Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
Bu gün, 17:24

Daşlar yalnız böyrəklərdə deyil, öd kisəsində, öd yollarında, tüpürcək vəzilərində və prostat vəzində də əmələ gələ bilər.
Bu barədə həkim-qastroenteroloq Olqa Patyukova Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, duzların və digər maddələrin toplanması iltihaba, hətta vəzin fəaliyyətinin dayanmasına səbəb ola bilər.
Həkim izah edib ki, daşlar normal şəraitdə mayedə həll olmuş vəziyyətdə qalan və ya orqanizmdən xaric edilən maddələrin kristallaşması nəticəsində yaranır. Bu prosesə mayenin durğunluğu, tərkibinin dəyişməsi, kifayət qədər su qəbul edilməməsi, infeksiyalar və maddələr mübadiləsinin pozulması səbəb ola bilər.
Adətən bu proses aylarla, hətta illərlə davam edir. Əvvəlcə yumşaq çöküntü yaranır, daha sonra isə tədricən bərkiyərək daşa çevrilir.
Tüpürcək vəzilərində daş yarandıqda tüpürcəyin axını pozulur və bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Nəticədə iltihab, abses, fleqmona (toxumaların irinli iltihabı) və hətta orqanın funksiyasının geridönməz şəkildə itirilməsi baş verə bilər.
Həkimin sözlərinə görə, kiçik daşlar bəzən daha təhlükəli ola bilər. Çünki onlar daha asan yerindən tərpənərək vəzin axarlarında ilişib qala bilirlər.
Şübhəli əlamətlər müşahidə olunduqda stomatoloqa və ya üz-çənə cərrahına müraciət etmək tövsiyə olunur. Diaqnostika üçün ultrasəs müayinəsi, rentgen, kompüter tomoqrafiyası (KT) və ya maqnit-rezonans tomoqrafiyasından (MRT) istifadə edilir.
Müalicə tüpürcək ifrazının stimullaşdırılmasını və daşın çıxarılmasını əhatə edə bilər.

