İctimai nəqliyyat üçün milyonlar ayrılır, amma sərnişinlər hələ də əziyyət çəkir

Bu gün, 09:34           
İctimai nəqliyyat üçün milyonlar ayrılır, amma sərnişinlər hələ də əziyyət çəkir
Xüsusilə paytaxtda insanlar ictimai nəqliyyatdan istifadəyə təşviq olunur. Avtomobillərin yaratdığı tıxacın şəhər həyatının ahənginə necə zərər vurmasından çox danışılır, avtobusla mənzil başına çatmağın daha asan olmasından söz açılır. Üstəlik, ictimai nəqliyyata milyonlar ayrılır. Buna baxmayaraq, sərnişinlərin əziyyəti azalmayıb, əksinə, artıb. İndi dayanacaqlarda daha böyük izdiham görmək mümkündür.
Bizimyol.info xəbər verir ki, “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fonduna 155 milyon manat ayrılıb. Fond dövlət başçısının 19 sentyabr 2025-ci il tarixli fərmanı ilə yaradılıb və sərnişin daşımalarında yaranan fərqlərin, subsidiya ödənişlərinin qarşılanmasına yönəldilir. Dövlət büdcəsindən ayrılan ümumi nəqliyyat vəsaiti isə 200 milyon manatı aşır.

Bakıda ictimai nəqliyyatın inkişafına, infrastrukturun yenilənməsinə dövlət büdcəsindən və bir sıra proqramlardan böyük vəsait ayrılır, sərnişindaşımada sıxlıq, avtobusların gecikməsi, tıxaclar və alternativ nəqliyyatın yetərsizliyi kimi fundamental problemlər isə hələ də tam həllini tapmır. Bir sual yaranır: niyə? Bir çox səbəbləri qabartmaq olar. Məsələn, metro genişlənməsi çox ləng həyata keçirilir. Bu şəraitdə ictimai nəqliyyatın faydalı iş əmsalı yüksək ola bilməz. Daşıyıcı şirkətlərin maliyyə modeli uyğunsuzdur. Şirkətlər xərcin borcu ödəməsi problemini əsas gətirərək xidmət keyfiyyətini qaldırmır və xətlərə kifayət qədər avtobus çıxarmır. Pik saatlarda marşrutlar arasındakı intervalların kəskin artması dayanacaqlarda və avtobusların daxilində dözülməz sıxlıq yaradır. Avtobuslar üçün xüsusi hərəkət zolaqları çəkilsə də, digər nəqliyyat vasitələrinin bu zolaqlara daxil olması və effektiv nəzarətin tam təmin edilməməsi avtobusların qrafikdən geri qalmasına səbəb olur.

Ümumiyyətlə, ictimai nəqliyyatda keyfiyyət problemi var. Hər dəfə gedişhaqqı artırılanda xidmət keyfiyyətinin yüksələcəyi də vəd olunur. Sərnişinlər heç də əvvəlkindən az narazı deyil. Müsbətə doğru çox şey dəyişməyib. Ölkədə, xüsusilə Bakıda hələ də şəxsi avtomobili olmaq nəqliyyat problemini daha çox həll edir. Bu halda insanyönümlü şəhər təşviqatı da səmimi görünmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]