Büdcə vəsaitlərini yelə vermiş bu məmurlar cəzalandırılacaqlar?

Bu gün, 11:44           
Büdcə vəsaitlərini yelə vermiş bu məmurlar cəzalandırılacaqlar?
Qarabağda bərpa və quruculuq prosesinə nəzarət daha da gücləndirilir. Son günlər bölgədə mühüm vəzifələr tutan iki şəxsin işdən azad edilməsi bu istiqamətdə yeni mərhələnin başlandığına dair müzakirələri aktuallaşdırıb.

TEREF-in yazdığına görə, Metbuat.az xəbər verir ki, oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Ötən gün isə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun da vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. Onun Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra vəzifəsini itirdiyi təsdiqlənib.

Maraqlıdır ki, mətbuatda Elçin Yusubovun da vəzifədən oxşar səbəblər üzündən azad edildiyinə dair müxtəlif iddialar yer alıb. Bəzi nəşrlər sahibkarların şikayətlərini, bölgədə aparılan yoxlamaların nəticələrini və idarəetmədə yol verilən nöqsanlarla bağlı narazılıqları gündəmə gətirib.

Baş verənlər Qarabağda idarəetmə və nəzarət mexanizmlərinin sərtləşdirildiyi ehtimalını gücləndirir. Çünki dövlətin milyardlarla manat vəsait ayırdığı bərpa-quruculuq layihələrində şəffaflıq, maliyyə intizamı və vəzifəli şəxslərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

Görünən odur ki, dövlət qurumlarının fəaliyyətinə, ayrılan vəsaitlərin xərclənməsinə və vətəndaşların, eləcə də sahibkarların şikayətlərinə münasibətdə daha tələbkar yanaşma formalaşır.

Bu baxımdan, son qərarlar digər məmurlar üçün də ciddi xəbərdarlıq sayılmalıdır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, üzərinə düşən öhdəlikləri yerinə yetirməyən, etimadı doğrultmayan şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir.

Qarabağda quruculuq prosesi davam etdikcə bu sahədə nəzarətin daha da gücləndirilməsi və nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı yeni qərarların verilməsi gündəmə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]