Paşinyan oliqarxın imperiyasını dağıdır - Ermənistanda böyük siyasi savaş başladı!
Bu gün, 00:11

Ermənistanda oliqarx Samvel Karapetyan və onun rəhbərlik etdiyi biznes imperiyası ətrafında baş verənlər ölkənin siyasi gündəmini yenidən silkələyib. “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb, onun və yaxınlarının əmlaklarında aparılan axtarışlar isə genişmiqyaslı istintaq tədbirlərinin tərkib hissəsinə çevrilib.
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “Elektrik şəbəkələri” şirkətinə 64,5 milyard dram (təxminən 180 milyon dollar) ziyan vurulması ilə bağlı 36 nəfər barəsində cinayət işi başladıb. Şirkətin İdarə Heyətinin üzvü Vardan Makaryanın da saxlanılması diqqət çəkən məqamlardandır. Bütün bunlar baş nazir Nikol Paşinyanla Samvel Karapetyan arasında uzun müddətdir davam edən siyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. İstintaqın iqtisadi cinayətlər və qaçaqmalçılıq çərçivəsində aparıldığı bildirilsə də, müxalifət liderinin yenidən həbs edilməsi Ermənistanda siyasi mübarizənin hüquq-mühafizə müstəvisinə daşındığı barədə müzakirələri gücləndirir.
Paşinyan hakimiyyəti bu addımlarla rəqibini siyasi səhnədən sıxışdırmağa çalışır? Karapetyanın biznes imperiyasında həqiqətən də ciddi qanun pozuntuları aşkarlanıb?
Politoloq Züriyə Qarayeva Musavat.com-a söylədi ki, Ermənistanda Samvel Karapetyan ətrafında baş verən prosesləri yalnız iqtisadi cinayətlərin araşdırılması çərçivəsində qiymətləndirmək düzgün olmazdı: "Burada hüquqi, siyasi və iqtisadi maraqların kəsişdiyi kifayət qədər mürəkkəb mənzərə formalaşıb. Karapetyan sıradan bir biznesmen deyil, böyük maliyyə resurslarına, geniş biznes əlaqələrinə və siyasi iddialara malik fiqurdur. Onun rəhbərlik etdiyi müxalif siyasi qüvvənin Paşinyan hakimiyyətinə qarşı mövqeyi də nəzərə alınarsa, istintaq tədbirlərinin siyasi rəqabətə təsir göstərməsi qaçılmazdır. Bununla belə, 64,5 milyard dramlıq ziyanla bağlı irəli sürülən ittihamlar ciddi hüquqi araşdırma tələb edir və məhkəmə qərarı olmadan həmin şəxslərin təqsirli olduğunu söyləmək mümkün deyil. Əsas məsələ istintaqın nə dərəcədə şəffaf aparılması, sübutların ictimaiyyətə təqdim edilməsi və hüquqi prosedurların siyasi təsirlərdən kənarda saxlanılmasıdır. Digər tərəfdən, bu qarşıdurmanın Ermənistanın daxili siyasi balansına təsiri də diqqətdən yayınmamalıdır. Paşinyan üçün Karapetyan yalnız iqtisadi gücə malik rəqib deyil, həm də hakimiyyətə qarşı alternativ siyasi mərkəz formalaşdırmağa çalışan şəxsdir. Bu baxımdan, onun ətrafında aparılan istintaq tədbirləri müxalifətin təşkilatlanma imkanlarını zəiflədə bilər. Lakin belə addımların əks nəticə verməsi, Karapetyanın tərəfdarları arasında siyasi təqib haqqında təsəvvürləri gücləndirməsi də mümkündür. Xüsusilə Ermənistanda hakimiyyətlə müxalifət arasında etimadın zəif olduğu şəraitdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin siyasi mübarizənin alətinə çevrildiyi barədə iddialar cəmiyyətdə qütbləşməni dərinləşdirə bilər. Hesab edirəm ki, bu prosesin mahiyyətini müəyyənləşdirəcək əsas amil Karapetyanın siyasi mövqeyi deyil, ona qarşı irəli sürülən ittihamların müstəqil məhkəmə araşdırmasında nə dərəcədə sübuta yetirilməsidir".

