Trampın kosmos planı: ABŞ planetlərarası sivilizasiya yaratmaq istəyir
Bu gün, 16:25
ABŞ Prezidenti Donald Tramp Günəş sistemini və Yer kürəsindən kənardakı kosmik məkanı bəşəriyyətin ümumi irsi kimi tanıyan bəyannaməni təsdiqləyib.
"İzvestiya" nəşri xəbər verir ki, müvafiq sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
Bəyannamədə vurğulanır ki, Yerdən kənar kosmik məkan tədqiqatlar, araşdırmalar və praktiki istifadə üçün əlçatan olmalıdır. Bu prinsip həm Günəş sisteminə, həm də kosmosun digər bölgələrinə şamil edilir.
"Günəş sistemi və Yer kürəsindən kənardakı bütün kosmos bütün insanların istifadəsi üçün açıqdır və kəşfiyyata əlçatandır", - deyə "Kosmosda azadlıq haqqında Amerika bəyannaməsi" adlı sənəddə qeyd olunub.
Donald Tramp müraciətində bildirib ki, ABŞ kosmosun yeni sərhədlərinin tədqiqi, araşdırılması, istifadəsi və məskunlaşdırılması sahəsində liderlik edəcək, həmçinin planetlərarası sivilizasiyanın yaradılmasına öncüllük edəcək.
Onun sözlərinə görə, ABŞ daim naməlum məkanlara doğru irəliləyərək bəşəriyyəti yeni və inanılmaz nailiyyətlərə doğru aparıb.