Əhali niyə ildən-ilə daha çox borca düşür
Bu gün, 17:24

Seyid Əhmədli
Mərkəzi Bankın sədri Taleh Kazımovun sədrliyi ilə MB yanında Ekspert Şurasının növbəti iclası keçirilib. İclasda maraqlı məsələlərə toxunulub.
Şuranın üzvü Məmməd Talıblı feysbuk hesabında bu haqda geniş yazı yazıb. O, Azərbaycanda yüksək bank faizləri, əhalinin borclanması ilə bağlı məsələləri gündəmə gətirib.
Məmməd Talıblı yazıb ki, ölkədə "istehlak kreditinin növləri üzrə ortalama faiz dərəcəsi 2025-ci ildə 21 faiz olub.
O, həmçinin əhalinin borc yükünün əhalinin əlində qalan gəlirlərinə nisbətinin son beş ildəki dinamikasını diqqətə çatdırıb. Həmin dinamika belə olub:
2020-ci il – 11,5%
2021-ci il – 13,9%
2022-ci il – 14,5%
2023-cü il – 15,8%
2024-cü il – 18%
2025-ci il – 18,5%
2026-cı il (yarımillik) – 18,7%
Beləliklə, ölkə əhalisi ildən-ilə kredit borclanmasına gedib və faiz yükünün altında qalıb əzilməkdədir. Bu, artıq statistik hesablamalarla, real faktlarla, əhalinin güzəranındakı neqativ dəyişikkiklərlə artıq təsdiq olunur.
Qonşu Gürcüstana və Ermənistana baxdıqda, kreditləşmə üzrə orta faiz dərəcələrinin daha aşağı olduğunu görürük.
2021-2025-ci illərdə Gürcüstanda və Ermənistanda kredit faizləri 12-16 faiz olub. Bu da Azərbaycandakından xeyli aşağıdır. Qazaxıstanda da 20 faizdən azdır; vəziyyət Azərbaycandakından daha əlverişlidir.
Doğrudur, istər Gürcüstanda və Ermənistanda, istər Mərkəzi Asiyada kreditləşmə dibamikası yüksəkdir. Ancaq bu, əhalinin borclanmaslndan çox, biznesin canlanması ilə bağlıdır. Azərbaycanda isə iqtisadi böyümə daha az sürətlə gedir və bu da daha çox "problemli kreditlər" bataqlığı yaradır.
Seyid Əhmədli,
bizimyol.info

