Putin də özünü Mamay Xana calayırsa... İllər öncə `hansı rusu qaşısan altından tatar çıxar` yasaq şüara yeni həyat vermişsə...

Dünən, 15:43           
Putin də özünü Mamay Xana calayırsa...
Putin də özünü Mamay Xana calayırsa...
İllər öncə `hansı rusu qaşısan altından tatar çıxar` yasaq şüara yeni həyat vermişsə...
...Şair Puşkin`in, qanlı hünərini mədh etdiyi general Yermolov`un (1777-1861) soykökü Altın Orda Dövlətinə dayanır, bilirsiniz...
(Qızıl Orda Dövləti (1237-1502). Banisi Çingiz xanın nəvəsi Batı xan. Mamay xan, şöhrətli sərkərdə və dövrün - xandan sonra - ən yüksək titulu sayılan xanədan kürəkəni idi)
(Məşhur sovet türkoloqu, `Qədim Türklər` elmi əsərinin müəllifi Lev Qumilyov (1912-1992) deyirdi ki hansı rusu qaşısan altından tatar çıxar. Sovet Rusiyasının yasaq etdiyi bu ifadəni bir neçə il əvvəl Putin də dilə gətirmişdi. Daha doğrusu bu fikrə yeni həyat vermişdi. Nədən əcəba?)
Qafqaz qatili Yermolov`un ulu babası - ruslaşmış Yermolov soyunun banisi - 1506-da Moskva knyazlığının xidmətinə girmiş, xristianlığı qəbul edib İvan adını almış, Mirza Aslan Yermol`dur.
Həmin Yermolov Qafqazı qanına boyadı, tarixə düşmüş bir soyqırım etdi.
(Rəhmətlik və xatirəsi əziz yazıçı Çingiz Hüseynov `Fətəli Fəthi` əsərində Qafqazın ruslar tərəfindən yox edilmiş millətləri, mədəni zənginlikləri haqda yazır... )
Yermolov rusun ən qanlı generallarından biri kimi tarixdə qaldı...
Üstəlik...
Qürurla, riqqətlə:
`Təslim ol, Qafqaz! Yermolov gəlir...` - deyən böyük rus şairi Puşkinin mədhiyyləri ilə ədəbiyyatda qaldı.
Qafqazı ram etdiyinə görə də, Qafqaza köçürülmüş almanları da önündə getdi qoşun atlarının nalları altında xurd-xaşıl etdiyinə görə də yüksək çar mükafatları aldı.
(Qafqaza köçürülmüş almanların o faciəsini də `Səyyarə Xanım və Ferens List` tarixi-sənədli romanımda mən yazmışam)
Nikolay Romanov öz generalının acımasızlığına güvənir və almaz bəzəkli qılıncları, döş nişanlarını əskik etmirdi... bu ödüllər Peterburqdan Qafqaza fəxri qorumalı faytonlarda uzun yollar keçib gəlirdi...
(Lakin dərin dövlətin gözündən heç nə yayınmaz... bütün zamanlarda olduğu kimi o, həm mükafatlandırır, həm də inanmır... izləyir...)
Yermolov Qafqazın xanı idi... hərəmxanası belə vardı... müxtəlif millətlərdən olan bu xanımların heç biri ilə rəsmi nigahı yox idi. Rus kültüründən fərqli olaraq eyni vaxtda bir-neçə xanımla evli idi... rəsmi qanunvericiliyə görə qeyri-qanuni doğulmuş çoxsaylı övladları vardı...
(Mamay törəmələrinin bənzərliyinə bax 🙂 )
(Yermolovun övladları sonradan rəsmən tanınıb rus dövlətinin zadəgan reestrinə alındılar və nəsli davam edir)
Günlərin bir günü bütün bu həşəmətli səltənət ona yetmədi. Daha çox istədi. Düzdür, artıq tamah baş yarar, deyiblər... amma damarında axan qana qarşı da dirənə bilmir insan...
Zatı ilə vuruşa bilməz insan...
Hər kəsə gücü çatar, tamahına yox!
Günlərin bir günü Allah ağlını aldı və İran missiyasının başında, Qacar Sarayında - Tehranda belə bir söz dedi:
-Hakimiyyyətə varis aramayın... mən buradayam...
Yarızarafat, yarıciddi...
(Bu kimi xəbərlər, hətta hər söz, hər nəfəs, işarə belə... 3 aylıq at-araba məsafəsi ilə olsa da Peterburqa çatırdı...)
Sonra, o, gizli şəkildə Orta Asiyanın - Türküstanın hərbi xəritəsini çıxartdırdı. Xəyalları vardı.
Çar Birinci Nikolayın da bu xəyallardan xəbəri vardı...
Fransa inqilabının qələbəsi, Burbonlar sülaləsinin devrilməsi Yermolovun damarında axan Türk qanını qaynatmışdı. Tarixi şərait çağırış edir zənninə qapılmışdı...
Qafqazı, İranı, Türküstanı əhatə edən, Hindistana aparan, Uzaq Şərqdə İngilislərlə rəqabətə girən bir dövlət vardı xəyalında. Könlündən Napoleonluq keçirdi.
Baxmayaraq ki Napoleonla savaşda böyük hünər göstərmişdi... Napoleon yenilmişdi, qaçmışdı, devrilmişdi...
Lakin Yermolov, hünərli və elmli bir hərbçi olaraq yenilmiş, devrilmiş Napoleonun əslində tarixin qalibi olduğunu dərk edirdi...
Dövrün bir çox hərbçiləri, elitası, o cümlədən dekabristləri kimi o da dəyişiklik istəyirdi...
Napoleon yenilmişdi, amma Fransa İnqilabı, inqilabın nəticələri dünyanın yenilənmə mərkəzi kimi cazibəsini saxlayırdı.
Monarxiyalardan bezənlər gözlərini bu möhtəşəm dəyişikliyə dikmişdilər. Eləcə də general Yermolov!
Haqsız da sayılmazdı.
Görünür, varislik şüuraltısı da öz işini görürdü. Axı onun babaları Romanovlardan qat-qat böyük adamlar idi və müdhiş müzəffər keçmişləri vardı...
Çar gizli kəşfiyyatı da... marığa yatmışdı...
Vaxtı çatanda şığımasını bilirdi....
***
Nə isə... söz uzandı...
Sözümün canı o ki...
Putin də özünü Mamay Xana calayırsa...
İllər öncə `hansı rusu qaşısan altından tatar çıxar` yasaq şüara yeni həyat vermişsə...
Heç kim bilmir, - əlbəttə, Yermolov kimi şəcərəsi dəri kağızlara yazılı olanlar istisna - 500 il, 1000 il əvvəl dədə-babası hansı millətə, hansı, dinə, hansı mənsəbə aid idi...
Bir də bilmədiyimiz bir şey var: Mamay xanı söy-kökü sayan Putinin xəyalı nədir? Arzu və istəkləri hansı aləmlərdə uçuşur?
Belə xam xəyalar qanlı generalı, ömrünün ən fəal çağlarında bitirdi.
Bakalım, bu xəyallar Putini haralara götürəcək...
Mehriban Vezir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]