AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?

Bu gün, 11:44           
AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU:
Vaxtilə Ağsu Regional Qaz İstismar İdarəsində əməkdaşların əməkhaqqını hesablamaq və vaxtında ödənilməsini təmin etmək üçün təxminən 10 nəfərə yaxın mühasib çalışırdı. Görünür, həmin 10 nəfər bu işin öhdəsindən güclə gəlirdi. İndi isə struktur dəyişikliklərindən sonra mühasiblərin sayı 5 nəfərə endirilib.
Ortada çox maraqlı bir sual yaranır: Əgər 10 nəfər maaşları hesablamaqda çətinlik çəkirdisə, görəsən, 5 nəfər bu işi necə və hansı sürətlə həyata keçirəcək? Yoxsa yeni idarəetmə düsturuna əsasən, işçilərin sayı yarıya enəndə mühasiblərin hesablama qabiliyyəti ikiqat artmalıdır?
Amma məsələ bununla bitmir.
Vaxtilə "Azəriqaz" İstehsalat Birliyində cəmi bir Mühasibatlıq şöbəsi var idi. Nə qədər qəribə olsa da, əməkhaqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü. Yəni bir şöbə işləyir, maaş hesablanır, pul köçürülür, işçi də öz zəhmətinin qarşılığını vaxtında alırdı.
İndi isə maliyyə sahəsində elə möhtəşəm struktur formalaşıb ki, adlarını oxuyanda adam düşünür: Görəsən, burada söhbət sadəcə əməkhaqqının hesablanmasından gedir, yoxsa ölkənin maliyyə siyasətindən?
Gəlin bu möhtəşəm sistemi bir daha xatırlayaq:
- Maliyyə Planlaması və Təhlili Departamenti planlayır;
- İqtisadiyyat və Uçot Departamenti hesablayır;
- Mühasibat Uçotu Şöbəsi uçota alır;
- Maliyyə Nəzarəti Şöbəsi nəzarət edir;
- Maliyyə Hesabatları Şöbəsi hesabat hazırlayır;
- Əmək Haqqının İdarə Olunması Şöbəsi əməkhaqqını idarə edir;
- Büdcə və Planlama Şöbəsi büdcəni planlayır;
- Xəzinədarlıq Şöbəsi isə xəzinəni idarə edir.
Belə çıxır ki, maaşın planlaşdırılması, hesablanması, uçotu, yoxlanılması, hesabatı, idarə olunması və büdcəsinin hazırlanması üçün bütöv bir maliyyə ordusu səfərbər olunub.
Amma bütün bu departamentlər, şöbələr, müdirlər və mütəxəssislər arasında bir məsələ hələ də müəmmalı qalır:
Bütün bunlardan sonra maaşı kim hesablayır, kim təsdiqləyir və ən əsası, kim vaxtında ödəyir?

Görünür, əvvəl bir şöbə üç iş gününə gördüyü işi indi səkkiz struktur vahidi arasında bölüşdürmək müasir idarəetmənin yeni nailiyyətidir.
Əvvəllər bir şöbə maaşı hesablayıb işçinin hesabına köçürürdü. İndi isə maaş əvvəl planlaşdırılmalı, sonra təhlil edilməli, hesablanmalı, uçota alınmalı, yoxlanılmalı, hesabatı hazırlanmalı, idarə olunmalı, büdcəsi təsdiqlənməli və nəhayət, xəzinədarlığa çatdırılmalıdır.
İşçi isə bütün bu mürəkkəb maliyyə əməliyyatlarının sonunda sadəcə telefonuna baxıb maaşın SMS-ini gözləyir.
Yeni düstur belə görünür: mühasibin sayı azalır, strukturun adı artır, şöbələrin sayı çoxalır, hesabatlar gözəlləşir, işçinin isə maaş gözləntisi uzanır!
Bəlkə də növbəti islahatda əməkhaqqının hesablanması üçün ayrıca bir departament yox, maaşın gecikməsini izah edən xüsusi komissiya da yaradıldı.
Bir sözlə, sualımız çox sadədir: Əvvəllər bir şöbə ilə vaxtında verilən maaş indi bu qədər departament və şöbə ilə niyə daha mürəkkəb məsələyə çevrilməlidir?
Axı işçinin maraqlandığı strukturun neçə mərtəbəli olması deyil, ayın əvvəlində zəhmətinin haqqını vaxtında ala bilməsidir!
Dasqin Abbasov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]