur”,- deyə deputat bildirib.
Deputata ilk, həm də mənfi reaksiya isə xanım spikerdən gəlib.
“Ağdamda bu qədər işlər görülür, niyə bu işlərə kölgə, ləkə salırsınız? Siz bir dəfə də demişdiniz ki, ağdamlılara yer verilmir. Bəs yeni tikilən Ağdamda kim yaşayır indi? Gərək bu məsələni indi burada bu qanunun müzakirəsi zamanı bunu deyərdiniz? Yəni sizin ayrı imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasız?!”, – deyə Sahibə Qafarova deyib.
Gununsesi.info xəbər verir ki, Aqil Abbası bu fikirlərinə görə cəmiyyətdə qınayanlar da var, dəstəkləyənlər də.
Kəlbəcər rayonunun sabiq deputatı Əlövsət Ağalarov da Aqil Abbasın fikirlərini dəstəkləyib.
O bildirib ki, Aqil Abbas maraqlı məsələyə toxunub:
“Milli Məclisdə Aqil Abbas maraqlı bir məsələyə toxunub. Ağdamdan ona ev vermirlər. Atasının mülkü olub, onun yerində yaşayış binası tikiblər. Niyə həmin binada ona heç olmasa, ikiotaqlı bir mənzil vermirlər? Məsələn, Kəlbəcər şəhərində tikilən binaların yerində ata-baba mülkü olanlara istər dövlət, istər kommersiya binalarında ev verilməlidir. Maraqlısı isə spikerin reaksiyası olub. Olmaz deyib. Niyə, hörmətli Sahibə xanım? Şəxsən mən hesab edirəm ki, rayonu üçün can qoyan, əlindən gələni əsirgəməyən sabiq və indiki deputatlara, o rayonda şəhid olanların ailələrinə növbədənkənar ev verilməlidir”, – deyə o bildirib.
Sabiq deputat həmçinin deyib:
“Şəhid qardaşım Mahir Kəlbəcər uğrunda döyüşlərdə həqiqi qəhrəmanlıq göstərib həlak oldu. Onun ailəsinə rayon mərkəsində ikiotaqlı bir mənzil verilsəydi, pis olardı? Əksinə, nümunə olardı. O cümlədən, bütün kəlbəcərli şəhid ailələrinə. Nə olsun ki, onların əksəriyyəti kəndlərdən idi. Axı canlarını Kəlbəcər üçün, Azərbaycan üçün fəda ediblər. İndi artıq Qarabağda gedən tikinti işlərinin ciddi yoxlanılmasına başlanılıb. Xankəndinin nümayəndəsi, Ağdamda tikintiyə birbaşa məsul olan şəxs işdən azad olunublar. Tikilntidə ciddi nöqsanlar aşkarlanır. Növbədə yəqin qanun pozuntularına yol verənlərdir. Hələ verilən mənzillərin kimə aid olduğu haqda da haqlı narazılıqlar var. Cənablar, qardaşlar, vallah belə olmaz! Qarabağa özəl münasibət olmalıdır, orada şəhidlərimizin qanı hələ qurumayıb. Heç olmasa, o müqəddəs torpağa tökülən müqəddəs qandan çəkinin”.

