Tələbəyə “şamtutan” deyən direktorun kollecində qanlı olay – Dərs zamanı 6 bıçaq zərbəsi
Bu gün, 15:58

Redaksiyamıza daxil olan məlumata görə, Bakı Humanitar Kollecində təhsil alan tələbələr arasında dərs vaxtı ağır bıçaqlanma hadisəsi baş verib. Hadisə təqribən saat 12:00 radələrində təhsil müəssisəsinin həyətində gerçəkləşib.
Kollecin Gənclik korpusunda “Muzey işi və abidələrin mühafizəsi” ixtisasında təhsil alan Əkbər adlı tələbə əsas korpusa gələrək orada “Nağara” sinfinin sonuncu kurs tələbəsi Təhməzzadə Ramal ilə mübahisə edib. Münaqişə zamanı Ramal Təhməzzadə Əkbərə 6 bıçaq zərbəsi endirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və ağır xəsarət alan tələbə xəstəxanaya çatdırılıb. Əldə etdiyimiz son məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən 17 yaşlı şəxs müəyyən olunaraq saxlanılıb və faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, Bakı Humanitar Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ümumiyyətlə yoxdur ki, bu da təhsil ocağında intizam nəzarətinin acınacaqlı vəziyyətdə olduğunu göstərir. Redaksiyamıza daxil olan digər bir iddiyaya görə isə, hadisədən dərhal sonra Kollec direktoru məsuliyyətdən yayınmaq üçün tapşırıq verərək dərs jurnallarının vərəqlərinin dəyişdirilməsini təmin edib. Məqsəd tələbələrin guya dərsə gəlmədiklərini rəsmiləşdirmək və jurnala “qayıb” yazmaqla rəhbərliyin üzərindəki məsuliyyəti ört-basdır etməkdir.
Qeyd edək ki, Məsələ ilə bağlı Kollec rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
Xatırladaq ki, sözügedən kollecin direktoru bir müddət əvvəl tələbəyə dediyi “şamtutan” sözü ilə gündəmə gələn Nərmin Qaralovadır.(faktum.az)

