TAХTA KRESLO
Bu gün, 00:07

Vəzifənin kölgəsində yaşayanlar haqqında felyeton
O kreslo adi kreslo deyildi. Qoz ağacından düzəldilmişdi, qolları yonulmuş, arxalığı hündür, ayaqları möhkəm idi. İllər keçdikcə ağacı köhnəlmiş, lakin qiyməti artmışdı. Çünki bu kresloda oturan adamın vəzifəsi böyüdükcə kreslonun da hörməti artırdı.
Əvvəllər kabinetə gələnlər qapını döyüb içəri girirdilər. İndi isə əvvəlcə katibəyə zəng edir, sonra köməkçiyə xəbər göndərir, daha sonra münasib adam tapıb salam yollayırdılar. Bəziləri üçün o kresloda oturan adamın özü ilə görüşmək vacib deyildi. Əsas məsələ onun kreslosuna yaxın məsafədə görünmək idi.
Bu kreslonun ətrafında ayrıca bir ekosistem də yaranmışdı.
Orada bir nəfər vardı, kreslo sahibinin dediyi hər sözə heyran qalırdı. "Bgün hava buludludur" deyəndə, o, dərhal bunun dərin siyasi-fəlsəfi məna daşıdığını söyləyirdi. Hətta bir dəfə asqıranda "sağlam düşüncənin səsi" deyə qeydə almışdı.
Özünü ziyalı hesab edən başqa biri kreslo sahibinin hər çıxışından sonra sosial şəbəkədə təhlil yazır, üç cümləlik nitqdən bütöv bir intellektual manifest düzəldirdi. Onun yazılarında kresloda oturan heç vaxt səhv etmirdi. Səhv edəndə də bu, strateji səssizlik, bəzən isə yüksək idarəçilik təfəkkürünün mürəkkəb təzahürü sayılırdı.
Bir başqası vardı, vəzifəli şəxsin yanında dayanmağı artıq peşəyə çevirmişdi. Şəkillərdə həmişə bir addım arxada, amma elə dayanırdı ki, baxanlar onun da mühüm adam olduğunu düşünsünlər. Həmin adamın öz fəaliyyəti barədə soruşanda isə hamı bir-birinin üzünə baxırdı. Görünür, onun əsas vəzifəsi yalnız görünmək idi.
Kreslonun ətrafındakılar arasında bir qrup da vardı ki, rəhbərin adını çəkəndə sanki öz soyadlarını da tələffüz edirdilər. "Bizim filankəs", "bizim rəhbər", "bizim böyük şəxsiyyət"... Adamın vəzifəsi onların dilində kollektiv mülkiyyətə çevrilmişdi.
Ən maraqlısı isə tənqid məsələsi idi.
Kreslo sahibinin səhvini görən adamı dərhal dövlətçilik ənənələrinə hörmətsizlikdə, paxıllıqda, şəxsi qərəzdə ittiham edirdilər. Onların nəzərində vəzifəli şəxsin qərarını müzakirə etmək olmazdı. Çünki qərar artıq verilmişdisə, deməli, mütləq doğru idi. Yanlış qərar anlayışı onların lüğətində yox idi. Olsa-olsa, "ictimaiyyət tərəfindən düzgün anlaşılmayan qərar" vardı.
Bunların arasında dünənə qədər kreslodakı adamı tənqid edənlər də az deyildi. Sadəcə, külək istiqamətini dəyişmiş, onlar da üzlərini küləyə çevirmişdilər. Çünki belə adamların kompası həmişə vəzifə istiqamətini göstərir.
Bir gün məmur kreslodan yıxıldı. Onu kreslodan yıxan tamahı idi. Bu, adi yıxılmaq deyildi. İllərlə qurduğu kiçik səltənət bir anda dağılmış, özünü toxunulmaz hesab edən adamın ayaqları altından torpaq çəkilmişdi.
Əvvəlcə heç kim inanmadı. Sonra hamı vəziyyəti öyrənməyə başladı. Telefonlar susdu, mesajlar cavabsız qaldı, kabinetin qapısı əvvəlki kimi açılmadı. Dünən onun bir baxışını belə böyük hadisə hesab edənlər bu gün həmin baxışın fotosunu arxivdən silməyə başladılar.
Bir həftə sonra kreslonun ətrafında heç kim qalmamışdı.
Kreslo isə yerində idi. Bir az köhnəlmiş, bir az da yorulmuşdu. Yeni sahibini gözləyirdi.
Yeni məmur gələndə köhnə adamların bir neçəsi yenə peyda oldu. Bu dəfə də eyni təbəssüm, eyni heyranlıq, eyni "Sizin kimi rəhbər az tapılar" cümləsi...
Kreslo onları tanıdı.
Düşündü ki, insanın vəzifəsi dəyişir, kreslosu dəyişir, kabineti dəyişir, amma bəzi adamların əqidəsi heç vaxt dəyişmir. Çünki onların əqidəsi yoxdur, oturacaq yeri var.
O gündən kreslo bir həqiqəti öyrəndi. Bəzi insanlar ömür boyu kresloda oturmurlar, amma bütün ömürlərini hansısa kreslonun ətrafında keçirirlər.
Və ən qəribəsi budur ki, onlar özlərini heç vaxt yaltaq hesab etmirlər. Özlərinə görə, sadəcə, dövlətə, rəhbərliyə, milli maraqlara sadiqdirlər.
Dövlətin harada bitib, kreslonun harada başladığını isə heç vaxt öyrənə bilmirlər.
Gunel Musa
TEREF

