Özəl məktəblərdə QANDONDURAN təhsil haqları – Dövlət qarışmasa...
Bu gün, 10:28

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Trend-in araşdırmasına görə, 2026–2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli məbləğlər təşkil edir.
Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000–12 000 manat arasında dəyişir. “LANDAU School”-da 2026–2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I–IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. 5–7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8–9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10–11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır.
Xəzər Universiteti Dünya Məktəbində I–IV siniflər (PYP, ingilis bölməsi) – 9 500 manat; V–IX siniflər (MYP, ingilis bölməsi) – 11 000 manat; X–XI siniflər (IB Diplom Proqramı) – məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.
“Bakı Oxford” Məktəbində 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000–17 500 manat, orta siniflərdə isə 18 000–19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500–22 700 manat arasında dəyişir. Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat arasında dəyişir.
Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I–VI siniflər 20 000 manat, VII–XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır. Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000–17 500 manat arasında dəyişir.
“SABIS SUN International School”-da 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206–17 000 manat arasında dəyişir. Bakı Modern Təhsil Kompleksində də 13.000-18,000 arası qiymətlər dəyişir.
Bəs adı çəkilən təhsil ocaqları lazımı səviyyədə bilik verirmi? Bu qiymətlər nə dərəcədə ədalətlidir? Dövlət özəl məktəblərdə təhsil haqqına müdaxilə edə bilərmi? Axı onlar da vergi ödəyir, real iqtisadi vəziyyət var...
Təhsil eksperti Məzahir Məmmədli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Azərbaycanda özəl və dövlət təhsil sisteminin nəticələri demək olar ki, bərabərdir. Biz bunu ali təhsil müəssisələrinə qəbulun nəticələrində görürük. Sadəcə olaraq özəl məktəblərin bir qədər üstünlükləri onunla bağlıdır ki, orada qidalanma ilə bağlı əlavə xərclər, repetitor hazırlığına getmək kimi hallar az müşahidə olunur. Düzdür, özəl məktəblərdə də var, amma bu bir qədər azdır”.
Məzahir Məmmədli özəl liseylərdə təhsil haqlarının həddindən artıq yüksək olmasına da diqqət çəkib: “Bəzi özəl liseylərdə illik təhsil haqları Azərbaycan ailələrinin büdcəsinə, maddi imkanlarına uyğun olmayan səviyyədədir. Hətta elə özəl liseylər var ki, illik ödəniş 50 min manata qədər yüksəlir. Maraqlıdır, bu qədər yüksək ödəniş tələb edən məktəblər hansı istiqamətdə məzunlar yetişdirir, onların təhsil nəticələri nədir? Bu məsələlər təhlil olunmalı, araşdırılmalıdır. Təəssüf ki, bəzi hallarda cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, kim daha bahalı təhsil təklif edirsə, deməli, onun təhsili də daha keyfiyyətlidir. Mən bu cür yanaşmaya və reklama inananlara təəssüf edirəm.
Çünki özəl liseylərin əksəriyyətində tədris proqramları, dil bilikləri və mənimsəmə bacarıqlarına dair tələblər, ümumilikdə, bir-birinə yaxındır. Məsələn, IB, SAT, TOEFL və IELTS imtahanlarına hazırlıq proqramları demək olar ki, əksər özəl liseylərdə mövcuddur. Bu baxımdan, əldə olunan nəticələr də bir-birindən ciddi şəkildə fərqlənmir. Mən düşünmürəm ki, illik təhsil haqqı 50 min manat olan məktəb digər özəl liseylərdən hansısa xüsusi göstəricisinə görə mütləq fərqlənir. Elə liseylərimiz var ki, onların illik təhsil haqları 5-7 min manatdan başlayır, yuxarı siniflərdə isə müəyyən artımlarla 10 min manata çatır. Mən 50 min manatlıq təhsil haqqı tələb edən məktəblərin xüsusi reklamını aparmaq, onların piarını etmək niyyətində deyiləm”.
Ekspert dövlət məktəbləri ilə müqayisədə özəl liseylərin bir sıra üstünlüklərinin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bunlara ilk növbədə intizam qaydalarına daha ciddi yanaşılması, şagirdlərə fərdi diqqətin artırılması və qidalanma məsələsinə xüsusi önəm verilməsi daxildir: “Özəl liseylərin dövlət məktəblərindən fərqi ilk növbədə intizam məsələsində, şagirdlərə göstərilən diqqətdə və qidalanma rasionuna yanaşmada özünü göstərir. Bəzi özəl liseylərlə tanışlığım, həmin müəssisələrlə müəyyən əlaqələrim var. Onların mətbəxindən də xəbərdaram. Qidalanma səviyyəsi yüksəkdir. Bunlar özəl məktəblərin müəyyən üstünlükləridir. Məhz bu səbəbdən orta gəlirli bəzi valideynlər övladlarını belə liseylərə etibar edirlər. Amma hesab etmirəm ki, təhsil haqqı artdıqca təhsilin keyfiyyəti də yüksəlir. Əslində, bu, belə deyil”.
Ekspert əlavə edib ki, özəl məktəblərdə yüksək təhsil haqqı keyfiyyətin avtomatik göstəricisi hesab edilə bilməz: “Məktəblərin fəaliyyəti və məzunlarının nəticələri ödəniş məbləğindən asılı olmayaraq obyektiv şəkildə qiymətləndirilməlidir”.

