Avropada hərbi çağırış müzakirələri fonunda Britaniyadan mühüm qərar
Bu gün, 12:34
Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib.
"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Kelvin Beyli parlament üzvü Qreqori Kempbellin sorğusuna yazılı cavabında bildirib.
Onun sözlərinə görə, Böyük Britaniyada hərbi xidmət məcburi olmayacaq.
"Hökumət hazırda ümumi hərbi çağırış sistemini bərpa etməyi planlaşdırmır. 1963-cü ildən bəri hökumətlər ölkəmizin müdafiəsini təmin etməyin ən yaxşı yolunun könüllülərdən formalaşdırılan peşəkar ordu olduğu qənaətinə sadiq qalıblar", - deyə Beyli cavabında qeyd edib.
O, Britaniya ordusunun sərəncamında strateji ehtiyat qüvvələrinin olduğunu da xatırladıb. Rəsminin sözlərinə görə, ehtiyatda olan hərbçilər qoşunların sayını artırmaq və xüsusi tapşırıqları yerinə yetirmək üçün xidmətə cəlb oluna bilərlər.