NDU-də ikili standartlar...

Bu gün, 09:17           
NDU-də ikili standartlar...
“Gündəlik Naxçıvan”ın yayımından sonra Naxçıvan Dövlət Universiteti işdən çıxarılan bütün müəllimlərlə yenidən əmək müqaviləsi bağlayıb. Lakin müəllimlər yeni müqavilə şərtlərinə etiraz edir və maaş məsələsində ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Söhbət universitetə birləşdirilən Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarından gedir.
Onların sözlərinə görə, əvvəllər tam ştatda müddətsiz müqavilə ilə işləyən müəllimlərlə bu dəfə müddətli müqavilə bağlanıb. Maaşları isə institutdakı səviyyədə qalıb və NDU-da eyni işi görən həmkarlarından daha az əməkhaqqı alırlar.
Müəllimlər daimi iş üçün niyə müddətli müqavilə bağlandığına cavab ala bilmədiklərini deyirlər:
“Hamını yenidən işə götürdülər, amma əvvəlki şərtlərlə yox. İnstitutda tam ştatda, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərlə indi müddətli müqavilə bağlanıb. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarında göstərilir ki, Naxçıvan Dövlət Universiteti Müəllimlər İnstitutunun hüquqi varisidir və institutun bütün hüquq və öhdəlikləri universitetə keçir.
Biz də soruşuruq: institutun öhdəlikləri universitetə keçibsə, müəllimlərin əvvəlki əmək təminatları niyə qorunmur? Daimi ştat üzrə işləyən müəllimlərlə müddətli müqavilə bağlanmasının hüquqi əsası nədir?”
İnstitut universitetə birləşdirilsə də, müəllimlərin dediyinə görə, maaşlar hələ də əvvəlki qayda ilə hesablanacaq:
“İndi NDU-nun 2-ci Pedaqoji fakültəsində çalışırıq. Universitetdə bizimlə eyni fənni tədris edən, eyni işi görən müəllimlər var, amma biz hələ də institutda aldığımız maaşı alırıq.
NDU müəllimləri üçün nəzərdə tutulan maaş artımları bizə şamil olunmur. Demirik ki, universitetdə hamı eyni maaşı almalıdır. Vəzifə, ixtisas və dərs yükü fərqli ola bilər. Amma eyni işi görən müəllimlərin maaşı fərqlidirsə, bunun səbəbi açıqlanmalıdır.”
Naxçıvan Müəllimlər İnstitutu NDU-ya birləşdirildikdən sonra institutun müəllimləri “Gündəlik Naxçıvan”a kollektiv müraciət etmişdilər. Onların sözlərinə görə, oktyabrın 30-da noyabrın 2-də yenidən işə götürüləcəkləri vədi ilə onlara «öz istəkləri ilə» işdən çıxmaq barədə ərizə yazdırılıb. Lakin sonradan əvvəlki ştatları əvəzinə onlara yalnız saat hesabı iş təklif edilib.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]