Avropada 550 km məsafəyə atəş aça bilən elektromaqnit top sınaqdan keçirilir (VİDEO)

Bu gün, 10:14           
Avropada 550 km məsafəyə atəş aça bilən elektromaqnit top sınaqdan keçirilir (VİDEO)
Fransa və Almaniya hərbi texnologiyalar sahəsində yeni layihə üzərində işləyir. İki ölkənin birgə hazırladığı elektromaqnit topun gələcəkdə 550 kilometrədək məsafədəki hədəfləri vura biləcəyi ehtimal edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “GeekWeek” nəşri məlumat yayıb.

Fransa-Almaniya Sen-Lui Tədqiqat İnstitutu (ISL) laboratoriyadan kənarda hazırladığı “Railgun” adlı elektromaqnit silahın ilk sınağını keçirib. Ənənəvi toplardan fərqli olaraq, bu sistem mərmini barıt vasitəsilə deyil, elektromaqnit sahəsinin köməyi ilə hərəkətə gətirir.

Tərtibatçıların hesablamalarına görə, mərminin sürəti saatda 10 min kilometrə çata, atəş məsafəsi isə 550 kilometr təşkil edə bilər. Oktyabrın 30-da Baldershaym poliqonunda keçirilən sınaq zamanı ISL mütəxəssisləri ilk dəfə öz istehsalları olan qurğudan buraxılmış mərminin sərbəst uçuşunu nümayiş etdiriblər. Bu, iki il əvvəl başladılan “Railgun Free Flight Facility” proqramının mühüm mərhələsi hesab olunur.

Yeni sınaq infrastrukturu gələcəkdə atış gücünü tədricən artırmağa, mərmilərin uçuş zamanı davranışını öyrənməyə və sistemin texniki göstəricilərini təkmilləşdirməyə imkan verəcək. Bununla belə, silahın döyüş şəraitində istifadəyə hazır vəziyyətə gətirilməsi üçün hələ xeyli iş görülməlidir.

Texnologiyanın əsas üstünlüklərindən biri atəşin potensial olaraq daha ucuz başa gəlməsidir. Elektrik enerjisi ilə işləyən sistemdə mərmi yüksək sürətlə hədəfə çataraq partlayıcı maddənin köməyi olmadan, kinetik enerji hesabına zərər yetirə bilər.

Lakin layihənin qarşısında ciddi texniki maneələr də var. Qurğunun böyük həcmdə elektrik enerjisi tələb etməsi, istiqamətləndirici relslərin sürətlə aşınması və sistemin həddindən artıq qızması əsas problemlər sırasındadır. Məhz bu çətinliklər səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələri 2021-ci ildə elektromaqnit topun hazırlanması proqramını dayandırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]