Peruda yerləşən Huaynaputina vulkanı.

Dünən, 17:04           
Peruda yerləşən Huaynaputina vulkanı.
Peruda yerləşən Huaynaputina vulkanı. Onun 1600-cü ildə püskürməsi Rusiyada Qarışıqlıq dövrünə (Смутное время) və ciddi siyasi sarsıntılara, Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinə səbəb oldu.
Təxminən 1300-cü ildən başlayaraq Yer kürəsində hava hərarəti aşağı düşür, “kiçik buz dövrü” başlayır. Qışlar çox soyuq, yaylar sərin keçir, çoxlu yağışlar yağır, məhsul yetişmir. XVI əsrin birinci yarısında hərarət tədricən yüksəlir, amma 1560-cı ildən kiçik buz dövrünün ikinci fazası başlayır.
Bunlar azmış kimi 1600-cü il fevralın 19-da Peruda yerləşən Huaynaputina vulkanı püskürür. İki həftə boyu havaya qalxan tonlarla kül günəş şüasının qarşısını kəsir və bunun sonrakı illərdə Şimal yarımkürəsində havaların soyuq keçməsinə təsiri olması güman edilir.
Həmin ərəfədə Rusiyada ciddi siyasi hadisələr baş veriridi. İvan Qroznının 1584-cü ildə ölümündən sonra oğlu Fyodr çar oldu. Amma əslində ölkəni onun qaynı Boris Qodunov idarə edirdi. Qroznının nikahsız arvadından doğulan iki yaşlı oğlu Dmitri isə Moskvadan uzaqlaşdırıldı və Uqliçə knyaz təyin olundu. Şahzadə burada 1591-ci ildə, 9 yaşı olmamış müəmmalı şəkildə öldü. Bir ehtimala görə bıçaqla oynayarkən epilepsiya tutdu və özünə ölümcül xəsarət yetirdi. Anasının və dayısının sözlərinə görə isə Qodunovun göndərdiyi adamlar tərəfindən öldürüldü.
Övladsız Fyodrun 1598-ci ildə ölümü ilə Rürikoviçlər sülaləsinin kökü kəsildi, taxta Boris Qodunov çıxdı. Az keçmiş ölkədə şahzadə Dmitrinin ölməməsi, haralardasa gizlənməsi barədə şayiələr yayılmağa başladı. Sonra da Huaynaputina püskürdü və soyuqlar səbəbindən 1601-1603 cü illərdə Rusiyanı dəhşətli aclıq bürüdü. 240 minə qədər adamın öldüyü söylənilir.
Mövhumatçı əhali bunu qanunsuz Qodunov hakimiyyətinə görə Allahın cəzası kimi qəbul etdi. Ölkəni bir müddət sonra Osmanlıda olacaq kimi xaos bürüdü. Ac qalan kəndlilər saysız-hesabsız quldur dəstələri yaratdılar. Polşada özünü Uqliçdə ölməyib sağ qalan şahzadə kimi qələmə verən I Yalançı Dmitri peyda oldu. Qodunov Dmitrinin sağ olması barədə xəbər yayanları cəzalandırmağa başladı, amma bu əks-effekt verdi. Şahzadənin sağ olduğuna inananlar artdı. Səhhəti pisləşən çar 1605-ci ildə öldü.
Taxta onun oğlu II Fyodr Qodunov keçdi. Amma 50 gün sonra, Yalançı Dmitrinin qoşunları paytaxta yaxınlaşanda moskvalılar çarı devirdilər və öldürdülər. I Yalançı Dmitri çar oldu, amma 11 ay sonra moskvalılar onu da öldürdülər, taxta Vasili Şuyski çıxdı. Onun vaxtında II Yalançı Dmitri peyda oldu. Rusiyaya hücum edən polyaklar Şuyskini devirdilər, polyak Vladislav çar elan olundu. 1612-ci ilin oktyabrında Minin və Pojarskinin xalq qoşunu polyakları Moskvadan qovdu. 1613-cü ilin aprelində Romanovlar nəslindən Mixail Fyodroviç çar seçildi və Qarışıqlıq dövrü bitdi.
Beləcə, 1600-cü ildə Huaynaputina püskürməsəydi, ola bilər ki, sonrakı əsrlər boyu Rusiyada Qodunovlar sülaləsi hakimiyyətdə olardı. Bizim coğrafiyanın tarixi tamamilə başqa cür gedə bilərdi.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]