Çəkişməsən bərkişməzsən, çəkişdik ki, bərkişək

Bu gün, 12:38           
Çəkişməsən bərkişməzsən, çəkişdik ki, bərkişək
Ailə içində söz-söhbətlər, problemlər olan zaman ağılla davrananda ailə daxilində bağlar daha da möhkəmlənir, fikir ayrılığı yaradan məsələlər təsbit olunur və dərslər çıxarılır.
Əminmən ki, Azərbaycan və Türkiyə ağılla davranacaq, yaranmış bəzi problemlərdən doğru dərslər çıxaracaq, nəticədə dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz daha da möhkəmlənəcək.
Son bir neçə həftə bir daha onu göstərdi ki, qardaş Türkiyənin ictimai fiqurlarının böyük əksəriyyəti Azərbaycanı tanımır, bir çoxu, bəli, sevir, amma tanımır, öyrənmir.
İndi daha dərindən öyrənmək üçün fürsət yaranıb, bəziləri elə düşünürlər ki, Azərbaycanda da din siyasətə qarışsa, siyasi qərarlarda din önə çıxsa, hər iki ölkə daha da yaxınlaşacaq, millət və ümmət birliyi formalaşacaq ki, bu da qardaş Türkiyədə dini siyasiləşdirənlərin xeyrinə olacaq.
Kökündən yanılırlar – din, inanc, Allah sevgisi, Yaradana olan inam və məhəbbət fərdidir, bu kollektivləşəndə, siyasi doktrinaya çevriləndə dövlət ziyan görür. Bundan başqa bizdə din siyasiləşsə biz Türkiyədən uzaqlaşacağıq, ümmət anlayışı millət qavramına qalib gəlsə, bizdə ümməti Türkiyədə yox, İranda axtaracaqlar.
Tarixən bu belə olub, tariximizdən dərs çıxartmaq lazımdır.
Azərbaycanla Türkiyənin müttəfiqliyi tarixdə və müasir dünyada çox nadir görünən təbii ittifaqdır – bir çox məsələlərdə bizim maraqları uyğunlaşdırmaöa ehtiyac belə yoxdur, maraqlarımız orqanik olaraq uyğundur. Azərbaycan Türkiyəni Mərkəzi Asiyaya, tarixi Türküstana pərçimləyən bir tək coğrafi bağ deyil, həm də Xəzərin o tayındakı qardaş ölkələrlə Türkiyəni mədəni, iqtisadi, sosial bağlarla birləşdirən körpüdür. Azərbaycan, Mərkəzi Asiya Türk Cümhuriyyətləri üçün Türkəyəyə nisbətən bir köynək yaxındır və həmin ölkələr üçün də dinin siyasətə alət olması qəbuledilməzdir – qardaş Türkiyə bunu da nəzərə almalıdır. Çünki, həmin ölkələrdə siyasi institutlar zəif olduğu üçün, dünyəvilik, Respublika olmağın yeganə formuludur, din siyasətə qarışsa, qonşuluqda Əfqanıstan, Pakistan kimi ölkələri nəzərə alsaq, qardaş ölkələrdə Respublika quruluşunun ayaqda qalması mümkün olmaz.
Azərbaycan – Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi əbədidir, Türk Dövlətləri ailəsinin təməlidir. Təməl möhkəm olmalıdır ki, üzərinə qurulan binamız da daimi olsun. Amin!
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]