Vergi öhdəlikərində nələr və niyə dəyişir?

Bu gün, 09:24           
Vergi öhdəlikərində nələr və niyə dəyişir?
Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması təklif olunur.
Bizimyol.info xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin təşviqi də dəyişikliklərin prioritet istiqamətlərindəndir. Bu məqsədlə həm mal, həm də xidmət ixracı ilə məşğul olan sahibkarlara əlavə vergi güzəştlərinin tətbiqi təklif olunur.

Vergi öhdəliklərinin gecikdirilməsinə görə hər gün hesablanan faizlərin iki dəfə azaldılması, maliyyə sanksiyalarının daha qısa müddətdə ödənilməsini təşviq edən mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Vergi faizlərinin azaldılması sahibkarlığa necə təsir edəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına bildirib ki, bu addım sahibkarlıq subyektləri üçün müsbət sayıla bilər.

Akif Nəsirli deyir: “Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə hesablanan faizlərin iki dəfə azaldılması sahibkarlıq subyektləri üçün müsbət addım sayıla bilər. Çünki biznes fəaliyyətində bəzən vergi borclarının yaranması sahibkarın vergidən yayınmaq istəyindən deyil, maliyyə çətinliklərindən, dövriyyə vəsaitinin çatışmazlığından, məhsulun satışında yaranan problemlərdən və ödənişlərin gecikməsindən qaynaqlanır. Belə hallarda hər gecikən gün üçün hesablanan faizlərin yüksək olması sahibkarın maliyyə yükünü daha da ağırlaşdırır.

Faizlərin iki dəfə azaldılması bu yükü müəyyən qədər yüngülləşdirəcək, sahibkara yaranmış borcu ödəmək və fəaliyyətini davam etdirmək üçün əlavə imkan yaradacaq. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün bu dəyişiklik əhəmiyyətlidir. Çünki onların böyük maliyyə ehtiyatları olmur və bəzən kiçik məbləğli vergi borcu belə biznesin gündəlik fəaliyyətinə mənfi təsir göstərir”.

Akif Nəsirlinin sözlərinə görə, başqa bir tərəfdən, bu dəyişiklik dövlətlə sahibkar arasında münasibətlərin daha çevik və iqtisadi reallıqlara uyğun qurulmasına xidmət edə bilər: “Sahibkar vergi borcunu ödəməkdən yayınmaq əvəzinə, daha münasib maliyyə şərtləri daxilində öhdəliyini yerinə yetirməyə maraq göstərəcək. Nəticədə dövlət də borcun yığılmasını asanlaşdıra bilər.

Ancaq burada bir məqamı nəzərə almaq lazımdır: vergi faizlərinin azaldılması vergi intizamının zəifləməsinə səbəb olmamalıdır. Əgər sahibkarlar gecikməyə görə tətbiq edilən maliyyə yükünün aşağı düşməsini vergi ödənişlərini təxirə salmaq imkanı kimi qəbul etsələr, bu, əks nəticə verə bilər. Ona görə də güzəşt daha çox müvəqqəti maliyyə çətinliyi yaşayan, lakin fəaliyyətini davam etdirmək və vergi borcunu ödəmək istəyən sahibkarların dəstəklənməsinə xidmət etməlidir”.

Akif Nəsirli əlavə edib: “Ümumilikdə, təklif biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə dayanıqlığının qorunması və vergi borclarının daha real şəkildə ödənilməsi baxımından müsbət addımdır. Lakin əsas nəticə faizlərin nə qədər azaldılmasından deyil, bu dəyişikliklərin sahibkarların real maliyyə imkanlarına nə dərəcədə uyğunlaşdırılmasından asılı olacaq”.

Günel Həsənova, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]